Dələduzluqda ittiham olunan hakim: "Pulu nazir müavininə vermişəm"

Dələduzluqda ittiham olunan hakim:

29-09-2021 17:27 / Bu xəbər 2027 dəfə oxundu

Lətif Nəbiyev dələduzluqda ittiham olunur

Bakı Apelyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin keçmiş hakimi Lətif Nəbiyevin iş üzrə məhkəmə istintaqı başa çatıb.

Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Lətif Nəbiyevə qarşı irəli sürülmüş dələduzluq ittihamının məhkəmə istintaqı zamanı sübuta yetirildiyini deyən prokuror onun 9 il azadlıqdan məhrum edilməsini istəyib.

Keçmiş hakim haqqında cinayət təqibi davam etsə də, o, həbsdə deyil. Prokuror onun məhkəmə zalında həbs edilməsini təklif edib.

Daha sonra zərərçəkmiş qismində tanınan Rüstəm Abdullayev və Azad İbrahimov çıxış edərək onlara dəymiş ziyanın ödənilmədiyini bildiriblər. Onlar Lətif Nəbiyevə ağır cəza verilməsini istəyiblər.

Məhkəmə prosesi oktyabrın 6-da Lətif Nəbiyevin son sözü və vəkilinin çıxışıyla davam edəcək.

Lətif Nəbiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında iddia olunur ki, Lətif Nəbiyev tanışı Rüstəm Abdullayevdən Kürdəmirdə, İsmayıllıda birgə iş qurmaq adıyla 59 min 700 dollar, Azad İbrahimovdan isə Bakıda Bilgəh qəsəbəsində dəniz kənarında torpaq sahəsi almaq adıyla 247 min 500 dollar pul alaraq, onları aldadıb.

Sabiq hakim özünü təqsirli bilmir.

O, ifadəsində deyib ki, Azad İbrahimovdan alınan pul nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavin Əli Abdullayevə verilib.

Onun sözlərinə görə, həmin vaxt Əli Abdullayev Əmlak Məsələləri Dövlət Komitəsində işləyib.

Bir sıra siyasi motivli işlərdə, o cümlədən satirik Sakit Zahidovun (Mirzə Sakit) həbsində qərar vermiş Lətif Nəbiyev haqqında 2008-ci ildə Məhkəmə-Hüquq Şurası qərar çıxarıb.

O, statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verməkdə ittiham edilərək, səlahiyyətlərinə xitam verilib.

"Mən Türkiyədə olanda pul göndərdim ki, torpaq alsın. Buzovnada, Bilgəhdə dəniz kənarında torpaq alacaqdı. Lətif Nəbiyev qardaşımın bacanağıdır. Dəfələrlə onun özü ilə danışmışıq. Amma istintaqda deyir ki, guya pulu ona yox, rəhmətlik qardaşım Abbasa göndərmişəm. Amma yalan deyir. Aramızda telefon danışıqları var", - zərərçəkmiş Azad İbrahimov bildirib.

Meydan TV