Deputatla vəkil arasındakı insident - VİDEO

Deputatla vəkil arasındakı insident - VİDEO

28-06-2021 17:58 / Bu xəbər 4357 dəfə oxundu

Bakıda millət vəkili ilə vəkil arasında insident yaranıb.

"Qafqazinfo” xəbər verir ki, hadisə "Four Seasons” hotelində məhkəmə qərarının icrası zamanı baş verib.

Milli Məclisin deputatı Ramil Həsən və vəkil Muxtar Mustafayev məhkəmə icraçısının da iştirakı ilə həyata keçirilən proses zamanı mübahisə etməyə başlayıblar və mübahisə qarşılıqlı təhqirlərlə müşayiət olunub.

Məsələ ilə bağlı R.Həsən fikirlərini REAL TV ilə bölüşüb: "Qanunverici hakimiyyətin təmsilçisi olaraq, hər birimiz sadə Azərbaycan vətəndaşı kimi qanunlara riayət edirik. Konstitusiyanın müvafiq bəndlərinə görə, bizim hüquqlarımızın biri də bundan ibarətdir ki, icazəmiz olmadan hər hansı bir şəxsin və ya o şəxsin nümayəndəsinin videoçəkiliş aparmasına icazə verilmir.

Şəxsi həyatın toxunulmazlığı Konstitusiyada təsbit edilib. Təəssüf ki, buna baxmayaraq, vəkilliklə məşğul olan bir şəxs bilavasitə mənim gözümün qarşısında ətyrafındakı adamlara təlimat verir ki, belə bir videoçəkiliş həyata keçirsin.

Təəssüf edirəm ki, Vəkillər Kollegiyasının nümayəndəsi, eyni zamanda, bəzi mətbuat orqanları təxribatçı addımlarla ölkə gündəmini şəxsi zəmində başqa istiqamətlərə yönəltməyə cəhd edirlər”.

Vəkil Muxtar Mustafayev isə açıqlamasında bildirib ki, əslində, məhkəmə qərarının icrasında iştirak etmək hüququ olmayan millət vəkili qəsdən qarşıdurma yaradıb: "Böyük Britaniya vətəndaşı, Moldovada yaşayan məşhur iş adamı Almari Vael Süleymanın uşağı ilə görüşü təmin edilməli idi. Görüş həmin hoteldə müəyyənləşdirilmişdi. Görüş zamanı Ramil Həsən icraya müdaxilə edirdi”.

Daxili İşlər Nazirliyi "Four Seasons” otelində vəkillə mübahisə etdiyinə dair videogörüntüləri yayılan deputat Ramil Həsəni qapalı məkanda tibbi maskadan istifadə etmədiyinə görə cərimələyib. Vəkil Muxtar Mustafayev isə tibbi maskadan istifadə etdiyi üçün ona yalnız xəbərdarlıq olunub.

Xatırladaq ki, Virtual.org saytı dünən sözügedən hoteldə deputat Ramil Həsənovla Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında ciddi mübahisə olması ilə bağlı görüntülər yayımlayıb. Həmin məkanda M.Mustafayev Moldova əsilli britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak edib. 

Almari Vael Süleymanın keçmiş həyat yoldaşının hazırda deputat Ramil Həsənovla evli olduğu bildirilir. 

Yayılan məlumata görə, britaniyalı biznesmenin həmin evlilikdən olan qızı indi Bakıda, deputatın evindədir. 

Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.