Deputat: “20 il nazir işləyənin 1-2 villası olmasın?”

Deputat: “20 il nazir işləyənin 1-2 villası olmasın?”

10-01-2019 19:41 / Bu xəbər 2368 dəfə oxundu

Deputat Rüfət Quliyev həbsdə olan və 13 gündür ki, aclıq aksiyası keçirən bloger Mehman Hüseynovla bağlı müzakirələrə münasibət bildirib.

R. Quliyev big.az-a bildirib ki, Mehman məmurların villasını çəkməzdən öncə onların sahiblərindən icazə almalı idi: "Xoşunuza gələrmi evinizin şəkilini çəkib xəbər saytlarında və sosial şəbəkələrdə yaysınlar? Əlbəttə, evini çəkdiyin insanın icazəsini almalısan. Bu barədə hətta qanun da var. Məni çəkmək üçün icazən olmalıdır. Paparazzilik nə deməkdir? Cavan oğlandır. Nəsə bacarır ki, o həddə gətirib çıxartdı. Hər bloger o həddə qalxa bilmir. Mənim şəxsi həyatımdan şəkil çəkib sayta qoyursan ki, flankəsin bu əmlakı var. Tutaq ki, var. Nə olsun. Get, çək, göstər ki, fermer necə gözəl məhsul yetişdirir. Verməzlər axı. Çünki maraqlı deyil". 

"Yazırlar ki, eks nazirin filan villası var. Olacaq da, 20 ildir nazir işləyir. Yəni o, bir-iki villalıq pul qazanmayıb? Böyük məmurların pul qazanması bəyəm yalnız Azərbaycandadır? Bu, dövlətin işinə və siyasətinə qarışmaq deməkdir. Ola bilər ki, mənim fikrim bəzilərinə pis təsir edəcək. Düzdür, bacarıqlıdır. Amma bacarığını yanlış istiqamətə istifadə etdi. Elə blogerlər var ki, bölgələrdən gözəl görüntülər çəkir. Turist cəlb edirlər. Mən hesab edirəm ki, onun hərəkəti qeyri-qanuni idi. Bu paparazzilik bizə Avropadan gəlib. Amma bu gün onlar bundan əziyyət çəkirlər”, - deputat bildirib. 

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. 

O, polisə ağır cinayət ittihamı ilə böhtan atmaqda təqsirli bilinib.

2018-ci il dekabrın 26-da ona yeni cinayət işi açılıb. Penitensiar Xidmətin rəsmi məlumatına görə, həmin gün 14 saylı Cəzaçəkmə Müəssisəsində aparılan axtarış-baxış tədbirləri zamanı Mehman Hüseynov müəssisənin rejim-nəzarət şöbəsinin böyük inspektoru Əli Abdalovun qanuni tələblərinə tabe olmayaraq ona zor tətbiq edib, fiziki müqavimət göstərərək bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. 

Rəsmi məlumatda qeyd olunur ki, Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işinə başlanıb. 

Bu maddə 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Hazırda Bakı İstintaq Təcridxanasında saxlanan bloqçu bir müddət aclıq aksiyası keçirib.