Dekabrda növbəti devalvasiya gözlənilir: dollar 1 manat 50 qəpik olacaq
18-11-2015 12:32 / Bu xəbər 2403 dəfə oxundu
Milli valyuta olan manatın yenidən ucuzlaşacağı ehtimalları güclənir. Əksər ekspertlər ilin sonuna qədər növbəti devalvasiyanın olacağını bildirirlər.
İqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, bu ilin dekabrında 1 dollar 1,40-1,50 manata kimi bahalaşacaq. AzNews.az-a açıqlamasında ekspert qeyd edib ki, dolların dünya bazarlarında bahalaşmasının əsas səbəbi Federal Ehtiyat Fondunun uçot dərəcələrinin artırılma ehtimalından irəli gəlir. Ekspertin sözlərinə görə, Federal Ehtiyat Fondu artıq 2014-cü ilin sonundan açıqlama verib ki, 2015-ci ilə uçot dərəcəsini artıracaq: "Enerji bazarında və dünya iqtisadiyyatında baş verənlərin fonunda Ehtiyat Fondu bu qərarı qəbul etməkdə çətinlik çəkirdi. Bundan 10 ay keçməsinə baxmayaraq, hələ bu qərar qəbul edilməyib. Federal Ehtiyat Fondu öz siyası nüfuzunu qorumaq üçün mütləqdir ki, uçot dərəcələrinin artılması haqqında qərar versin. Ümumiyyətlə, bu kimi təhlillərin fonunda hazırkı investorlar gözləyir ki, dekabrda uçot dərəcələrinin artırılması haqda qərar veriləcək və dollar sürətlə bahalaşacaq. Bunun nəticəsində bu gün dollara olan tələbat sürətlə artıb”.
R.Həsənov hesab edir ki, bütün bunlar təbii ki, Azərbaycana da öz təsirini göstərir: "Dekabrın 18-nə kimi dolların qalxması daha böyük sürətlə davam edəcək. Ondan sonra Federal Ehtiyat Fondunun qərarından asılı olaraq, ola bilsin ki, Mərkəzi Bank addımlar atmaq məcburiyyətində qalsın. Fond uçot dərəcəsini artıracaqsa bir çox maliyyə qurumları, o cümlədən dolların bahalaşması davam edə bilər. Bu, Azərbaycan üçün təhlükə formalaşdıracaq”. Ekspertin fikrincə, neftin qiymətində də bahalaşma müşahidə edilməzsə, o zaman böyük ehtimalla Mərkəzi Bank 2016-cı ilin əvvəlində sərt qərarlar qəbul etməyə, yaxud da 2015-ci ilin fevral ayında baş verən devalvasiyaya bənzər bir prosesin olacağı ilə bağlı qərar verə bilər: "Manatın məzənnə siyasəti tətbiq olunarsa, bu zaman ilkin dövrlərdə 1 dollar 1,40-1.50-yə kimi bahalaşacaq. Sonrakı dövrlərdə isə 1,35 arasında stabilləşə bilər”.
Ekspert Samir Əliyev isə "Yeni Müsavat"a açıqlamasında bildirib ki, hökumət ehtiyatları qorumaq məcburiyyətində qalaraq, manata dəstəyi azaldacaq: "Dolların dünya bazarlarında möhkəmlənməsi Azərbaycanın maliyyə bazarına da təsirsiz ötüşməyib. Təkcə ötən həftə Mərkəzi Bankın dollar satışı 300 milyon dollardan çox olub. Bu, Mərkəzi Bankın sürətlə azalan valyuta ehtiyatları üçün arzuolunan deyil. Hazırda Mərkəzi Bankın ehtiyatlarının həcmi 6,8 milyard dollardır. Ötən ay, yəni oktyabrda azalma 180 milyon dollar olub. Son bir ildə isə 2 dəfədən çox itki olub. Yəqin ki, hökumət müəyyən həddə qədər ehtiyatların ”əriməsinə" imkan verəcək. Düşünürəm ki, bu hədd uzağı 5-6 milyard dollar civarında olacaq. Ondan sonra manatı saxlamağa maraq göstərməyəcək. Təsəvvür edin ki, bir il ərzində, 2014-cü ilin sentyabrından 2015-ci ilin sentyabrına qədər olan müddətdə ölkənin strateji valyuta ehtiyatları 20 faiz azalıb. Bu müddətdə ehtiyatlar 10,6 milyard dollar "əriyərək” 52,3 milyarddan 41,7 milyarda düşüb".
Ekspertin sözlərinə görə, əgər neftin qiyməti indiki səviyyədə qalarsa, bazarın liberallaşdırılması və islahatların aparılması sahəsində hökumət zəruri addımlar atmazsa, strateji valyuta ehtiyatımız ən yaxşı halda 4 il bəs edər: "Ona görə də hökumət ehtiyatları qorumaq məcburiyyətində qalaraq manata dəstəyi azaldacaq. Bunu devalvasiya da adlandıra bilərik. Hökumət hazırda devalvasiyaya getməyin yollarını axtarır. Bu, yumşaq da ola bilər, fevral ayında olduğu kimi, kəskin də. Təsadüfi deyil ki, hökumət üzən məzənnəyə keçmək niyyətini elan edib. Fikrimcə, Azərbaycanda yaxın dövrlərdə bu, mümkünsüzdür və hətta deyərdim ki, məsləhət deyil. Çünki onun fəsadları ağır ola bilər”.
Arqument.az












