Deputatın adı keçən milyonlarla dələduzluq işi üzrə hökm verildi

Deputatın adı keçən milyonlarla dələduzluq işi üzrə hökm verildi

24-09-2024 01:49 / Bu xəbər 604 dəfə oxundu

Vəkil apelyasiya şikayəti verəcək

Milli Məclisin deputatı, 30 ildən artıq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına rəhbərlik edən Səttar Möhbalıyevin adı keçən dələduzluqla bağlı məhkəmə başa çatıb. 

Bu cinayət işində Həmkarlar İttifaqının balansında olan stadionların satılması, müxtəlif adamların aldadılaraq, pullarının ələ keçirilməsi və milyonlarla vəsaitin mənimsənilməsindən bəhs olunur. 

Söhbət həm də Bakının Yasamal rayonu, "İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən "Məhsul” stadionunun ərazisinin Bakıda bina tikintisi ilə məşğul olan sahibkarlara satılması adıyla onların aldadılmasından gedir.

Bu cinayət işi üzrə iki nəfər məsuliyyətə cəlb olunub – Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və stadionun – "Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənov. 

Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4. 312-ci (rüşvət verməyə təhrik) maddələrilə ittiham irəli sürülüb.

Nadir Əliyev və Alik Həsənova qarşı ittihamda göstərilib ki, ayrı-ayrı sahibkarlar stadionun ərazisində bina tikmək üçün həmin ərazini almaq istəyiblər. Bu cinayət işində 5 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Həbib Zülfüqarov, Rauf İsmayılov, Yusif Vəlixanov, Dadaş Umbatov və Elçin Rüstəmovdur.

Məsələn, zərərçəkmişlərdən Rauf İsmayılov və Yusif Vəlixanovdan "Məhsul” stadionunu satmaq adıyla 900 min manat beh alınıb. Onlarla danışılıb ki, stadion ərazisi 5.5 milyona satılacaq. Bu məbləğin bir hissəsi nağd pul şəklində, qalanı isə tikiləcək binadan bir neçə mənzillə ödəniləcək. Sahibkarlar aldadıldıqlarını biləndə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Bundan sonra 900 min manatın 100 mini qaytarılıb.

Digər zərərçəkmiş Dadaş Umbatov ona 360 min manat ziyan dəydiyini bildirib və pulunun ödənilməsi tələbilə məhkəmədə mülki iddia qaldırıb.

Zərərçəkmiş Elçin Rüstəmovu məhkəmədə təmsil edən vəkil Aslan İsmayılov indiyədək bir neçə dəfə vəsatət qaldırıb ki, Səttar Möhbalıyev məhkəməyə çağırılıb dindirilsin. Lakin məhkəmə hər dəfə vəsatəti rədd edib.

Aslan İsmayılovun sözlərinə görə, deputat Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabeliyində olan müxtəlif stadionların qanunsuz satılmasına rəhbərlik edir. 

Vəkil vurğulayıb ki, Göygöldə, Gəncədə stadionlar sənəd üzərində cüzi məbləğ göstərilməklə qanunsuz satılıb.

Aslan İsmayılov xatırladıb ki, təqsirləndirilən şəxslərdən Nadir Əliyev istintaq zamanı ifadəsində də bu işlərə Səttar Möhbalıyevin rəhbərlik etdiyini deyib. Lakin məhkəmədə fərqli ifadə verib. 

O, həmin ifadəsindən imtina edib. Buna baxmayaraq, məhkəmə prosesində Nadir Əliyevin səs yazısı ortaya çıxıb və orada da o, Səttar Möhbalıyevin bu işin içində olduğunu bildirir: "Nadir Əliyev səs yazısında açıq şəkildə deyir ki, bu işin başında dayanan Səttar Möhbalıyevdir. Özü də etiraf edir ki, səs onundur. Amma dediklərini danmaq istəyir ki, guya montajdır. Hamı da bilir ki, montaj deyil. Nadir Əliyevin məhkəmədə bu cür davranışı Səttar Möhbalıyevin ona vəd verməsinin nəticəsidir”.

Aslan İsmayılov əlavə edib ki, istintaq zamanı da Səttar Möhbalıyevin çağırılıb dindirilməsi barədə vəsatət qaldırıb. Lakin prokurorluq vəsatəti təmin etməyib: "Prokurorluq adamı çağırıb dindirmədən, məsələni özündən soruşmadan Səttar Möhbalıyev haqqında cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarıb”.

Nadir Əliyev özünü təqsirli bilmir. O iddia edir ki, sahibkarları Alik Həsənov aldadıb, onun isə yaşananlardan xəbəri olmayıb.

Alik Həsənov isə əksinə, bu işdə özünün sadəcə, icraçı, vasitəçi olduğunu bildirir. Onun sözlərinə görə, stadionun direktoru olsa da, rəhbər kimi, Nadir Əliyevdən asılı idi, onun göstərişlərini yerinə yetirirdi.

Zərərçəkmiş sahibkarlar da məhkəmədə bildiriblər ki, onlar Alik Həsənovla yanaşı, Nadir Əliyevlə də danışıqlar aparıblar. Yəni onun baş verənlərdən xəbərsiz olması haqda iddiaları doğru deyil.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyilə il yarıma yaxın davam edən məhkəmə prosesinin yekunu olaraq, sentyabrın 23-də hökm oxunub. Hökmə əsasən, hər iki təqsirləndirilən şəxsin üzərindən rüşvətə təhrik ittihamı götürülüb. 

Həmçinin hər ikisinə münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cəzanın minimum həddindən daha aşağı cəza təyin etmə) maddəsi tətbiq olunub. Onlara ittiham verilən 178.4 maddəsində cəza 10 ildən başlasa da, hər ikisinə 7 il cəza verilib. Lakin Nadir Əliyevin cəzası şərti sayılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Alik Həsənov isə həbsdə saxlanılıb.

Bu cür hökm isə Alik Həsənovun da, zərərçəkmişlərin də, onların nümayəndəsi Aslan İsmayılovun da etirazına səbəb olub.

Vəkil jurnalistlərə bildirib ki, hökmdən apelyasiya şikayəti verəcək. Aslan İsmayılov deyir ki, Nadir Əliyevin zərərçəkmişlərə dəyən ziyanı ödəmədiyi halda, həbsdən buraxılmasına heç bir ad vermək olmur: "Açıq-aşkar görünür ki, Səttar Möhbalıyevin adını çəkməməsinin əvəzində onu xilas elədilər. Zərərçəkmişlərin mənafeyini düşünən olmadı. Bu gün baş verənlərdən sonra heç kim mənə "Azərbaycanda ədalət, qanun var” deməsin. Ədalət var, ancaq varlılar, rüşvət verməyi və almağı bacaranlar üçün…”.

Səttar Möhbalıyevin adı bir neçə il əvvəl Qarabağ əlili Zaur Həsənovun intiharında hallanırdı. Deputat tərəfindən əmlakının əlindən alındığını iddia edən Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandırmış, xəstəxanaya çatdırılsa da, orada vəfat etmişdi.(Meydan TV)