“Dediyim hər sözün üstündə dururam” - Oqtay Gülalıyev

“Dediyim hər sözün üstündə dururam” - Oqtay Gülalıyev

07-05-2016 23:28 / Bu xəbər 3392 dəfə oxundu

Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının aprelin 30-da keçirilən iclası həm bu koalisiyanın daxilində, həm də Milli Şurada qalmaqala səbəb olub. Xüsusən Milli Şuranın üzvü Mehriban Vəzir bu qurumdan çıxarıldıqdan sonra məsələ mətbuatın gündəminə gəlib.  İki gün əvvəl Mehriban Vəzir bu məsələ ilə bağlı "Basta”ya müsahibəsində Oqtay Gülalıyevin Milli Şuranın qapalı qrupda yazdıqlarını açıqlayıb və buna görə Şəffaflıq Koalisiyasının koordinatoru Əlməmməd Nuriyevdən izahat istəyib. Mehriban Vəzirin dedikləri ilə razılaşmayan Oqtay Gülalıyev qarşı tərəf olaraq "Basta”da onun fikirlərinə yer ayırmağımızı istədi. Oqtay Gülalıyevlə müsahibəni təqdim edirik: 

– Oqtay bəy, Mehriban Vəzirin dediyi hansı fikirlə razı deyilsiz?

– Əvvəla, qeyd edim ki, mən bu mövzuda indiyədək hər hansı mətbuat orqanında danışmamışam. Koalisiyanın daxilində olan məsələlərin mətbuatda müzakirəsinin tərəfdarı deyiləm. Sadəcə son günlər, bizim susqunluğumuzdan istifadə edən bəzi dostlar mətbuatda, ictimaiyyətdə çaşqınlıq yaradan bəzi açıqlamalarla çıxış ediblər.  Ona görə də mən istəyirəm ki, bəzi məsələlərə aydınlıq gətirim.

Bu baxımdan, ilk olaraq sizin sayt vasitəsilə öz fikirlərimi bildirmək istəyirəm. Çünki "Basta”da Mehriban xanımın bəzi fikirləri dərc olunmuşdu. Əvvəla onu  deyim ki, Mehriban xanımla həmişə xoş münasibətlərimiz olub və bunu həmişə qorumağa çalışmışam. Amma onun sizin sayta verdiyi müsahibədə xeyli qeyri-dəqiq məlumatlar var.

Əvvəla, Mehriban xanım bildirir ki, onun elektron poçtuna mənim tərəfimdən göndərilən məktub daxil olub. Bu, qəti belə deyil. Mən yalnız Milli Şura rəhbərliyinin daxili istifadəsi üçün yaradılan qapalı qrupda status yazmışam. Status e-mail məktubu deyil, əvvəlcə bunun fərqini araşdırmalıdırlar…

 – Üzr istəyirəm, Mehriban Vəzir bizə müsahibəsində deyib ki, "Seçkinin sabahı Milli Şuranın fb şəbəkəsində Oqtay Gülalıyevin bir yazısına rast gəldim”…

– Mehriban xanım deyib ki, mənə məktub göndərib. İkincisi, Mehriban xanım deyir mən hesabatın üstünü açmışam. Status – hesabat deyil. Hesabat tam başqa anlayışdır. Mən heç kimə hesabat verməmişəm, sadəcə fikirlərimi bildirmişəm. Və bildirdiyim fikirlərin üstündə dayanıram. Baxmayaraq ki, həmin fikirlər qapalı qrupda deyilib, baxmayaraq ki, həmin fikirlərin kənara çıxarılması yolverilməz idi, mən yenə də həmin fikirlərin üstündə dururam, heç bir sözümdən də imtina etmirəm.

Açığı, Mehriban xanımın bu hərəkəti bizə çox pis təsir elədi. Əgər Mehriban xanım həqiqətən həmin statusdan narahat idisə, o, dərhal həmin qapalı qrupdakı statusa öz münasibətini yaza bilərdi, mənə irad tuta bilərdi və s… Amma o, bunların heç birini etmədən həmin statusun şəklini çəkib, mətbuat orqanlarına göndərmiş, həmin statusu Əlməmməd Nuriyevə göndərmiş və ondan izahat tələb etmişdir.

– Sizin təmsil olunduğunuz təşkilatın adında şəffaflıq sözü var. Deyirsiniz ki, dediyim sözlərin arxasında dururam. Mehriban Vəzir sizin dediyiniz və bu gün də arxasında durduğunuz fikirləri ictimailəşdiribsə, buna görə ondan narazı olmağınız nə dərəcədə məntiqlidir?   

– Bilirsiniz, bizim koalisiyanın məqsədi mədən sənayesində əldə olunan gəlirlərin şəffalığıdır. Qapalı qruplarda yazılan satusları ictimailəşdirmək isə tamam başqa bir şeydir.  Hər halda iznsiz ictimailəşməməli idi. Şəxsən mən qapalı qruplarda yazılan fikirlərin ictimailəşdirilməsi ilə, hazırda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılın evinə video yerləşdirib, sonra bunu ictimailəşdirmək arasında fərq görmürəm. İcazə alınmalıdır, mən bunu ictimailəşdirimmi? Yaxud səmimisənsə, iradını bildirməlisən, bundan sonra onu ictimailəşdirmək haqqında düşünməlisən. Axı sən bunların heç birisini keçməmisən.

 Hansısa statusun paylaşmasına görə Mehriban Vəzirin Milli Şuradan uzaqlaşdırılması nə dərəcədə demokratikdir?

– Mehriban Xanım  Milli Şuradan mənim təklifimlə uzaqlaşdırılmayıb.

– Kim vermişdi təklifi?

– Bunun önəmi yoxdur.

– Əli Kərimli vermişdi?

– Yox. Mehriban xanım Milli Şuranın əsasnaməsinə və onun prinsiplərinə zidd siyasətinə görə Milli Şuradan çıxarılıb. Mehriban xanımın etdiyi, yumşaq desək, qeyri-etik hərəkətdir. Biz bunu ondan gözləmirdik. Amma o, bu addımları atdı. Niyə atdı? Mehriban xanım Koalisiya Şurasına namizəd olub və uğur qazana bilməyib. Davasını döyür ki, niyə mütəxəssislər seçilmədi, qeyri-mütəxəssislər seçildi. Əslində isə məhz mütəxəssislər və vətəndaş cəmiyyətinin müstəqil nümayəndələri seçilib. Məgər Mehriban xanım bu sahə üzrə mütəxəssisdir?

– Kimlər seçilib?

– Koalisiya Şurasına Qubad İbadoğlu, Akif Qurbanov, Əlməmməd Nuriyev, mən, İlham Hüseynli, Azər Rəsul, Azər Mehdiyev, Sabit Bağırov, Ruhəngiz Hüseynova, Məmmədhəsən Həsənov və Əlövsət Sadıxlı seçildilər.

– Bəs Monitorinq qrupuna?

– Monitorinq Qrupuna Fuad Həsənov, Çingiz Dadaşov, Səməd Hətəmov, Lətafət Məlikova və Hafiz Həsənov seçiliblər. Bundan əvvəlki dövrdə Mehriban Vəzir Şurada təmsil olunurdu, hansı meyarlara görə təmsil olunurdu?

– İctimailəşdirilən statusda yazmısız ki, hakimiyyətin pul ayırmasına baxmayaraq, Koalisiya Şurasına seçilənlərin 50 faizindən çoxu, Monitorinq Qrupunun isə üçdə ikisi bizim namizədlərdir. Kimləri nəzərdə tutursuz?

– Mən demişəm ki, bizim dəstəklədiyimiz namizədlər seçildi. Mən "biz” deyəndə, qətiyyən Milli Şuranı nəzərdə tutmamışam. Söhbət burada bizim layiq bildiyimiz namizədlərdən gedir. Bu Azərbaycanda kifayət qədər tanınan və prinsipial mövqeyi olan, hakimiyyətdən asılı olmayan insanlardır.

Seçkiyə qədər Milli Şuranın cəmi 5 üzvü Şəffaflıq Koalisiyasının üzvü olub. Bunlar kimlərdir: mənəm, Mehriban Vəzirdir, Məhəmməd Talıblıdır, Fuad Qəhrəmanlıdır, Cəmil Hacıyevdir.  Fuad Qəhrəmanlı həbsdədir, Milli Şuranın digər 4 nümayəndəsindən 3-ü namizəd olub, amma seçilə bilməyiblər.

Söhbət AXCP-nin nümayəndələrindən gedirsə, bu partiyanın Koalisiyada 4 üzvü var: Fuad Qəhrəmanlı, Asif Yusifli, Məhəmməd Talıblı və İlham Hüseyn. Onlardan ikisi həbsdədir, digər iki nəfərin hər ikisi namizəd olub, amma İlham Hüseyn seçilib, Məhəmməd Talıblı isə seçilməyib.  Əgər Milli Şuranın seçkini udmaq imkanı olsaydı, elə öz üzvlərini seçərdilər də.

– Milli Şuranın əsasnaməsində elə bir maddə varmı ki, daxili qrupda yazılan statusu paylaşmağa görə, təşkilatın üzvünü Milli Şuradan çıxarmaq olar?

– Əsasnamədə qeyd olunur ki, üzvlər təşkilatın prinsiplərini qorumağa məhsuldurlar. Həmçinin mənəvi-etik davranışa dair tələb var. Bu məsələ də daha çox mənəvi məsələ olduğu üçün onun üzərində çox dayanmaq istəmirəm.

– Mənəvi-etik məsələləri pozduğuna görə kimsə Milli Şuradan çıxarıla bilər? Kim müəyyənləşdirir bu pozuntunu, varmı elə bir maddə?

– Hal hazırda üzərimdə əsasnamə yoxdur, ona görə dəqiq nəsə deməyim reallıqdan uzaq olar. Amma hər bir təşkilatın mənəvi-etik prinsipləri pozduğuna görə, onun barəsində ölçü götürmək hüququ var. Bu Milli Şurada da var, başqa təşkilatlarda da.

– Neçənci maddədir?

– Ola bilər ki, sizdə bu əsasnamənin əvvəlki variantıdır. Amma sonradan Milli Şuraya yeni üzvlər qəbul olunub və əsasnaməyə əlavələr edilib, təkmilləşdirilib. Düzdür, mən dəqiq neçənci maddə olduğunu deyə bilmərəm, bu var.

– Hacıbaba Əzimov deyib ki, üzvlərin qəbulu və çıxarılması ilə bağlı qərarlar ancaq Milli Şuranın sessiyasında verilə bilər.

– Mən onun bu fikri ilə tanış oldum. Orada bu məsələ də müzakirə olundu. Bilirsiz necədi? Milli Şuranın sessiyalar arası dövründə onun fəaliyyətini icra orqanı olan Koordinasiya Mərkəzi həyata keçirir. İcra orqanında istənilən qərar qəbul oluna bilər, ona görə də mən burada bir əsasnamə pozuntusu olduğunu düşünmürəm.

– Yazmısız ki, hakimiyyət 400 000 manat pul xərcləməsinə baxmayaraq, seçkilərdə hər şey sizin istədiyiniz kimi olub. Söhbət hansı puldan gedir? Həmçinin yazmısız ki, hakimiyyətin bu koalisiyanı QHT-yə çevirmək planı baş tutmayıb.

– Bizdən əvvəlki tərkib Koalisiya Şurasının ayrıca QHT-yə çevrilməsi ilə bağlı təklif verib…

– Koalisiyanın üzvü Sahib Məmmədov yazmışdı ki, Neft Fondunun rəhbəri Şahmar Mövsumov bu təklifi Qubad İbadoğlu ilə razılaşdırıb…

– Mən kiminsə nəsə yazmasını şərh etmək istəmirəm, amma bilirəm ki, Şahmar Mövsumov Koalisiya Şurasının QHT kimi qeydiyyatdan keçməsilə bağlı təklif verib.

– Bəs 400 000 min manat hansı puldur? 

– Ora gələcəm. Əvvəla onu deyim ki, mən statusda yazdığım bütün məsələləri koalisiyanın ümumi yığıncağında da səsləndirmişəm. Mən danmıram ki, bu ümumi yığıncaq hakimiyyətin maliyyə və siyasi dəstəyi ilə keçirilib. Tədbirin keçirilməsi üçün pul hökümət tərəfindən ayrılıb və tədbir onların loqosu altında keçirilib.

Əgər bizim dostlarımız səmimidirlərsə, qoy bir məsləni də araşdırsınlar: Necə olur ki, tədbirin rəyasət heyətində hökumət komissiyasının nümayəndələri əyləşir, səfirlər əyləşir, amma Qubad İbadoğlunun orada əyləşməsinə imkan verilmir?..

– Eyni məntiqlə belə bir sual da çıxır ki, necə ola bilər ki, hakimiyyətin maliyyəsi və siyasi dəstəyi ilə tədbir keçirilsin, seçki keçirilsin, amma bu seçkidə hakimiyyətin iradəsinə zidd olaraq, kimlərsə harasa seçilə bilsin?

– Mən bu sualınızı anlayışla qarşılayıram. Çox gözəl sualdır, çünki siz Azərbaycan reallığından çıxış edərək bu sualı verirsiniz. Amma mən sizi inandırım ki, buradakı seçkilər azad və demokratik olub. Nəticələr belə oldu. Bu gün danışanlar da məhz nəticələrdən narazı qaldıqları üçün belə danışırlar.

– Bəs 400 000 məsələsi?..

– Açığı, mən bu məsələyə aydınlıq gətirmək fikrində idim. Amma Mehriban xanımın da daxil olduğu qrup…

– Tək Mehriban xanım deyil, Əlmməmməd Nuriyev deyib ki, sizi məhkəməyə verə bilər…

– Bəli, onlar məni məhkəmə ilə, prokurorluqla, Korrupsiya İdarəsi ilə hədələyirlər. Mən bu hədə-qorxu dilini onlara yaraşdırmıram. Biz ən azı eyni koalisiyada təmsil olunuruq. Bir halda ki, məni məhkəmə ilə hədələyirlər, qoy versinlər məhkəməyə. Mən sözümü məhkəmədə deyərəm. Yox, əgər Koalisiya Şurasının üzvləri səmimi olaraq bu məsələdən narahatdırlarsa – həftənin birinci günü Koalisiya Şurasının yeni tərkibinin ilk iclası olacaq. Mən o iclasda narahatlıq doğururan məsələlərə aydınlıq gətirə bilərəm…

– Onları və dediyiniz təhdidi qoyaq bir kənara. Onlardan fərqli olaraq, biz təhdid etmirik, sadəcə oxucu marağını nəzərə alaraq sorushuruq ki, bu 400 000 məsələsi nə məsələdir?

– Mən hesab edirəm ki, koalisiya daxilindəki məsələlər kənara çıxmamalıdır. Daxildə müzakirə olunmalıdır.

– Bəs elədirsə, niyə koalisiya daxilindəki məsələni Milli Şuranın feysbukdakı qrupunda yazmışdınız?  

– O qrup Milli Şura rəhbərliyinin daxili istifadəsi üçün nəzərdə tutulan çox məhdud sayda olan bir qrupdur. Yazdıqlarım da Koalisiyanın məlumatlarını Milli Şuraya daşımaq məqsədilə olmayıb. Bu sadəcə  ümumi bir məlumat idi. Sizin soruşduğunuz isə detallı bir məsələdir ki, onların hədə-qorxuları fonunda bunu desəm, geri çəkilmək kimi qəbul olunar. Bunu etməyəcəm.

– Oqtay bəy, 2 il əvvəl bir sıra QHT rəhbərləri həbs olundu. O cümlədən Leyla Yunus, İntiqam Əliyev, Anar Məmmədli, Rəsul Cəfərov kimi QHT təmsilçiləri tutuldu. Hakimiyyət bu və digər inzibati üsullarla üçüncü sektoru nəzarətə götürdü. Dogrudanmı Azərbaycanda hələ o sayda müstəqil QHT qalıb ki, 140 nəfərin arasında keçirilən seçkidə hakimiyyətin iradəsinə zidd olaraq Koalisiya Şurasına seçilmək mümkün olsun? 

– Mən sizin o fikrinizə qatılıram ki, 2014-cü ildə Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalar başladı və bu repressiyalar bu gün də davam edir.  Təşkilat rəhbərləri tutuldu, bəzilərini didərgin saldılar, bəzilərinin hesablarına həbs qoydular. Mən razıyam. Amma bu o demək deyil ki, o insanların hamısı öz mövqeyindən geri çəkildi, yaxud satıldı. Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında kifayət qədər mövqeli insanlar, təşkilatlar var. Kifayət qədər təşkilatlar var ki, hökumət onların problemini həll etməyib. Çoxunu ələ ala bilməyib.

Bir çoxlarına verilən vədlər yerinə yetirilməyib. Bütün basqılara və repressiyala baxmayaraq Azərbaycanda öz mövqeyini qoruyan xeyli sayda QHT var və onların da bir hissəsi Şəffaflıq Koalisiyasında birləşib.

Mustafa Hacıbəyli, bastainfo.com