Dahi Nizaminin hörmətsiz edilən büstü

Dahi Nizaminin hörmətsiz edilən büstü

11-05-2020 20:47 / Bu xəbər 1507 dəfə oxundu

"Təhsil naziri Ceyhun Bayramov, əlac sizədir..."

Telejurnalist Şöhrət Əli Nizami Gəncəvinin Biləsuvar rayonundakı büstü ilə bağlı Təhsil naziri Ceyhun Bayramova müraciət edib.

Həmin müraciəti təqdim edirik: 

"Sosial şəbəkdə (Feysbuk) Biləsuvarın İsmətli kəndində yaşayan gənc bir müəllimin statusu və yerləşdirdiyi şəkil diqqətimi çəkdi. 

Uzun-uzadı nəsə yazmağa ehtiyac duymadım. Status müəllifi zatən bir cümlə və şəkillə hər şeyə aydınlıq gətirib. Ona görə birbaşa mətləbə keçirəm.

Əvvəl gənc müəllimin yazdığı statusu oxuyun və yerləşdirdiyi şəklə baxın. Biləsuvarın İsmətli kəndində yaşayan gənc müəllim Ziya Ziyadov: "Nizami Gəncəvinin Biləsuvarda, İsmətlidəki baxımsız büstü. Təmir olunub məktəb qarşısında yerləşdirilsə, gözəl olar”.

Mənim diqqətimi nə cəlb elədi?!

Təbii ki, dahi Nizaminin büstünün bu vəziyyətdə olması acınacaqlıdır və biabırçılıqdır. Ən pisi isə bu büstü bərpa edib məktəbin qarşısında yerləşdirimək üçün müraciət edəcək ünvanımız hələlik yoxdur. 

Başı onun-bunun pulunu, malını oğurlamağa qarışmış Biləsuvarın icra başcısı həbsdə, Mədəniyyət Nazirliyinin rəhbərliyinin bir qismi içəridə, digər qismi də… 

Buna görə Biləsuvardan olan gənc müəllimin bu təşəbbüsünə cavab verəcək şəxslər tapmaq müşkül məsələdir. Yeni müdirlər, başçılar… gözləmək lazım gələcək.

Ona görə gənc müəllimin bu təşəbbüsünə diqqət yönəldərək başqa bir təkliflə çıxış etmək qərarına gəldim. Aidiyyəti olmasa da, Təhsil nazirli Ceyhun Bayramov bu təşəbbüsə qoşulsa, necə olar?

Dahi Nizaminin büstünü bərpa edib kənd məktəbinin qarşısında yerləşdirsə, hamımız təşəkkür edərik…"