Dəmirtaşa 42 il həbs cəzası: “Şərəfsizcə yaşamaqdansa, ölməyi üstün tuturuq”

Dəmirtaşa 42 il həbs cəzası: “Şərəfsizcə yaşamaqdansa, ölməyi üstün tuturuq”

17-05-2024 13:28 / Bu xəbər 693 dəfə oxundu

Figen Yüksekdağ 30 il, Ahmet Türk isə 10 il azadlıqdan məhrum edilib

Mayın 16-da Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşa hökm oxunub.

Bu barədə məlumatı Türkiyə mediası yayıb.

Məlumata görə, Ankara 22-ci Ağır Cəza Məhkəməsi Kobani hadisələrində təqsirləndirilən Səlahəddin Dəmirtaşı 42 il azadlıqdan məhrum edib: "Ondan başqa HDP-nin həmsədrləri Figen Yüksekdağ 30 il, Mardin Şəhər Bələdiyyəsinin sabiq sədri Ahmet Türk 10 il azadlıqdan məhrum edilib. Altan Tan, Ayhan Bilgen və Aysel Tuğluk isə bəraət alıblar”.

Səlahəddin Dəmirtaş hakimlərin qərarına etiraz edib və son sözündə bunları deyib: "Mən sizə qərarınızı üzümüzə oxumağı imkanı verməyəcəm. Qərarı özünüz-özünüzə oxuyacaqsınız. Həyat yoldaşıma, ailəmə, qızlarıma və bütün xalqıma vəsiyyətim odur ki, qərar elan olunanda onu rəqslərlə, şövqlə, nəğmələrlə qarşılamalısınız. Çünki biz bunu burada belə qarşılayacağıq. Bu məsələdə güzəştə getməkdən və şərəfsizcə yaşamaqdansa, ölməyi üstün tuturuq”.

2014-cü ildə Kobani hadisələri zamanı Diyarbəkirdə 31 nəfər, o cümlədən iki polis ölüb, 460 adam yaralanıb.

Bildirilir ki, hadisələrə görə şikayətçi qismində 2676 şəxs və qurum yer alıb.

Hadisə ilə bağlı 2019-cu ildə Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaş həbs edilib.