Deputat: “Bahalaşma belimizi qırır”

Deputat: “Bahalaşma belimizi qırır”

23-11-2021 16:06 / Bu xəbər 265 dəfə oxundu

"Ötən iclasdakı çıxışıma görə spikerdən və xalqdan üzr istəyirəm”

"Xalqımız soruşur ki, nəyə görə xaricdə enerji daşıyıcılarının və digər məhsulların qiyməti bizdəkindən ucuzdur? Çıxın, qiymət artımları ilə bağlı xalqa izahat verin. Bahalaşma belimizi qırır”.

Deputat Tahir Kərimli Milli Məclisdə büdcə müzakirələri zamanı belə deyib.

O, çıxışı zamanı işsizlik probleminə də toxunub: "İqtisad Universitetində xüsusi istedadlı 30 tələbə universiteti bitirib, lakin onların heç biri ölkədə qalmayıb. Yeni iqtisadi siyasət formulunun yolu tapılmayıb. Bu işsizlik məsələsinin üstündə durmaq lazımdır”.

Tahir Kərimli parlamentin ötən dəfə keçirilən iclasında Milli Məclisin avtomobil parkının yenilənməsi ilə bağlı çıxışına görə spiker Sahibə Qafarovadan və xalqdan üzr istəyib.

Deputat Tahir Kərimli
Deputat Tahir Kərimli, Foto: Paralel.az

Onun Milli Məclisin avtoparkının yenilənməsini təklif etməsi spiker Sahibə Qafarovanın narazılığına səbəb olmuşdu.

O, çıxışında yanlış məlumatlara əsaslandığını deyib: "Məlum oldu ki, sürücülərin maaşı kəsilməyib. Onlar üçün hətta kurs da təşkil edilib. Sənədlərdə gördüm ki, Milli Məclisdə xeyli sayda insan yüksək vəzifələrə çəkilib. Bir neçə adama COVID-19-la bağlı 500 manat yardım edilib”.

"Xüsusilə Milli Məclis rəhbərliyinin fəaliyyəti göz qabağındadır. Mən onun xaricilərlə bir neçə dildə necə danışdığının şahidi olmuşam. İndiki dövrdə mənzil məsələsini qaldırmağım düzgün deyildi. Ona görə dönə-dönə Milli Məclis sədrindən və xalqdan üzr istəyirəm. Mən hesab edirəm ki, cəzamız qınaqlarla verilib”, – deyə deputat bildirib.

Spiker Sahibə Qafarova isə deputata növbəti dəfə yanlış, təsdiqini tapmayan məlumatlarla Milli Məclisdə diskussiya aparmamağı təklif edib.

"Ölkə oliqarx nazirin fəaliyyəti ilə deyil, qanunlarla idarə edilməlidir”

Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, uğursuz qiymət siyasəti, bahalaşma, rüşvətxorluq Azərbaycanın uğurlarına kölgə salmamalıdır:


Foto: Meydan TV

"Ölkə oliqarx nazirin fəaliyyəti ilə deyil, qanunlarla idarə edilməlidir. Bu gün işsizlik, kommunal xərclərin artması, müxtəlif cərimələr, rüsumlar insanları narahat edir. Elə ailə var ki, qazı ödəməyə pulu çatmır. Hökumət qələbədən sonra gördüyü işlərə diqqəti artırmalıdır. Xalqın sosial rifahı da yaxşılaşdırılmalıdır”.

Deputat pensiyaların kəsilməsi ilə bağlı şikayətlərə də toxunub: "Pensiyalar kəsilir, kommunal xərclər maaşları üstələyir. Bu məsələlərə baxılmalıdır”.

"Bütün strukturlarda kütləvi ixtisarlar gedir”

Deputat Məlahət İbrahimqızı çıxışı zamanı deyib ki, bütün strukturlarda kütləvi ixtisarlar gedir: "Bütün strukturlarda kütləvi ixtisarlar gedir, yüzlərlə insan işsiz qalır. Biz başa düşürük ki, islahatlar getməlidir, amma ixtisarların kütləvi hal almasına yol vermək olmaz”.

"Xocalı və Xankəndinə pul ayrılmalıdır”
 

Deputat Fazi Mustafa isə çıxışında Xocalı və Xankəndinə pul ayrılmasını təklif edib: "Hər iki şəhərlə bağlı məsələ büdcədə əks edilməlidir. Bunun xalqımız üçün həm siyasi, həm də ümidverici əsasları var”.

Materialın hazırlanmasında "modern.az" saytının xəbərlərindən də istifadə olunub.