Dəyişən neft qiymətləri: “Azərbaycanda pul var, kasıba verilmir”

Dəyişən neft qiymətləri: “Azərbaycanda pul var, kasıba verilmir”

11-04-2022 18:53 / Bu xəbər 3175 dəfə oxundu

"Apreldə yaşam şərtləri əvvəlkilərdən də ağır olacaq”

Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.

Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barelinin qiyməti 100,84 dollar olub.

Bu, hər bareldə 1,94 dollar ucuzlaşma deməkdir.

Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barelinin qiyməti isə 96,20 dollar olub.

Bu isə hər bareldə 2,06 dollar ucuzlaşma anlamına gəlir.

Son 2 ayda dünya bazarlarında neftin qiymətinin kəskin artmasına səbəb Rusiya-Ukrayna müharibəsi, Qərbin Rusiyaya qoyduğu sanksiyalar idi.

"Sanksiyalar gözlənilən kəskin qiymət artımlarına səbəb olmayıb”

Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, bu gün Qərbin Rusiyaya qarşı sanksiyalarının genişləndirilməsinə baxmayaraq, dünya bazarında neftin qiymətində azalma müşahidə edilir. Neft dünya bazarında müqayisəli yüksək qiymətə təklif olunsa da, sanksiyalar gözlənilən kəskin qiymət artımlarına səbəb olmayıb.

Bəs neftin qiymətindəki azalmaların səbəbi nədir?

Vüqar Bayramov bildirir ki, ABŞ Rusiya neftindən imtina etsə də, Avropa Birliyi bu məsələdə mühafizəkar mövqe nümayiş etdirir. Avropa Rusiya enerji məhsullarından imtina üçün qısa zamanda alternativ mənbələr tapmaqda çətinlik çəkir: "Hətta ilkin qiymətləndirmələr göstərir ki, Avropa Birliyində Almaniya Rusiyanın enerji məhsullarından imtina edərsə, bu, həmin ölkədə bir sıra sənaye müəssisələrin dayanması və ya fəaliyyətlərini məhdudlaşdırlması səbəbindən 2.5 milyon nəfər işsizlik yarada bilər”.

"Sanksiyaların icrasına nəzarət mexanizmi hələ də formalaşmayıb”

Bundan əlavə, iqtisadçı qeyd edir ki, ABŞ və eləcə də OPEC bazara daha çox neft çıxarmağı hədəfləyir.

Beynəlxalq Enerji Akademiyası hətta yaxın zamanlarda bazarda yenidən neft artıqlığının olacağını proqnozlaşdırır: "Bu isə neftin qiymətinə həm iqtisadi, həm psixoloji təsir göstərir. Eyni zamanda, enerji bazarında fyuçə müqavilələri bağlandığı üçün neftindən imtina həmin an bazarda boşluq yaratmır. Bu qərarların qəbul olunduğu zaman bazara ilk növbədə psixoloji təsir göstərir”.

Vüqar Bayramov

Vüqar Bayramova görə, sanksiyaların icrasına nəzarət mexanizmi hələ də formalaşmayıb. Əslində isə bu sanksiyaların tətbiqi ilə bağlı hər zaman müzakirə edilən məsələlərdən olub:

"Neftin qiymətinin hələ də müqayisəli yüksək olmasına baxmayaraq son qiymət azalmaları bir daha təsdiq edir ki, birjalarda hər zaman dalğalanmalar müşahidə edilə bilər. Bu, qeyri-neft sektorunun inkişafının əhəmiyyətini artırmaqla yanaşı, neftdən asılılığın azaldılmasının prioritetliyini gücləndirməkdədir”.

Bugünkü neft qiymətlərinin Azərbaycana təsirləri

Fevralın sonlarından bu yana Azərbaycan neftinin də qiymətində artma olub. Hətta 1 ay müddətində 100 dollardan aşağı enməyib.

Azərbaycan hasilatı artıracaq

İqtisadçı Qubad İbadoğlu deyir ki, OPEC+ ölkələrinin razılaşmasına görə, Azərbaycanın gündəlik xam neft hasilatını 2022-ci ilin mayından daha 7 min barel artıracaq.

Hasilatın 688 min barelə çatdırılması nəzərdə tutulur: "Orta qiyməti 100 dollardan hesablayanda, gündəlik neft gəliri hazırda 68,1 milyon dollara çatır. Ondan da məsrəfləri və şirkətlərin hasilatın pay bölgüsündə iştirakına görə əldə etdiyi mənfəət neftini çıxanda gündəlik gəlir təqribən 50 milyon dollar ətrafında olur. Bu isə ayda 1,5 milyard dollar qazanc deməkdir. Bununla bağlı Dövlət Neft Fondunun hər ayın əvvəlində Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlərə dair açıqlaması olsa da, nədənsə aprel ayında Fond mart ayı üçün belə məlumatları dərc etməyib”.

"Hökumət nəqliyyatda gediş haqqını, benzin qiymətlərini qaldırmağa hazırlaşır”

İqtisadçı deyir ki, normalda müvafiq məlumatlar əvvəlki ayların birinci həftəsində açıqlanır.

Martda əldə edilən gəlirlərin nədən gec açıqlanmasının səbəbləri barədə də Fondun saytında izahat da verilmir: "Rusiyanın Ukraynaya təcazüvünə görə dünya bazarlarında baş verən qiymət artımından əldə edilən əlavə neft gəlirlərini əhalinin maddi rifahının yaxşılaşmasına yönəltmək əvəzinə, hökümət hazırda nəqliyyatda gediş haqqını, benzinin qiymətlərini qaldırmağa hazırlaşır”.

"Hökumətin hesablamaları düzgün deyil”

Qubad İbadoğlu bildirir ki, martda havaların soyuq keçməsi ilə əlaqədar qazın aşağı tarifi üzrə limitini aşanların kommunal xidmətlərə görə borcları yaranıb.


Qubad İbadoğlu

Üstəlik, bazarda durmadan ərzaq bahalaşır: "Məişət mallarının və dərmanların qiymətlərindəki artımı nəzərə alsaq, aprel ayı üçün yaşam şərtləri əvvəlkilərdən də ağır olacaq. Əgər hökumət hesab edirsə, inflyasiya hesabına yaranan məsrəfləri üç aydan bir pensiyaçıya 50 manat ödəməklə kompensasiya edir, deməli, hökumətin hesablamaları düzgün deyil, yanlışdır. Belə ki, son zamanlar kasıblıq oğurluq hallarının artımına, cinayətkarlığın inkişafına xeyli vüsət verib”.

"Pul var, sadəcə, kasıba verilmir”

İqtisadçı hesab edir ki, xüsusilə də aztəminatlı əhaliyə artan kommunal və nəqliyyat xərclərinə görə əlavə sosial müdafiə tədbirlərinə ehtiyac var.

"Xatırladım ki, Azərbaycan dövlət büdcəsinin martın 1-ə olan 2 aylıq profisiti (artıq vəsaiti) 1 milyard 941 min manat təşkil edib. Demək istəyirəm ki, pul var, sadəcə kasıba verilmir”, – deyə o bildirib.(Meydan TV)