Dəyişən ömrün itməyən kölgəsi...

Dəyişən ömrün itməyən kölgəsi...

09-10-2022 13:54 / Bu xəbər 1820 dəfə oxundu

Yol ayrıcına çatanda Samir dostuna yenidən qısaca xatırlatdı: 
- Elqəm, yadından çıxmasın haa, zarafatı filanı qoy kənara, sabahkı imtahana ciddi hazırlaş. Bəsdir uşaq kimi davrandın! Özün də gözəl bilirsən ki, Kamal müəllim bu dəfə kimsəyə güzəşt etməyəcək. İnadını kənara qoy, heç olmasa, bir günlük olsa da, oxu, hazırlaş, mövzulara bax ki, imtahandan kəsilməyəsən. Bax, əgər kəsrə düşsən, işin çətin olacaq. 

Elqəm adəti üzrə köynəyinin yaxasını bir düymə də açdı, çiyinlərindən tutub köynəyi arxaya doğru çəkdi, qalstukunun boğazını da bir qədər enləndirib qarnına kimi uzatdı və əlləri ilə qıvırcıq qəhvəyi saçlarını yana doğru sığalladı. 

Ayaqlarını bir az aralı qoyaraq  özündən razı yerişlə dostuna səsləndi:
- Sən qardaşına yaxşı-yaxşı bax, gör bu oğlana kimsə nəsə deyə bilər? Nənəm demiş, mən ilanı yuvasından çıxararam, oğlummm... Sabah özün də görəcəksən ki, Kamal müəllim qaqana necə sorğu-sualsız "əla” qiymət yazır...

- Samir başını yellədi, gülümsünüb əli ilə: "Ehhh, Elqəm, sən düzələn deyilsən, dostum” , - dedi və sağollaşdı.

Elqəm evin beş oğlundan üçüncüsü idi. Çoxuşaqlı, çətinliklə dolanan kəndli ailəsində doğulmuşdu. Qardaşlarının ikisi hərbi məktəbdə oxuyurdu. Ən böyük arzuları da Qarabağa - doğma torpaqlarına qayıtmaq idi. Elqəm də bütün dəlisovluğu ilə vətənə bağlı biriydi, tez-tez keçmiş yurd yerlərdindən ürəkdolusu danışardı. Hərbi komissarlıqda da dava-dalaşla özünü cəbhə bölgəsinə yazdırmışdı. Xaraktercə çox fərqli bir uşaq idi. Qardaşlarından, dostlarından çox fərqlənir, dəlisovluğu ilə hər yerdə ad çıxarmışdı. Çoxunun qorxduğu, dəlilik hesab etdiyi şeyləri o gerçəkləşdirməyə cəhd edirdi. Hər şeylə asanlıqla razılaşmazdı. 

Bəzən yerli-yersiz müzakirələrə də qoşulurdu. Xüsusən də dünyanın yaranması, fəlsəfə və ədəbiyyat mövzularında. Dini kitabları oxuyur, təftiş edir, bəzən də ona çatmayan şeyləri sorğulayırdı. Quranı, Tövratı, İncili bir neçə dəfə oxumuş, müqayisə etmiş, bəzən ağlasığmaz şeyləri dilinə gətirir, dostları ilə müzakirəyə çıxarır, hər kəsi şübhəyə salırdı. 

Hərdən özünü yeni oxuduğu xarici ədəbiyyatın qəhrəmanlarına bənzədirdi, bəzən çox emosional davranır, məsələn, "Raskolnikov düz edib, başqa seçimi yox idi" deyirdi… Arada yoldaşlarının ona qəribə baxdığını görəndə soruşurdu ki, siz Allah, dəli olmamışam? Bu qarmaqarışıq, dəlisov hərəkətləri onu bəzən hər kəsdən uzaqlaşdırırdı. Özü də bunun də fərqində idi, çünki düşüncə tərzləri, yanaşmaları onu qane etmirdi və onlarla dialoqu, müzakirəsi çox da uzun çəkməzdi. Çünki Elqəm maraqlı, fəqrli olan şeyləri sevirdi. Özü də arada hekayəşəkilli qısa mətnlər yazır, xoşuna gəlməyəndə cırıb-atır, təzədən yazırdı. 

Bundan başqa, güclü intiusiyası da vardı. Altıncı hissin güclüdür deyirdi hər kəs ona. Özgüvənliliyi çox böyük olmasa da, əmin olduğu şeylərdə dirəşər, israr edərdi. Ən böyük hobbisi dünyanı gəzmək, bütün ölkələri görmək, xalqları, onların yaşamını, adət- ənənələrini, məşğuliyyətlərini öyrənmək idi. Bir az da heç nəyi vecinə almayan, əhli-kef biri kimi tanıyırdılar onu. Ona görə də ətrafı, yoldaşları, qohumları - hər kəs onu danlayırdı ki, uzaqlaş  o şeylərdən, evinə, ailənə bağlan, dünyanı gəzmək boş xəyaldı. Amma o fikrindən dönmür, öz doğruları ilə yaşayırdı.

Kollecdə sonuncu kursda oxuyurdu, son semestr imtahanlarında ikisi qalmışdı.  Çox tələsirdi ki, imtahanları yekunlaşdırıb evə getsin. Əvvəllər evdən qaçan, dünyanı gəzmək xəyalının arxasınca getməyi planlayan Elqəm son aylar çox dəyişmişdi. Çox xəyalından vaz keçmişdi. Film çəkmək, kitab çap etdirmək xəyalı quran, anı yaşamaq, istəklərinin arxasınca gedilməli olduğunu mütləq sayan, həyata bir dəfə gələn insan övladı marağında olduğu nə varsa, hamısını reallaşdırmalıdır deyən Elqəmdən sanki əsər-əlamət qalmamışdı. 

Budəfəki imtahana hazırlaşmamağı da səbəbsiz deyildi. O, imtahanı hazırlaşmadan, il ərzində oxuduqları sayəsində belə verə biləcək biri idi. İmtahanı da bir dəfə vermişdi, amma nəticələri ləğv edilmişdi. Çünki qrup yoldaşı Arif həyəcandan yaza bilmədiyi üçün Elqəm imtahan vərəqini özününkü ilə dəyişdirmişdi. Bundan xəbər tutan Kamal müəllim onu bu cür cəzalandırmışdı. Elqəm nə qədər xahiş etsə də, faydası olmamışdı. Elqəm əslində buna görə inadından hazırlaşmır, özünü haqsızlığa uğramış hesab edirdi. Düşünürdü ki,  əməlinin cəzası belə ağır olmamalı idi…

Otaqda ağız deyəni qulaq eşirmirdi. Uşaqların səsi bir-birinə qarışmışdı. Həyəcandan bildiyi bütün duaları oxuyan kim, su içən kim, konspektdən vaxtını yaxşı dəyərləndirmək istəyib təkrar edən kim, dünyanın dərdindən bixəbər, kefikök danışıb gülən kim…

Anidən qapı açıldı, rektor Səlim müəllim, dekan Şəfiqə müəllim və Kamal müəllim qrupa daxil oldular. Hamı yerində əyləşdi. Sinifdə səssizlik yarandı. Elqəm bu sükutu pozmaq istəsə də, fikrindən daşındı. Artıq hər kəsə imtahan biletləri paylandı və imtahan başladı. Otaqda tam sakitlik idi. Hamı başını sallayıb yazmağa başladı. Kamal müəllimin bütün diqqəti Elqəmdə idi. Bircə o yazmırdı, gözünü pəncərədən səmanın boşluğuna zilləmişdi. 

Vaxtın bitməsinə az qalmışdı. Müəllim hər kəsə: "Yekunlaşdırın yavaş-yavaş, son on beş dəqiqə qaldı, əlavə vaxt olmayacaq”, - deyib nəzərini Elqəmin üzərinə yönəltdi. 

Elqəm başını sallayıb cavab kağızında nəsə cızma-qara edirdi. Bitirənlər bir-bir cavab kağızını müəllimə təqdim edib sinifdən çıxırdı. Axıra üç nəfər qalmışdı. 

Samir arxadan pıçıltı ilə:
- Elqəm, neynədin, bitirə bildinmi?
 
Elqəm ona reaksiya vermədi, başını vərəqdən qaldırmadan yazmağa davam etdi. Elqəmdən başqa hər kəs çıxdı. Elqəm sakit tərzlə ayaqlarını sürüyə-sürüyə Kamal müəllimin stoluna yaxınlaşdı, kağızı ona təqdim edib qəribə və mənalı baxışlarla onu süzdü, otaqdan çıxdı. Kamal müəllim bütün kağızları topladı, maraq üçün Elqəmin cavablarını oxumağa başladı. Oxuduqca üzvü qəribə bir rəng alırdı. Sanki nəfəsi durdu, anidən ürəyi sıxıldı. Əlləri titrəyərək kağızı stolun üstünə qoyub pəncərəyə tərəf getdi. 

Pəncərəni açıb gözlərini yumdu. Dərin bir nəfəs aldı... Kağızda yazılanlar gözünün önündə tablo kimi canlandı: "Kamal müəllim, siz tanıyan Elqəm həyatda yaşından böyük o qədər ağır imtahanlar verib ki, sizin imtahanınız onların yanında bir udum su içmək kimidir. Bu imtahanı da digərləri kimi yazıb keçə bilərdim. Yazmadım. İstədim ki, Elqəmi bir də başqa yandan, kimsəyə göstərmək istəmədiyi tərəfdən tanıya biləsiniz. Mən burada imtahan verərkən yaşıdlarım orada öz vətənləri uğrunda can verirdi. Həyatım mənim üçün şəhid qardaşımı anamın isti qoynundan qoparıb torpağın soyuq qoynuna qoyduğum gün ikiyə parçalanıb. O ana kimi olan Elqəmlə qardaşımdan sonrakı Elqəm başqa-başqa insanlardır. Siz iki həyat yaşamağın nə demək olduğunu bilirsinizmi? Bütün istək, arzularını qurban verməyin nə olduğunun fərqindəsinizmi? Biri üçün hədsiz darıxıb, nəfəsin kəsildiyini hiss edincə əlacsız qalıb soyuq məzar danışını qucaqlamağın, öz-özünə dəli kimi şəklə baxıb danışmağın, suallarının cavabsız qalmağını görəndə az qala havalanmağın nə olduğunu?.. Bəs gecələr heç olmasa, yuxunda görmək ümidilə dua edib yatmağın? Ürəyindən keçənləri fəsillərə bölməyin, amma ömrünə bu fəsillərdən yalnız qışın yazılmasının nə demək olduğunu? Çarəsiz, dərddən zamansız qocalmış ata-anasının dərdinə dərman ola bilməməyin acısının nə demək olduğunu necə? Üzün təsadüfən azca gülümsəyərkən anidən onunla güldüyün günlər üçün burnunun ucunun göynəməsinin nə demək olduğunu bəs? Ömrünün geri qalanını darıxarkən baxdığın hansısa videodakı qısa xoşbəxt anınıza dönə bilmək üçün qurban verməyə hazır olmağın nə demək olduğunu da?.. Məktəbi atıb döyüşə getməyə hazırlaşdığın bir vaxt müharibənin qəfil dayandığını eşidib dəlicə bağırmağın necə olduğunu bəs. Elqəm sizin imtahanınızdan kəsilməyə layiq idimi? Bəs siz onun imtahanından keçə bilərsinizmi?"

Kamal müəllim pəncərəni bağladı, eynəyini çıxardı və səliqə ilə bükülmüş cib dəsmalı ilə gözünün yaşını sildi, sonra əlləri əsə-əsə eynəyini təmizlədi. Dərin bir ah çəkərək yerinə qayıdıb əyləşdi. Elqəmin yazısına təkrar nəzər saldı.. Gözləri yaşla dolmuş halda tələbəsinə cavab yazdı: "Ağıllı, dəliqanlı oğlum, səni ilk gündən davranış və xasiyyətinlə özümə bənzətmişdim. Demək ki, səni mənə yaxın hiss etdirən bir bağ varmış. Sən sadaladığın imtahanların mən səndən də ağırını vermişəm, övlad! İki qardaşım, atam və övladımı qurban vermişəm. Heç də asan olmayıb həyatım. Amma bu gün sayəndə bir şey öyrəndim: dəyişən ömrün kölgəsi itmir, səni qarabaqara izləyir". 

Səhər hər kəs kafedranın qarşısında elan lövhəsində öz adını axtarır, həyəcanla neçə bal topladığını maraqlanırdı. Bircə Elqəm könülsüzcə dayanmışdı, yaxına getmirdi. Bilirdi ki, kəsilib. Birdən uşaqlar arasında hay-küy başladı:
- Aaaaa... Bu nədir belə? Belə də qiymət olar?

Samir maraqdan yaxına gəldi, siyahıda ən sonda Elqəmin adı yazılmışdı. Amma qarşısında qiymət yox idi, əvəzində belə bir cümlə yazılmışdı: "Dəyişən ömrün itməyən kölgəsi..."

Elqəm ağır addımlarla uşaqlardan uzaqlaşmağa başladı. Bu, onun üçün son imtahan olsa da, həyatda yeni bir başlanğıc idi...

Günel İbrahimova