Dənizdə partlayış olub
05-07-2021 02:46 / Bu xəbər 1686 dəfə oxundu
İyulun 4-də saat təxminən 21.50-də Xəzər dənizində partlayış olub.
Alov və partlayış səsi Bakıda aydın eşidilib.
Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, Salyan, Lənkəran və digər bölgələrdən də alov görünüb.
Bakı sakinləri şəhər bulvarından alovu müşahidə ediblər.
Dənizin üzərində helikopterlər görünür.
SOCAR partlayışla bağlı açıqlama yayıb.
"SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir”, - bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov özünün feysbukdakı səhifəsində bildirib.
"Əlavə məlumat olarsa, ictimaiyyəti məlumatlandıracağıq”, - deyə o vurğulayıb.
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı "Feysbuk" hesabında yazıb: "Mənə verilən məlumatda deyilir ki, yanan "Ümid" yatağının öyrənilməsi üçün qazılmış köhnə kəşfiyyat quyusudur. Belə ki, adətən, kəşfiyyat quyusu qazıldıqdan sonra ağzı sementlənərək bağlanır. Vaxtıykən baş verən səhlənkarlıq, sementin keyfiyyətsiz, yaxud az olması nəticəsində illər sonra həmin quyudan sızmalar olur, təzyiq güclü olduqda isə yanğına çevrilə bilir. Ölən, yaralanan yoxdur".












