Demokrat rəsmilər və donorlar Harrisə dəstək ifadə edirlər
22-07-2024 21:38 / Bu xəbər 721 dəfə oxundu
ABŞ Prezidenti Co Baydenin seçki yarışından çəkilməsindən sonra çox sayda demokrat qanunvericilər, qubernatorlar və maliyyə donorları vitse-prezident Kamala Harrisə dəstəklərini ifadə etməkdədirlər.
Bayden seçkiyə qatılmayacağı haqda öz sürpriz açıqlamasının ardınca prezidentliyə namizəd olaraq Harrisə dəstək verdiyini bəyan edib.
59 yaşlı Kamala Harris dərhal nominasiya uğrunda mübarizə aparacağını bildirib.
"ActBlue" adlı Demokrat ianə-toplama platforması təkcə bazar günü ərzində Harris kampaniyasının $46.7 milyon dollar topladığını bildirib.
Bu, Baydenin öncəki həftələr ərzində, uğursuz debatının ardınca, toplanan ianələrin həcmi ilə təzad təşkil edir.
Bayden onu özünə vitse-prezident kimi tərəfdaş seçməzdən öncə Harris ABŞ Senatında Kaliforniya ştatını təmsil edib və 2020 prezidentliyə namizədlik uğrunda partiyadaxili seçkilərdə iştirak edib.
Harrisin rəy sorğularındakı reytinqləri Baydenin reytinqlərinə yaxındır, hərçənd ki, bəzi sorğular onun respublikaçı rəqib Donald Trampa qarşı yarışda Baydeni cüzi fərqlə önlədiyini göstərir.
Harris bazar günü verdiyi açıqlamada Baydenin seçkidən çəkilmə qərarının onun "Amerika xalqını və ölkəmizi hər şeydən uca tutuduğunu” göstərdiyini bildirib: "Mən Demokrat Partiyasını birləşdirmək – xalqı birləşdirmək və Donald Trampı məğlub etmək üçün əlimdən gələni edəcəyəm. Seçki gününə 107 gün qalır. Birlikdə biz savaşacağıq. Birlikdə biz qalib gələcəyik".
Son olaylara reaksiya verən Tramp həm Baydeni, həm də Harrisi tənqid edib.
"Əyri Co prezidentliyə yaramırdı və qətiyyən yaramır – Heç vaxt da olmayıb!” Tramp sosial mediada yazıb.
O əlavə edib ki, Harris elə Bayden qədər pisdir.
"Harrisi məğlub etmək Co Baydeni məğlub etməkdən asan olardı”, - Tramp CNN-ə bildirib.
Əgər Demokrat Partiyası rəsmən Kamala Harrisin prezidentliyə namizədliyini irəli sürsə, onda Harris ABŞ-ın 248 illik tarixində ilk qara qadın və Cənubi Asiya əsilli namizəd olacaq.