Daha bir vəkilin fərdi fəaliyyətinə xitam verilib

Daha bir vəkilin fərdi fəaliyyətinə xitam verilib

18-07-2019 20:00 / Bu xəbər 278 dəfə oxundu

"Fərdi vəkil institutu qanunda qalmasına baxmayaraq, bu hüquqdan məni məhrum edirlər''

Vəkillər Kollegiyası vəkil Aqil Layıcın fərdi vəkil fəaliyyətinə xitam verib və onun xahişi olmadan 20 saylı Vəkil Burosuna vəkil təyin edib.

Bu barədə vəkil Aqil Layıc "Facebook” səhifəsində məlumat paylaşıb.

Vəkil yazıb ki, dünən Vəkillər Kollegiyasının iclasına dəvət alsa da, üzrlü səbəbdən qatıla bilməyib:

"Bu gün eşitdim ki, mənim fərdi vəkil kimi fəaliyyətimə xitam verilib və məni iradəm, xahişim olmadan 20 saylı Vəkil Burosuna vəkil təyin edibər”.

Aqil Layıc hesab edir ki, vəkillik fəaliyyətini tənzimləyən qanunda fərdi vəkilliyin ləğv edilməsinin hüquqi əsası yoxdur. Fərdi vəkilin digər buroya təhkim olunması ancaq onun vəsatəti əsasında ola bilərdi:

"Lakin mənim belə bir xahişim, vəsatətim olmayıb. Nəticə olaraq mənim statusumun dəyişdirilməsi qanuna ziddir və hüquqi əsası yoxdur. Müvafiq qanunvericiliyin 5-ci maddəsinə əsasən vəkillik fəaliyyəti fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının (hüquq məsləhətxanaları, vəkil büroları, vəkil firmaları və s.) tərkibində həyata keçirilə bilər. Vəkillik fəaliyyətinin təşkilati-hüquqi forması vəkillər tərəfindən könüllü olaraq seçilir”.

Aqil Layıc bildirib ki, seçim imkanı verilmədən onu harasa təhkim etmək, vəkillərin müstəqilliyi institutuna ziddir: "Hər il onlarla insana pulsuz hüquqi yardım etmişəm və bu hüquqi yardım əsasən də faktiki olaraq məhkəmələrdə uğurla nəticələnib. Belə olan tərzdə fərdi vəkil statusumun alınması ən çox da hüquqi yardıma çatımlılığı və effektliyi yox edəcəkdir. İndiyə qədər bir dəfə də olsun hər hansı bir vətəndaş, mənim fəaliyyətimlə bağlı Kollegiyaya şikayət etməyib. Ona görə də vəkilliyin adını yüksək tutduğum qənaətindəyəm və mənə qarşı olan bu qərarı dəstəkləmirəm. Təsəvvür edin ki, fərdi vəkil institutu qanunda qalmasına baxmayaraq, bu hüquqdan məni məhrum edirlər”.

İyulun 16-da Vəkillər Kollegiyası vəkil Elçin Sadıqov barəsinə analoji qərar verib. E.Sadıqov bu qərara etiraz etsə də, kollegiyanın sədri Anar Bağırov Meydan TV-yə deyib ki, vəkillər üzərlərinə düşən öhdəlikiləri və fərdi vəkil kimi vəzifələrini yerinə yetirməyibsə, qanun pozuntusuna yol veribsə, deməli, fərdi vəkil kimi özünü doğrultmur. Həm də Elçin Sadıqov rayonda yox, Bakıda işləyir, adı orda gedir, bunu hamı bilir.

Meydan.tv