Deputat: “Rüsum və cərimələr ikiqat artıb”

Deputat: “Rüsum və cərimələr ikiqat artıb”

24-11-2021 17:27 / Bu xəbər 235 dəfə oxundu

Komitə sədri: "Rüsumlarda ikiqat artım yoxdur”

Sabir Rüstəmxanlı "Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklərə etirazını bildirib.

Deputat Milli Məclisin noyabrın 24-də keçirilən plenar iclasında çıxışı zamanı rüsumların 50-60 faiz artmasının ehtiyac meyarına, yaşayış minimumuna uyğun gəlib-gəlmədiyini, vətəndaşın bunu ödəməyə gücünün çatıb-çatmayacağıı araşdırmaq lazım olduğünu bildirib: "Azərbaycan cəmiyyətini narahat edən məsələ rüsum və cərimə ilə bağlıdır. Hamısı arta-arta gedir. İkiqat artımın camaatın maaşına uyğun gəlib-gəlmədiyini araşdırmaq lazımdır. Məsələn, evdən maşınla çıxırsan, axşam qayıdanda görürsən ki, 60 manat cəriməyə düşmüsən. Ödəmək yaddan çıxır, bir də görürsən ki, əlavə dəbbə pulu hesablanıb”.

"Biz nəyə səs veririk, sabah camaat bunun öhdəsindən necə gələcək? Maskanı unudub küçəyə çıxanı cərimə edirlər. Məlumat verilməlidir ki, büdcə millətə verdiyinin nə qədərini cərimə və rüsumlar vasitəsilə qaytarır? Camaatın ciddi bir hissəsinin əsəbləri ilə oynayırıq. Bunun qarşısında cavab verməliyik”, – deputat bildirib.

Parlamentin komitə sədri Tahir Mirkişili deputata cavab olaraq deyib ki, rüsumlarda ikiqat artım yoxdur: "Bəzilərində 20,30, 50 faiz rüsum nəzərdə tutulub. Elə rüsumlar var ki, tez -tez rast gəlinməyən rüsumlardır. Məsələn, pasport, sürücülük vəsiqəsi”.

"Cərimə ona görə müəyyən olunur ki, siz qaydanı pozmayasınız. Bunun fəlsəfəsi pul yığılması deyil. Ancaq dəbbə pulunun hesablanması ilə bağlı bizə də şikayətlər daxil olur. Bunu araşdıracağıq”, – deyə komitə sədri bildirib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 1 noyabr tarixində keçirilən plenar iclasında Dövlət rüsumu haqqında” Qanun layihəsinə dəyişiklik edilməsi tövsiyə olunub.

"Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklərdə bəzi dövlət rüsumlarının məbləğinin artacağı bildirilir. Eyni zamanda, yeni dövlət rüsumlarının da müəyyən ediləcəyi xəbər verilir.