Deputatın qudası nazir müavininin adından dələduzluqda ittiham olunur
17-05-2024 13:49 / Bu xəbər 905 dəfə oxundu
Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədr müavini 11 nəfərə qarşı dələduzluq ittihamıyla mühakimə edilir
Meydan TV xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədr müavini, professor Raya Nəcəfova 11 nəfərə qarşı dələduzluqda ittiham olunur.
Eyni zamanda, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçisi olan Raya Nəcəfova onları müxtəlif nazirliklərdə, dövlət komitələrində işə düzəltmək adıyla aldadıb, pullarını ələ keçirməkdə təqsirləndirilir.
Əvvəllər Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru olmuş 1964-cü il təvəllüdlü Raya Nəcəfovaya qarşı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 (qulluq mövqeyindən istifadə etməkdə təkrar dələduzluq), 29,178 (dələduzluğa cəhd) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələrilə ittiham irəli sürülüb.
İttihama əsasən, Raya Nəcəfova adamları aldadarkən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin adından istifadə edib.
Bu nazirliyə işə düzəlmək istəyən şəxslərə özünü nazir müavininin köməkçisi kimi təqdim edərək, bu adla onlarla danışıb, mesajlar göndərib.
Firdovsi Əliyev həmin dövrdə nazir müavini vəzifəsində olsa da, təxminən 7 aydır ki, Samux Rayon İcra Hakimiyyətinin başçısıdır. O, 2023-cü il oktyabrın 25-də bu vəzifəyə təyin edilib.
Raya Nəcəfova zərərçəkmişlərdən Pərvanə Qayıbova, Pərvanə Nəcəfova və digərlərinin Baş Prokurorluğa şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində onun haqqında cinayət işi başlanıb. Bu ilin fevralından isə onun işinə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyilə baxılır.
İstintaq və məhkəmə dövrü üçün Raya Nəcəfovanın barəsində həbs qətimkan tədbiri seçilməyib. Lakin zərərçəkmişlərin bir neçəsi məhkəmədə bildirib ki, onun həbs olunmasını və əməllərinə görə cəza almasını istəyir.
İttihama əsasən, Raya Nəcəfova zərərçəkmişləri Müdafiə Sənayesi Nazirliyi, Elmlər Akademiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınlar və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi də daxil olmaqla, müxtəlif dövlət orqanlarına işə düzəltmək adıyla aldadıb.
Zərərçəkmiş 11 nəfər bunlardır: Aynur Niftəliyeva, Natəvan Allahverdiyeva, Arzu Fəttahova, Əmin Hacıməmmədov, Ceyran İsayeva, Tural Yusifov, Gülər Musayeva, Sevinc Qayıbova, Pərvanə Nəcəfova, Lətafət Qurbanova və Vəli Səfərov.
Sevinc Qayıbova ifadəsində bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini bitirib.
Onun sözlərinə görə, Raya Nəcəfovanı tələbə yoldaşı Fərzanə vasitəsilə tanıyıb.
Raya Nəcəfova ona yaxşı əlaqələri olduğunu, 16 min manata Müdafiə Sənayesi Nazirliyinə, yaxud da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işə düzələ biləcəyini deyib: "2022-ci ilin noyabrında Elmlər Akademiyasının binasının həyətində görüşdük. Məni Elmlər Akademiyasının binasının 4-cü mərtəbəsində kabinetinə apardı. Dedi ki, bu nazirliklərdə yüksək vəzifələrdə çalışan adamları var. Məndən diplomumu, şəxsiyyət vəsiqəmi, dövlət qulluğu ilə bağlı sertifikatı istədi. Bu sənədlərin hamısının surətlərini verdim. Valideynlərimə dedim, anam bankdan kredit götürdü. Raya Nəcəfova mənə bank kartının şəklini atdı, 8 min köçürdüm. Məbləği 16 mindən 12 minə saldı. Qalan 4 mini aparıb kabinetində verdim. Mənə demişdi ki, 40 gün ərzində Müdafiə Sənayesi Nazirliyinə əmrim veriləcək.
Bir müddət keçdi, özünü Xanlar müəllim kimi təqdim eləyən bir nəfər zəng elədi. Dedi ki, Müdafiə Sənayesi Nazirliyi alınmır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə düzəldəcək. Vaxt keçdi, gördüm ki, düzəlmir. Pulumu tələb elədim”.
Sevinc Qayıbova onu da əlavə edib ki, Raya Nəcəfova əvvəl puldan 6400 manat qaytarıb. Prokurorluğa şikayətindən sonra isə bir neçə dəfəyə qalan 5600 manatı da ödənilib.
Sevinc Qayıbovanın ifadəsində bəhs etdiyi Xanlar Nəsirov bir neçə il öncə liseynziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olub. O da şahid qismində dindirilib, Raya Nəcəfova ilə üzləşdirilib. Çünki Raya Nəcəfova ifadəsində bildirib ki, Sevinc Qayıbovanın aldadılmasında özünün heç bir təqsiri yoxdur, buna görə Xanlar Nəsirov məsuliyyət daşıyır. Çünki pulu ona verib.
Xanlar Nəsirov isə bildirir ki, Raya Nəcəfova yalan danışır. Onun sözlərinə görə, günlərin birində Raya Nəcəfova ondan Sevinc Qayıbovaya zəng etməsini xahiş eləyib: "Raya mənə dedi ki, Sevinc adlı qohumu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə düzəldəcəyəm. İş uzanır, o da narahatdır. Məndən xahiş elədi ki, zəng eləyim, işin tezliklə düzələcəyini deyim, qız da sakitləşsin. Mən də onun xahişi ilə danışdım, tezliklə işin düzələcəyini dedim. Raya yalan deyir, nə mən pul almışam, nə də pul qaytarmışam. Əksinə, Raya mənim adımdan istifadə eləyib, adamlara yalan vədlər verib”.
Bir neçə nəfər başqa şahidlər də bənzər ifadələr verərək bildiriblər ki, Raya Nəcəfova onlardan da müxtəlif adamlarla əlaqə saxlayıb, işin tezliklə düzələcəyi barədə danışmalarını xahiş edib.
Raya Nəcəfova özü isə zərərçəkmişlərdən bəziləri ilə nazir müavininin köməkçisi adı ilə danışıb. Bununla bağlı səs yazıları, mesajlar da iş materiallarına əlavə olunub. Lakin Raya Nəcəfova özünü təqsirli bilmir. O bildirib ki, müxtəlif tanışları ondan müəyyən adamlarla danışıb, vaxt almasını xahiş ediblər. O da kömək eləmək üçün razılaşıb. Onun sözlərinə görə, heç kimə qarşı dələduzluq etməyib, işə düzəltmək adıyla aldatmayıb.
Dələduzluqda təqsirləndirilən professorun məhkəməsi mayın 30-da davam edəcək.
Raya Nəcəfova deputat Ülvi Quliyevin qudasıdır.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən göndərilən məktubdan sonra Raya Nəcəfova Azərbaycan Milli Elmlər Akademiyasında Azad Həmkarlar İttifaqının sədr müavini vəzifəsindən azad edilib. Lakin onun öz ərizəsi ilə işdən çıxdığı rəsmiləşdirilib.
Neft-Kimya Prosesləri İnstitutundakı vəzifəsində isə qalır. Bu institut əvvəllər Elmlər Akademiyasının tabeliyində olub. Son iki ildə isə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.