Davranış formulu

Davranış formulu

04-10-2021 17:29 / Bu xəbər 1729 dəfə oxundu

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Birinci Qarabağ savaşında Rusiyanın hərtərəfli dəstəyi ilə torpaqlarımızı işğal edən Ermənistan və erməni xalqı psixoloji üstünlük də qazanmışdı. Azərbaycanda özünəinam zədələnmiş, xalqın siyasi proseslərdə iştirak həvəsi getdikcə azalmağa başlamışdı (təbii ki, burada siyasi partiyaların mənfi, uğursuzluqlarla dolu keçdikləri yol da ciddi rol oynamışdı). Məğlub xalq sindromu içimizə hopmuş, uduzmuş xalqı idarə etmək getdikcə asanlaşmış, Qarabağ məğlubiyyətinin ağrı-acısı hər sahədə davranış kodlarımıza təsir etməyə başlamışdı.

Son 14 ildə müxtəlif ölkələrdə beynəlxalq konfranslara qatılmışam. Həmişə qonşularımızı birinci Qarabağ savaşındakı müvəqqəti uğurun ədası ilə gördüm. Hər tədbirdə onlar sülhdən danışır, kənardan daha sivil təsir bağışlayırdılar. Onlar "sülh” deyib artistlik etdikcə biz işğalın davamının fəsadlarını göstərməyə çalışırdıq, elə bir təəssürat yaranırdı ki, biz müharibə tərəfdarlarıyıq.

Uzun illər Ermənistan bu "hekayəni” dünyaya uğurla "sata” bilirdi. İndi tam tərsi yaranıb – biz daha çox sülhdən, regional əməkdaşlıqdan, dostluqdan danışmalıyıq, danışırıq da, amma indi onlar kənardan müharibə tərəfdarları kimi görünürlər. Bu taktikanı daha da inkişaf etdirməli, cəmiyyətdə ağrılı mövzular açmaqdan da çəkinməməliyik. Xankəndində yaşayan ermənilərə kommunal xidmətləri gələcəkdə bizim təmin edəcəyimizi yazmışdım, bir qrup hökumət yönlü və özlərini onlara əks göstərməyə çalışanlar üstümə söyüşlə gəldilər.

44 günlük Vətən savaşı, ikinci Qarabağ müharibəsi möhtəşəm hərbi qələbə ilə başa çatıb. Əsgərimizin bilək gücü və qurulan ittifaqlar bizə hərbi qələbə bəxş edib. Məntiqlə nə baş verməlidir – bütün cəmiyyət, əsas da özlərini bu sistemə müxalif sayan təşkilatlar hərbi qələbəni hakimiyyətdən daha çox tərifləməli, xalqın qələbəsi olduğunu hər addımda göstərməli, xalqın özünəinamının qayıtmasında öncül rol almalıdır ki, qalib xalq davranışı və düşüncəsi yaransın. Qalib xalq davranış kodları siyasi aktivliyə gətirib çıxaracaq. Qalib xalq özünə mer, deputat, prezident seçməyə can atacaq, daha yaxşı yaşam tələb edəcək.

Amma biz nə görürük? Özünü müxalif elan bir qrup hərbi qələbənin önəmini azaltmağa, xalqa ruh düşkünlüyü aşılamağa çalışır: "Əliyev ölkəni satdı, Putinə bağışladı”, "Torpağı ermənidən alıb rusa verdik, daha heç vaxt rus burdan çıxmayacaq”…

Bunu siyasi mübarizə kimi təqdim edirlər. Ancaq tam tərs effekt yaradırlar – xalqın özünə güvənini zədələyirlər, ona heç nəyin dəyişməyəcəyini aşılayırlar, xəyal qırıqlığı təbliğ edirlər.

Xalq qalib xalqdır, xalq müzəffər xalqdır, xalqımız öz oğullarının canı, qanı bahasına qəddini düzəldib, başını dik tutmağa nail olub və indi qalib xalq kimi daxili problemlərin həllində də aktiv olmalıdır. Təbliğat bu yöndə aparılmalı halda 30 ildir rejimin, sistemin möhkəmlənməsinə xidmət edən yanaşmanı davam etdirirlər.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.