Deputatlığa namizədliyin verilməsi üçün qoyulan müddət başa çatıb
02-08-2024 20:17 / Bu xəbər 666 dəfə oxundu
MSK indiyə qədər 481 namizədin qeydə alındığını açıqlayıb
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət bu gün başa çatıb.
Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.
Avqustun 1-də MSK-nın yaydığı məlumatda 481 nəfərin namizədliyinin qeydə alındığı bildirilirdi.
MSK sədri Məzahir Pənahovun sözlərinə görə, ümumilikdə, 1489 nəfər namizədlik üçün müraciət edib: "459 nəfər 25 siyasi partiyadan irəli sürülüb. 1029 nəfər fərdi müraciət edib. Bitərəf namizədlər 958 nəfərdir, 531 nəfər fərdi müraciət etsə də, partiya mənsubiyyəti var. 802 nəfər imza vərəqələrini təhvil verib”.
Parlament seçkiyə gedir
2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar. Həmçinin, ADP sədri Sərdar Cəlaloğlu, Müsavat Partiyasının başqanı İsa Qəmbər, VHP sədri Sabir Rüstəmxanlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Ümid Partiyasının sədri İqbal Ağazadə və AMİP lideri Etibar Məmmədov seçkidə iştirak etməyəcəklərini açıqlayıblar.