Deputatlar Cavid Qurbanova məxsus olan "Topaz"ı "topa tutdular"

Deputatlar Cavid Qurbanova məxsus olan

22-01-2022 13:52 / Bu xəbər 651 dəfə oxundu

"Topaz”ın kimin monopoliyasında olduğunu bilmirəm. Mənim də qulağıma çatır ki, bunu Cavid Qurbanovla əlaqələndirilər, amma əlimdə fakt olmadan dəqiq söz deyə bilmərəm. Hər kim olursa-olsun, bu, Azərbaycana ziyan vurmaqdan başqa bir şey deyil. Həmçinin "Topaz” şəxsi varlanma vasitəsidir. Milli Məclisdə mərc oyunları, qumarın fərqləndirilməsi ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər etdik. Burada məqsəd nəyin qumar, nəyin mərc oyunu, latoreya və s. olmasını fərqləndirmək idi. Bu, məsələnin qanuni tərəfidir”.

Bunu "pravda.az"a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat bildirib ki, məsələnin mənəvi tərəfinə gəlincə isə, şəxsən heç vaxt mərc oyunlarını, latoreyaları qəbul etmir: "Hesab edirəm ki, bu, dövlətin özünün qumar oynamasıdır. Dövlət vətəndaşa bunu qadağan edir, amma özü onlarla qumar oynayır. Çəkinmədən deyirəm ki, bunu qəbul etmirəm. Hələ həyatımda bir dəfə olsun lotoreya almamışam, çünki həm bəxtimə güvənmirəm, həm də hər şeyi özüm əldə etmək istəyirəm. Əslində, "Topaz”da qeyri-sağlam münasibətlər kəskindir. Bu, əhalini soymağa, faydalı işdən yayındırmağa xidmət edir və onlara ideoloji cəhətdən ziyan vurur. Bəzi vətəndaşlar ailəsini dolandırmaq əvəzinə mütəmadi lotoreya biletləri alır, mərc oyunlarına girişir, əşyaları satıb onun pulunu, əmək haqlarını, pensiyaları belə oyunlara qoyurlar. Bütün bunlar Azərbaycan xalqına ciddi ziyan vurur. Qanunvericilikdə belə oyunlar qanuniləşib. Amma bir insan kimi mən belə mərc oyunları və latoreyaları pərdələnmiş qumar sistemi hesab edirəm. Xalqın mənəviyyatına qarşı yönəlmiş haldır”. 
 
Milli Məclisin deputatı Elman Məmmədov da bu cür oyunların əleyhinə olduğnu deyir.

Deputat "demokrat.az-a açıqlamasında deyib ki, bütün mərc oyunların adına nə qoyurlar qoysunlar, bunların hamısı zərərli vərdişlərdir: "Bunlar elə dinimizə də, əqidəmizə də zidd olan məsələlərdir. Həmçinin, müqəddəs kitabımızda da pislənilən məsələlərdən biridir. Hesab edirəm ki, bu oyunlar zərərdən başqa gəncə nəsilə, ictimaiyyətə, cəmiyyətə heç bir fayda vermir və insanları ancaq pis vərdişlərə yönəldir. Bir şeyin ki, adı mərc oyunlarıdır, yəni, bunun indi adını dəyişdiriblər, amma birmənalı olaraq bunlar qumardır, pis, zərərli vərdişlərdir. Təbii ki, qanunla bunların qarşısı alınmalıdır. Kütləviləşməsinə də imkan verilməməlidir. Kimlərsə nə yollasa, fırıldaq yollarla bunun adını dəyişib,  buna rəhbərlik edib və pul qazanırlar. Ancaq bunlar bizim gənc nəsili fəlakətə sürükləyir. Ümumiyyətlə, qumara gedən adamların aqibəti barədə bədii ədəbiyyatlarda da yazılıb, filmlərdə də göstərilib. Yəni, milyonlarını ortalığa qoyurlar, sonra uduzurlar, nə günə düşüb, intihar edirlər. Hətta, ailələri dağılır, min bir bədbədbəxtçiliyə düçar olurlar. Ona görə də, mən Azərbaycanda bütün mərc oyunlarının tamamilə əleyhinəyəm”.

Elman Məmmədov son vaxtlar "Topaz" mərc oyunlarının açıq şəkildə telekanallarda reklam olunmasına da etirazını bildirib: "Çox təəssüflər olsun ki, bəzən bu cür oyunlar reklam olunur. Təbii ki, burada məqsəd insanları şirnikləşdirmək, aldatmaq və həvəsləndirməkdir. Hansısa işbazlar pul qazanmaq xatirinə bunlara əl atırlar, reklam edirlər. Bəzən görürsən ki, cürbəcür qanunla qadağan olunmuş energetik içkilər bəzi kanallarda reklam olunur, yəni pul müqabilində. Məsələn, deyirlər ki, pul müqabilində pis dərmanları, pis vərdişləri reklam elə, eləcə də, qumar oyunlarını. Hesab edirəm ki, bu sahədə ciddi qadağalar olmalıdır və gənclərimizi bu vərdişlərdən qorumalıyıq, uzaqlaşdırmalıyıq”.