Dağlıq Qarabağla bağlı üçtərəfli işçi qrupu yaradılır

Dağlıq Qarabağla bağlı üçtərəfli işçi qrupu yaradılır

11-01-2021 22:36 / Bu xəbər 114 dəfə oxundu

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat yaydı

Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri Moskva görüşü ilə bağlı ortaq bəyanat yayıb.

Bəyanatda deyilir ki, üç ölkənin baş nazir müavinləri tərəfindən həmsədr olduğu üçtərəfli İşçi Qrupunun yaradılması təklifi dəstəklənir.

Bəyanatda deyilir:

"- İşçi qrupu ilk iclasını 30 yanvar 2021-ci il tarixinədək keçirəcək və nəticəsinə əsasən əsas iş sahələrinin siyahısını təşkil edəcək, dəmir yolu və avtomobil kommunikasiyalarını prioritet kimi müəyyənləşdirəcəkdir.

- Fəaliyyətin əsas istiqamətlərini həyata keçirmək üçün İşçi Qrupunun həmsədrləri bu sahələr üzrə Tərəflərin səlahiyyətli orqanlarının və təşkilatlarının vəzifəli şəxsləri arasından ekspert alt qruplarının tərkibini təsdiqləyəcəklər.

- İşçi Qrup, 1 Mart 2021-ci il tarixinədək Azərbaycan və Ermənistan ərazisindən beynəlxalq nəqliyyatın təhlükəsizliyinin təşkili, həmçinin tranzit üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və inşası ilə bağlı tədbirlərin siyahısı və cədvəlini Tərəflər tərəfindən ən yüksək səviyyədə təsdiq üçün təqdim edəcəkdir”.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib. 

Görüşdə Dağlıq Qarabağ məsələsinin müzakirə olunduğu deyilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Həmin il Dağlıq Qarabağ muxtar vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını elan edib.

1992-1993-cü illərdə silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona birləşən yeddi rayon üzərində nəzarəti itirib.

1992-ci ildən üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır.

Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanmasını israr edib, Ermənistan isə qondarma respublikanın maraqlarını dəstəkləyib.

2020-c il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunları arasında növbəti hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bundan başqa, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.///Meydan.tv