Daha bir siyasi məhbus aclıq aksiyasına başlayıb

Daha bir siyasi məhbus aclıq aksiyasına başlayıb

29-07-2019 15:43 / Bu xəbər 1825 dəfə oxundu

Avqustun 7-də Əliabbas Rüstəmovun şikayətinə Ali Məhkəmədə baxılacaq.

Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı hüquqşünas Əliabbas Rüstəmov saxlanıldığı cəzaçəkmə müəssisəsində iyulun 25-dən aclığa başlayıb.

Bu haqda məlumatı Əliabbas Rüstəmov özü telefonla jurnalistlər Şahvələd Çobanoğlu və Vidadi Məmmədova bildirib. Vəkillərinin yanına gələ bilməməsinə görə Əliabbas Rüstəmov aclıq aksiyasını yalnız indi ictimailəşdirə bilib.

Bu barədə "Meydan.tv" məlumat yayıb.

Əliabbas Rüstəmov qanunsuz həbs edildiyini və girov saxlanıldığını, həbs olunanadək ona qarşı açılan cinayət işinin saxta olmasını sübut edən sənədlərin olduğunu deyib.

Bu ilin mart ayında cəzasının çox hissəsinin keçməsi ilə əlaqədar olaraq azad edilməsi ilə bağlı şikayəti təmin edilməyib.

Əliabbas Rüstəmov saxlanıldığı cəzaçəkmə müəssisəsinin keçmiş rəhbərliyinin onun barəsində saxta sənəd tərtib etdiyini deyib. Həmin sənədə görə Ədliyyə Nazirliyi yanında ictimai komissiya onun vaxtından əvvəl azad olunmaması barədə rəy verib. Əliabbas Rüstəmovun vəkili Cavad Cavadlı məhkəməyə bildirib ki, komissiya məhbusun özü ilə görüşmədən belə rəy verə bilməz. Məhkəmədən sonra komissiyanın üzvü Səadət Bənanyarlı bildirib ki, həqiqətən də, onlar heç vaxt Əliabbas Rüstəmovun məsələsinə baxmayıblar və deyilən rəyi verməyiblər.

Avqustun 7-də eyni şikayətə Ali Məhkəmədə baxılacaq. Əliabbas Rüstəmov saxtakarlığa son qoyulmasını və azadlığa buraxılmasını tələb edir. Əliabbas Rüstəmov yerli və beynəlxalq hüquq müdafiəçilərini, Azərbaycan ictimaiyyətini onun məsələsini diqqətdə saxlamağa çağırıb.

Əliabbas Rüstəmovun digər vəkili Elçin Sadıqov iyulun 30-da onunla görüşə gedəcəyinə bildirib. Vəkil Ə.Rüstəmovun aclıq aksiyası keçirməsindən xəbərsiz olduğunu bildirib.

Əliabbas Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

2017-ci ilin iyulunda Ali Məhkəmə Əliabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.

Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.