Deputatın oğlu milyonluq anbarı dövlət agentliyinə icarəyə verib
19-08-2021 15:14 / Bu xəbər 1494 dəfə oxundu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tender müsabiqəsi keçirib.
Agentlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb.
Müqavilənin dəyəri 1 mln. 176 min manatdır.
Məlumatı Dövlət satınalmalarının vahid internet portalı yayıb.
Bildirilib ki, tender müsabiqəsinin qalibi fərdi sahibkar Cavanşir Orxan Cavanşirdir (VÖEN – 1404799542).
Sahibkar "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”nə 1 il müddətinə ofis və anbar kompleksi icarəyə verəcək.
1994-cü il doğumlu Cavanşir Orxan Cavanşirin millət vəkili Cavanşir Feyziyevin oğlu olduğu bildirilir.
İqtisadçı Natiq Cəfərli deyir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildi fəaliyyətə başlayıb, pilot layihələr edib. Ancaq bununla bağlı heç vaxt ictimaiyyətə normal məlumatlar yaymayıb: "Fəaliyyəti ilə bağlı ciddi suallar var, əlçatan xidmət məsələsi axsayır, hələ bir nəfər tanımıram ki, Agentlikdən razılıq etsin. İndi də məlum olur ki, Agentlik Buzovna qəsəbəsində 1 illiyə ofis və anbar icarəyə götürüb - müqavilənin dəyəri 1 mln. 176 min manatdır. Agentlik obyekti ayı 98 min manata icarəyə götürüb, özü də Buzovnada”.
İqtisadçı bildirir ki, məsələnin maraqlı tərəfi həmin obyektin sahibinin gənc Orxan Feyziyev olmasıdır: "Ola bilər çox bacarıqlı, təhsilli biridir, amma bir məsələ var ki, Orxan bəy deputat Cavanşir Feyziyevin oğludur”.
Natiq Cəfərli deyir ki, bu da Azərbaycan fenomenidir - bütün məmur, deputat, nazir uşaqları doğuşdan bacarıqlı biznesmen olurlar, həmişə tenderlər udurlar, bu "sirri" İsveçrə alimləri də çözə bilməyib: "Qeyd olunan ofis və anbar kompleksinin icarəsi üçün "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” Cavanşir Orxana 1 milyon 176 min manat ödəyəcək”.
Meydan TV məsələyə münasibət öyrənmək üçün deputat Cavanşir Feyziyevlə əlaqə saxlamağa çalışıb.
Telefona cavab verən köməkçisi görüşdə olduğunu, 2 saat sonra cavab verəcəyini bildirib. Daha sonra isə zənglərə cavab verməyib.
Cavanşir Əyyub oğlu Feyziyev Milli Məclisə keçirilən 3 çağırışda ard-arda Şəki bölgəsindən deputat seçilib.
O, parlamentin mədəniyyət komitəsi və beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.