Ödəniş və informasiya terminalları niyə işləmir?

Ödəniş və informasiya terminalları niyə işləmir?

15-12-2019 01:03 / Bu xəbər 1389 dəfə oxundu

Bakının bəzi ərazilərində sərnişinlər ödəniş və informasiya terminallarından istifadə zamanı çətinlik çəkirlər. 

Bunu sərnişinlərdən paytaxt sakini İradə Damədli  Toplum.Tv-yə bildirib.

Onun sözlərinə görə, terminallar fəaliyyətində tez-tez problemlər müşahidə olunur: "Terminallar bir gün işləyir, bir gün işləmir. Harasa gedəndə məcbur bir-bir yaxınlıqda yerləşən terminalları gəzməli oluram ki, karta pul yükləyim. Məcburən öncədən metroda karta  pul vurmalı oluram. Terminallara güvənmək olmur”. 

Səməd Vurğun küçəsində yerləşən "Bakı kart” və "MilliÖn” terminallarında da tez-tez problemlər yaranır. 

Terminallar ya kağız pulları, qəpikləri qəbul etmir, ya da ümumiyyətlə, işləmir. 

Hazırda dayanacaqların bəzilərində informasiya terminalları da yararsız haldadır: "Bunlardan bəziləri  işləmir, işləyənlərinin də yalnız monitorı yanır, məlumat isə əldə etmək olmur". 

"MilliÖn” şəbəkəsinin müştəri xidmətindən bildirdilər ki, terminallara mütəmadi olaraq, hər 24 saatdan bir baxış keçirilir. 

Problemlər isə bir sıra hallarda sərnişinlərin yararsız pulları terminala daxil etməsinə görə yaranır. 

Yaranan problemlərlə bağlı istifadəçilərin "Qaynar xətt”ə məlumat verməsi tövsiyə olunur. Belə olduğu halda ödənişin edilib-edilməməsi yoxlanılır, əgər istifadəçi haqqlıdırsa, məbləğ ona geri qaytarılır. Həmçinin terminalda problem varsa, bu tez zamanda aradan qaldırılır. 

İnformasiya terminallarının işləməməsi ilə bağlı Toplum.TV Bakı Nəqliyyat Agentliyinin (BNA) "Qaynar xətti”nə də müraciət edib. 

BNA-dan aldığımız məlumata görə, Avtobus İnformasiya terminalları 2011-ci ildə Nəqliyyat Nazirliyi tərəfindən quraşdırılıb: "Sistemdə müəyyən problemlərin olmasından xəbərdarıq. Amma onların yenilənməsi ilə bağlı məlumat hələ ki verilməyib”. 

Arzu Çinarlı 
Toplum.Tv