Dalandan çıxış

Dalandan çıxış

09-06-2022 01:43 / Bu xəbər 891 dəfə oxundu

Natiq Cəfərli
REAL Partiyası

1991-ci ildə müstəqilliyini bəyan eləyəndə Ermənistanın 3 milyon 633 min 301 nəfər əhalisi olub. 2011-ci ildə əhalinin sayı 3 milyon 215 min 299 nəfərə, 2021-ci ildə 2 milyon 964 min 55 nəfərə düşüb. 30 ildə əhali 669 min 246 nəfər azalıb.

2022-ci ilin yanvar-aprel aylarında Ermənistanda 10665 nəfər (ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz az) doğulub, 10701 nəfər ölüb. Yəni təbii azalma davam edir.

Keçən il Ermənistandan 42 min nəfər birdəfəlik köçüb. Bu ilin dörd ayında köç azalsa da, dayanmır, ölkəni hər ay 1500-2000 nəfərə yaxın insan birdəfəlik tərk edir.

Bu gün Ermənistanda Moskvaya bağlı, sülhə qarşı çıxan dəstələr mitinq-yürüşlərlə, aranı qatmaqla, xaos yaratmaqla "revanşdan” danışır, 2020-ci il müharibəsinin nəticələrini tanımaq istəmirlər. 

Hansı günlərinə revanşdan danışırlar? Demoqrafik böhran qapıda, iqtisadi və sosial vəziyyət ağırlaşır, Rusiyadan asılılıq faciəvi dərəcədə yüksək – yeganə yol sülh, əmin-amanlıq, sərhədlərin açılması və regional ticarətin canlanmasıdır.

Dünyada gedən trend onu göstərir ki, Ermənistanın Qərbə inteqrasiyasının alternativi qalmayacaq, Qərbə gedən iqtisadi, siyasi, hətta coğrafi yol isə Azərbaycan və Türkiyədən keçir – bunu anlamaq o qədər də çətin deyil, deməli, Ermənistanın dövlət kimi yaşamaq şansı ancaq sülhdən, qonşularla normal münasibətlərdən asılıdır.

Məncə, Ermənistan əhalisinin böyük əksəriyyəti bunu anlayır, ona görə də Kremlin bütün təhriklərinə, dəstəyinə baxmayaraq küçələrə çıxanlar çox deyil, hətta etirazlar sönərək bitməyə doğru gedir. 

İnanmaq istəyirsən ki, Ermənistan əhalisi sonda revanşistləri siyasi səhnədən tamamən silib sülhə doğru addımlayanlara dəstək olacaq…