Deputatlığa namizəd Konstitusiya Məhkəməsinə müraciət etdi

Deputatlığa namizəd Konstitusiya Məhkəməsinə müraciət etdi

27-02-2020 19:37 / Bu xəbər 1334 dəfə oxundu

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd, "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova 9 fevralda keçirilən seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət edib.

Bu barədə Günel Səfərova öz feysbuk səhifəsində məlumat yayıb.

O bildirib ki, Konstitusiya Məhkəməsi seçkilərdə baş verən qanun pozuntuları ilə bağlı ədalətli qərar verməlidir: "İslahatlara, gələcəyə, dəyişəcəyimizə, hər kəsə bərabər imkanların tanındığı daha ədalətli bir cəmiyyət qura biləcəyimizə inanaraq, böyük ümidlərlə qatıldığımız parlament seçkiləri özünün məntiqi sonluğuna yaxınlaşdı. İndi son söz Konstitusiya Məhkəməsinindir. Hüquqlarımıza təminat verən Ana Qanunumuzun keşiyində dayanan Məhkəmə ya sözün bütün mənalarında hüquqi dövlətin vətəndaşı olmaq haqqımıza sahiblənmək istəyənlərin qarşısında qanunun sərt üzü ilə səd çəkməli, ya da bunu gələcək onilliklərin və nəsillərin öhdəsinə buraxmalıdır. Hələ ki, gec deyil və hələ ki, seçim imkanı var".

"Mən Konstitusiya Məhkəməsinin hakimlərinə müraciət edirəm: Ölkəmizin gələcəyi, işıqla qaranlığın, xeyirlə şərin savaşından kimin qalib çıxacağı sizin verəcəyiniz qərardan asılıdır. Əlinizi Konstitusiyanın və vicdanınızın üzərinə qoyub qərar verin. Çünki bu qərardan asılı olan ayrı-ayrı seçki dairələrində qalib elan edilmiş, yaxud edilməmiş deputatlığa namizədlərin taleyi deyil, millətimizin və dövlətimizin gələcəyidir, - Günel Səfərova bildirib. 

Onun sözlərinə görə, dövlətin böyüklüyü onun ədaləti ilə ölçülür: "Ədalətin kiçildiyi ölkələrdə yalnız günahlar və günahkarlar böyük görünürlər. Bunu bildiyimdən və ədalətli olduğum üçün zamanında hüquq fakültəsini seçmişdim. Dövlətin ədalətinin gücünü ortaya qoymaq imkanı indi sizin əlinizdədir. Ədalətli olun! Çünki ədalətsiz insanları nəinki biz, heç tarix də bağışlamayacaq!"

Günel Səfərova fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd olub. Bu dairədən isə lider namizəd Kəmaləddin Qafarov olub.

Günel Səfərova və digər namizədlər həmin dairədə seçkilərin şəffaf və ədalətli keçirilmədiyini bəyan ediblər.