“Dəfnə gəlmişdik, ermənilər bizi görüb atəş açdılar” - FOTO

“Dəfnə gəlmişdik, ermənilər bizi görüb atəş açdılar” - FOTO

16-10-2020 14:27 / Bu xəbər 960 dəfə oxundu

Ötən gün Ermənistan silahlı qüvvələri Tərtərdə dəfn zamanı qəbiristanlığı atəşə tutub, nəticədə 4 mülki vətəndaşımız həlak olub, eyni sayda da yaralanıb.

"Qafqazinfo"nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yaralılardan 3-nün vəziyyəti qənaətbəxş, birinin durumu isə orta-ağırdır.

Yaralılar bildiriblər ki, düşmən bilərəkdən qəbiristanlığı hədəf alıb.

"Qəbiristanlığa dəfnə gəlmişdik, 8 nəfər idik. Ermənilər əvvəl bir mərmi atdı, onda meyiti qəbirə qoymuşduq, çıxa bilmədik. İkincini atanda yanımıza düşdü. Böyük qardaşım İskəndər, yeznəm, qohumum və qəbirqazan dünyasını dəyişdi", - deyə hadisə zamanı yaralanan Nofəl Əmirov bildirib.

"Xalam rəhmətə getmişdi, Yevlaxda yeznəsinin evində idi. Dəfn etmək üçün Tərtərə getdik. Hiss etdim ki, ermənilər bizi gördülər. Mərmi düşəndə elə bildim qolumu tulladı. Ətrafa baxdım ki, hamı yerə yıxılıb", - deyə Məmmədov Füzuli hadisə barədə danışarkən qeyd edib.

Hadisə zamanı xəsarət alan axund Rafael Qəzənfərli də ermənilərin qəsdən dinc əhalini hədəf aldığını qeyd edib: "Ordumuzla üz-üzə gələ bilmirlər, əliyalın insanları hədəf alırlar. Yetər ki, bizə qələbə qismət olsun".