Daşınmaz əmlak bazarında nə baş verir? - AÇIQLAMA

Daşınmaz əmlak bazarında nə baş verir?   - AÇIQLAMA

03-01-2015 13:17 / Bu xəbər 1471 dəfə oxundu

“İnflyasiyanın səviyyəsi ilin sonuna kimi orta hesabla 15 faiz proqnozlaşdırılır. 

Əgər bu məntiqlə yanaşsaq, belə çıxır ki, daşınmaz əmlakın manat ifadəsində real dəyəri ilin sonuna kimi 15 faiz artmalıdır. Bu cür hesablamanı düzgün hesab etmək olmaz. Çünki hazırda bazarda qiymətləri formalaşdıran digər amillər də var”.

Bunu Arqument.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Əliyev bildirib. 

Onun fikrincə, hazırda daşınmaz əmlak bazarındakı satıcılar devalvasiya nəticəsində manatın dəyərdən düşməsini kompensasiya etməyə çalışırlar. 

“Bunun üçün onlar müxtəlif kombinasiyalardan istifadə edirlər. Bahalı mənzil satanlar isə qiyməti daha az bahalaşdırırlar. Hətta bazarda elə mənzillər də var ki, ümumiyyətlə, qiyməti dəyişməyib”. 

Manatın devalvasiyasından sonra daşınmaz əmlak bazarına diqqət xeyli artıb. Bu diqqət özünü daha çox qiymətlərin qeyri-müəyyən olmasında göstərir. Məsələyə aydınlıq gətirən ekspert yaxın vaxtlarda real alğı-satqı əməliyyatlarının sayında artma gözlənilmədiyini deyib: 

“Araşdırmalarımız göstərir ki, alıcı qismində çıxış edənlərin əksəriyyəti əlində külli miqdarda manat olan şəxslərdir. Onlar mənzili almaqla manatın dəyərdən düşməsini sığortalamaq istəyirlər. Ancaq hələ ki real tələbdən söhbət getmir. Çünki onların mənzillərin qiyməti ilə maraqlanması qəti qərara gəlmələri demək deyil. Əldəki vəsaiti qorumaq üçün 10-15 faiz bahalaşmış mənzilin alınmasını anlamaq olar, ancaq 25-35 faiz bahalaşmış mənzilin alınması anlaşılan deyil. Bazarda panika azaldıqca alıcılar artıq daha məntiqli addımlar atmağa başlayacaqlar. Hər şey manatın gələcək devalvasiya gözləntilərindən asılı olacaq”. 

R.Əliyevin fikrincə, daşınmaz əmlak bazarında ilin sonuna kimi qiymətlər azala bilər: 

“Dollarla ifadə olunan qiymətlərin 10–25 faiz arasında enməsi gözlənilir. Ən çox ucuzlaşma likvidliyi aşağı olan obyektlərdə olacaq. Gözlənilməz hadisələr baş verməzsə,  manatla ifadə olunan qiymətlərdə 11–27 faiz artım proqnozlaşdırılır. Ən çox artım yüksək likvidliyə malik əmlaklar üzrə olacaq”.

Lakin bazarda orta qiymətlərin proqnozlardan fərqli olması da istisna edilmir. Bu, əsasən,  3 amildən - neftin qiyməti, bank sektorunun vəziyyəti və manatın gələcək məzənnəsindən asılı olaraq dəyişə bilər.

“Neftin qiyməti ilin sonuna kimi 80-100 dollar intervalına qayıtsa, qiymətlər həm manat, həm də dollar ifadəsində qalxmağa başlayacaq. Bank sektorunun ümumi sabitliyi də qiymətlərə təsir edəcək. Çünki bank depozitləri investisiya aləti kimi daşınmaz əmlakın ən əsas rəqibidir. Bank sektorundakı vəziyyətin pisləşməsi nəinki depozitlərin investisiya cəlbediciliyini azalda bilər, həm də milyardlarla manatın oradan daşınmaz əmlak bazarına gəlməsini təmin edə bilər. Bununla yanaşı hesab edirik ki, bank sektorundakı durumun nəzarətdən çıxmasını proqnozlaşdırmırıq. Manatın məzənnəsinin sabitliyi də mühüm məsələdir. Yumşaq devalvasiya gözləntilərinin mövcudluğu bazarda manatla ifadə olunmuş qiymətlərin artımına səbəb ola bilər, ancaq dollar ifadəsində olan qiymətlərə ciddi təsir göstərə bilməyəcək”.

Fərqanə