“Deyirlər ki, ya Ramiz Mehdiyevin yanında olacaq, ya da ona qarşı ifadə verəcəksiniz”
25-08-2020 16:05 / Bu xəbər 1822 dəfə oxundu
"Ramiz Mehdiyev kimi toxunulmaz bir fiqura və ailəsinə toxunuldu, ətrafındakılar ondan üz döndərdi. Bu günə qədər Ramiz Mehdiyevin köməkliyi ilə deputat, məmur olan şəxslər belə ondan üz çevirdilər. Bu isə bir eranın, bir epoxanın sona çatdığının göstəricisidir”.
Bu sözləri ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Toplum tv-yə açıqlamasında deyib.
O, baş verənləri ölkənin siyasi arenasında kifayət qədər ciddi addım hesab edir.
Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev övladına toy etməklə karantin qaydalarını pozduğu üçün 15 sutka həbs cəzası alıb. İlham Əliyevlə yanaşı onun yeni qudası Rövşən Mustafayev də cəzalandırılıb.
Daha sonra toyda iştirak etmiş millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini vəzifəsindən istefa verib.
Natiq Cəfərli son günlərin hadisələrini və YAP daxilində baş verənləri 2009-cu ildən başlayan və 2016-cı ildən sürətlənən, sistem daxilində gedən mübarizənin son mərhələsi kimi qiymətləndirir: "Çünki Azərbaycan hakimiyyətinin ən zəif nöqtəsi ideoloji olmamasıdır. YAP ideoloji partiya deyil, ideoloji xətti, ciddi proqramı, cəlbedici siması və vitrini yoxdur. Loyallıq şəxsi sədaqət və maddi maraqlar üzərində qurulmuşdu. Bu cür loyallıq isə çox baha başa gəlirdi və bunun ucuzlaşdırılması prosesinə başlanıldı. 2015-ci ildən məmurların kütləvi dəyişdirilməsi siyasəti yeridildi. Azərbaycan hökuməti tarixində heç vaxt son dörd ildəki qədər nazir və Baş nazir dəyişikliyi görülməyib. Yeni simaların təyini, oliqarxik sistemdən, menecment sisteminə keçid baş verirdi. Son olaylar da bu hadisələrin, məncə, son akkordlarıdır. Bununla sistem daxilində gedən çəkişmələrin sonunu görmək mümkündür”.

Natiq Cəfərlinin sözlərinə görə, YAP heç vaxt siyasi partiya kimi mövcud olmayıb.
O deyir ki, parlamentdə 68 deputatla təmsil olunsa da, partiyanın öz fraksiyası yoxdur. Amma Natiq Cəfərli də partiyada ciddi dəyişikliklər edilməsinin vacibliyindən danışır: "YAP tarixboyu beyinlərin deyil, ayaqların mobilizasiyası ilə məşğul olan təşkilat olub. Mənə elə gəlir ki, artıq YAP-ın da dövrü qapanıb. Hakimiyyət ya partiyanın rebrendinqi ilə məşğul olmalı, yeni simaların gətirilməsi və siyasi proqramların qəbul edilməsi və nəhayət, yeni siyasi partiya kimi formalaşmasını təmin etməlidir. Ya da partiyanın artıq reanimasiya olunmasının mümkünsüz olduğunu görüb yeni iqtidaryönümlü partiyanın yaradılmasına başlamalıdır. Bu da ölkədə siyasi sistemin mədəni çərçivəyə oturmasına gətirib çıxara bilər. Çünki YAP-la hansısa müxalif partiyaların görüşməsinin də mənası olmayıb. Ona görə ki YAP müzakirə aparan partiya olmayıb. Yuxarıdan göstərişi həyata keçirən bürokratik aparat olub. İndi belə yeni siyasi situasiyada yeni bir siyasi partiyaya ehtiyac var”.
Siyasi fəal Bəxtiyar Hacıyev isə Toplum tv-yə baş verən hadisələri belə şərh edir: "YAP-da sanki Ramiz Mehdiyevin izolyasiyası prosesi baş verir. YAP üzvlərinə, tanınmış simalara belə bir tapşırıq verilir ki, ya Ramiz Mehdiyevin yanında olub susacaqsınız, ya da mövqe göstərib ona qarşı ifadə verəcəksiniz”.
B.Hacıyev düşünür ki, ümumilikdə hakimiyyət özü də başa düşür ki, YAP artıq cəmiyyətdə nüfuzunu itirmiş siyasi partiyadır: "Eyni zamanda YAP-ı parlamentdə təmsil edən deputatlar cəmiyyətdə ən nüfuzsuz və məsxərəyə çevrilən şəxslərdir. Ona görə də hakimiyyət, xüsusilə də Prezident və birinci xanım YAP-la hansısa formada məsafə saxlamağa və ondan xilas olmağa çalışır. Ola bilsin ki, YAP-ın ya rəhbərliyində ciddi dəyişiklik olsun, ya da partiya buraxılsın. Yaxud da YAP yerində qaldığı halda alternativ hakim partiya yaradılsın”, - o əlavə edir.
B. Hacıyev hadisələrin bundan sonrakı axarı haqqında təxminlərini bölüşərkən qarşı tərəfin verəcəyi cavabdan da danışır: "İndiyə qədər söz atışması şəklində baş verən bu klanlararası gərginlik son toy hadisələri ilə döyüş mərhələsinə keçdi. Artıq qılınclar sıyrılıb, Ramiz Mehdiyevə ailə üzvlərinin qolunun qandallanması ilə böyük zərbə vurulub. Ramiz Mehdiyev onun parlamentə, vəzifəyə qeyri-rəsmi olaraq təyin etdiyi şəxslərin əks mövqeyi, kurasiya etdiyi TV və KİV-lərdə ona qarşı başlanılmış genişmiqyaslı kompaniyanı həzm edəcək biri deyil. Düşünürəm ki, yaxın günlərdə olmasa da, yaxın gələcəkdə o və ətrafındakılar buna cavab verəcəklər”.
R.Mehdiyev isə artıq məsələ ilə bağlı açıqlama verib və hadisələrin qiymətləndirilməsində ikili standartalara yol verildiyini bildirib.

O deyib ki, həmin günlərdə başqa yüksək rütbəli məmurlar mərasimlər təşkil ediblər: "Dünən məni mədh edənlərin bu gün məni tənqid etməsinə eyni səbrlə qulaq asmağa hazıram. Ancaq həmin şəxslər unutmasınlar ki, cənab Prezidentin qanunun aliliyi uğrunda apardığı mübarizə onlar üçün də keçərlidir və hər kəs qanunun sərt üzü ilə mütləq üzləşəcək. Həmçinin bu şəxslərə tövsiyə edərdim ki, başqasına daş atarkən ayna qarşısına keçib özlərinə yaxşı-yaxşı baxsınlar. Sual versinlər ki, onların özləri digərlərini tənqid edəcək qədər təmiz mənəviyyat sahibləridirmi? Onların ətrafdakılara əxlaq dərsi keçməyə mənəvi haqları çatırmı? Əgər biz doğrudan da şəffaflıq uğrunda mübarizəyə başlamışıqsa, o zaman natəmizləri məhz dürüst insanların tənqid etməsi daha ədalətli olardı. Nadürüstlərin xalqa mənəviyyat dərsi keçməsi insanlarda ancaq ikrah hissi doğura bilər. Bunu unutmasınlar!”
Toyda iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə və onun həyat yoldaşı Aysel Adıgözəlzadə, Milli Məclisin deputatı Siyavuş Novruzov, Ombudsman Səbinə Əliyeva da cərimələnib.
Vüsalə Mikayıl












