Daha iki jurnalist "Abzas Media" işi ilə bağlı polisə çağırıldı
24-11-2023 01:45 / Bu xəbər 1034 dəfə oxundu
Onların şahid qismində dindiriləcəyi gözlənilir
Jurnalistlər Mina Əlyarlı və Elnarə Qasımova "Abzas Media"nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızına qarşı açılan cinayət işi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar.
Onların istintaqa şahid qismində çağırıldığı bildirilir.
Eyni işlə bağlı ötən gün jurnalistlər Sahilə Aslanova və Nərgiz Absalamova da BŞBPİ-yə çağırılmışdılar.
Bundan başqa, "Abzas Media"nın direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva da noyabrın 24-də BŞBPİ-yə çağırılıb.
Onun da Ülvi Həsənli və "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızına qarşı açılan cinayət işi ilə bağlı şahid qismində çağrıldığı ehtimal edilir.
Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.
Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə saat 2 radələrində ölkəyə qayıdarkən Bakıdakı hava limanında təyyarə yerə enən kimi saxlanılıb.
Noyabrın 20-də "AbzasMedia”nın ofisində və Ülvi Həsənlinin evində, Sevinc Vaqifqızı saxlandıqdan dərhal sonra isə gecə saat 3 radələrində onun yaşadığı mənzildə axtarış aparılıb.
Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.
Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.
Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızı onlara qarşı irəli sürülən ittihamın absurd olduğunu, "AbzasMedia”nın fəaliyyətinə, konkret olaraq, korrupsiya araşdırmalarına görə həbs olunduqlarını bildiriblər.
Noyabrın 21-də Xətai Rayon Məhkəməsinin qərarı ilə "Abzas Media"nın direktoru Ülvi Həsənliyə 4 ay, baş redaktoru Sevinc Vaqifqızına isə 3 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri verilib.
Onlar Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.
Ülvi Həsənli və Sevinc Vaqifqızı ittihamları qəbul etmir, həbslərinin korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirir.
Noyabrın 23-də isə "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 27 gün həbs qətimkan tədbiri seçilib.
O da Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur.