Diaqnoz: Xərçəng, Şəhər: Ərdəbil

Diaqnoz: Xərçəng, Şəhər: Ərdəbil

19-01-2022 11:19 / Bu xəbər 2007 dəfə oxundu

İlqar Aydın

Moskvada yeddinci ayımı yaşayandan sonra anladım ki, daha burda qala bilmirəm...

Nə soyuq havaya, nə də soyuq insanlara isinməyi bacardım. Səndən güclü, amma səndən qorxanlar və səbəbsiz nifrət edən insanların baxışını üzərimdə hiss etməkdən bezmişdim. Yadımdadır, qış ayı idi. Marketdən çıxıb, evə gedirdim. Gözümün önündə buz üstə sürüşüb, yerə yıxılan qadın gördüm. Əlindəki torbalar sağ-soluna düşüb, cırıldı. İçindən axan süd və yumurta sarısı, göyərti və tərəvəzlər bir-birinə qarışdı. Qadın yanı üstə oturub, ağlayırdı. 

Sürətlə ona tərəf getdim. Qadın məni gördükdə daha yüksək səslə ağladı, əlindən tutub qaldırmağa calışdım, o isə əlimi itələyərək, məni yanından rədd edirdi. Öncə nə baş verdiyini anlamadım. Sonunda qadın bərk qışqıraraq, kömək istəməyə başladı; Kömək edin! Qaragötün biri mənə hücum edir!" deyə, bağırdı. Bunu eşidəndə əsəbləşdim, torbasına təpik vuraraq, ordan uzaqlaşdım...

O hadisədən sonra qarşıma çıxana gülümsəməyi dayandırdım. Artıq onlar kimi  soyuqqanlı olduğumu hiss edirdim. Bu hal məni daha çox yorurdu. Deyib-gülmək üçün yalnız nəsə içməli, çəkməli idim. Yeddinci ayımda hər iki vərdişə asıllığımı hiss edəndə, dərhal oranı tərk etmək qərarına gəldim.

Borclarım çox olduğu üçün istədiyim vaxt gedə bilmirdim... Əlbətt, başqa yerlilərim kimi, mən də borcum olana "atıb”, qaça bilərdim. Bu "məşhur” stereotipə son qoymaq üçün özümü məcbur edib, daha çox işlədim. Onsuz da, məni yaxından tanıyan ruslar məni "azəri” kimi qəbul etmirdi. Yeyib-içməklərin birində balkona çıxıb, siqaret çəkirdim. Yanımda Jenya adlı bir gənc də vardı. Jenya  işlədiyim restoranın daimi qonağı, həm də müdirin dostu idi. Buna görə də, çox vaxt bizimlə olurdu. Balkonda Jenya binanın aşağısında  "toçka” üstündə dalaşan azərbaycanlıları göstərdi. Aşağıdakı daydaylar söyüş ilə, əl qol ilə bir- birini itələyib həmin ərazi kimə məxsus olduğunu sübut etməyə çalışırdılar. 

Jenya məndən onların nə üstündə savaşdığını və söyüşlərin tərcüməsini soruşdu. Kefli olduğum üçün, aşağıda baş verənlərə pürdiqqət kəsilib, hər şeyi bir-bir Jenyaya tərcümə etdim. Sonunda Jenya gülərək: "görürsən, sən onlardan biri ola bilməzsən”  deyib, siqareti balkondan aşağı atdı. Aşağı düşən siqareti izləyərək,  öz-özümə "cındır, siqareti yerə atdı” dedim.

Əlimə pul düşən kimi gediş biletini aldım. Qalan xırdaya isə Orenburq vilayətini məhşur toxunma, rəngli yun çorablarından. Düşündüm ki, evə əli-boş getməyim, heç olmasa, bunları da nənəmə hədiyyə edim. Üç gün sonra, heç kimlə sağollaşmadan Moskvanı tərk elədim. 

Прощай, Москва…

Nəhayət, Bakıya gəlib çıxdım. Yorğun və halsız vəziyyətimi görən nənəm, sorğu- sual etmədi. Beləliklə, növbəti ayımı ağrılar içində yatağımda keçirtdim. Dörd ay sonra xərcliyim qurtardı. Bütün dost-tanışlarıma yazıb, işə ehtiyacım olduğunu dedim. Çox çəkmədi, telefonuma zəng gəldi. Xəttin o biri başındakı adam mənim iş təcrübəmi və bir necə resept soruşdu, dörd illik iş təcrübəm və onun soruşduğu reseptləri bildiyim üçün sınaqdan keçmiş oldum. 

İtalyan restoranı idi. Telefon danışığı və gəlib gördüyüm məkan məni təcübləndirdi. Müdiriyyətin mətbəx və restoranın salonuna çoxlu pul xərçlədiyini hiss olunurdu. Avropasayağı dizaynı və modern menyusu var idi. Buna çox sevindim, çünki aldığım aşpaz təhsili və praktikası sırf avropa mətbəxinə aid idi. Amma üç gündən sonra bütün ümidlərim və xəyallarım darmadağın oldu. Menyuda yazılan hər cürə fettuçinilər, steyk və salatlar boşuna idi... Gələn müştərilər "çoban salatı” və "dana basdırması” istəyirdi. Müdirim müştəri itirməmək üçün burda işləyənlərə "bizdə "yox” sözü yoxdur" qanunu qoymuşdu. Taleyimlə barışmaqdan başqa çarəm yox idi. Salam, Bakı... 

Səhər 10.00-dan axşam 23.00-a qədər qədər, özüdə həftənin yeddi günü işləyirdim. Amma maaşı yaxşı idi. Hər axşam işdən evə gələndə, binamızın tinində Yaşar dostumun obyektinə girib, bir-iki siqaretlik söhbət edir, sonra evə gedirdim.  

Yaşar təbiətcə yeyib-içən, əsl məclis adamıdır. Məhz bunun üçün  hər dəfə Yaşarı tərk edəndə evə peşimancılıq içində gedirdim. Çünki o, daima kafelərə dəvət edir, mən isə yorğun olduğum üçün dəvətini qəbul edə bilmirdim. Yayın sonu idi, işimə görə, bir dəfə  olsun nə dənizə gedə, nə də pivə içə bilmişdim. Bu halımdan bezib, boş iş günündən istifadə edərək, evə getmək üçün icazə aldım. İlk dəfə icazə aldığım üçün müdür özünü itirərək, razılığını verdi. Hətta, işə qayıdım deyə, cibimə əlli manat pul da qoymuşdu. 

Əlavə pulum olduğum üçün vaxt itirmədən evə taksi ilə getdim. Əyin-başımı dəyişərək, Yaşarın yanına qaçdım. Yaşar isə, həmişəki kimi, hər təklifə hazır idi. Məni görən kimi dükanını bağlamağa tələsir və  "səni bir əjdaha yerə aparacam ki, pəhh, gəl görəsən" deyib, məni ardınca dartdı. 

El arasında "day-day” kafesi, Xırdalan icması arasında isə "Həci Ramizin” kafesi  kimi tanından pivəxanaya getdik, ofisiantın yaxınlaşmağa ehtiyacı yox idi.  Yaşar uzaqdan dörd barmaqla işarələr göstərdi. Masaya bir boşqab noxud, dörd parç pivə gəldi. İçməyə başlamamışdan qabaq, Yaşarın danlamağına qulaq asırdım: "Bax əclaf, gör nələri qaçırdırsan...”. Süftəni parçlarımızı toqquşduraraq başladıq. Altıncı parçda ürəyim "krevetka” istədi. Səkkizincidə masaya fikir verdim, masa, məzələr ilə dolu idi. Bildirçin, toyuq boğazı, krevetka, noxud, ürəyin çəkən hər şey masamızdaydı. On ikinci parçda Yaşar rayondan danışırdı, çoxdandı Göyçaya baş çəkmədiyini dedi...

- Adətən, mən burda lülüş olana qədər içib, rayona çıxıram, əmimgilə... Ordan da bir-bir bütün qohum-qonşunu ziyarət edərək, istədiyim qızın yanına dəyirəm. Onun üçün çox darıxıram. 

Bütün danışdıqlarını dinləyərək dedim:
- Rayon yerində "mıxlamağın” ayrı ləzzəti var. 
- Sən hələ mənim əmimlə oturub, içməmisən. Özü də onun şəxsən çəkdiyi tərxun arağından. On dördüncü parça çatanda, Yaşarın məni tələsdirdi:
- Tez iç, gedək. 

Pivə artıq xitdəyimdən keçmir, ağzımın kənarlarından sinəmə tökülürdü. Bu halımdan narahat olub, hesabı istədim. Kafedən çıxanda güçlü yağışa düşdük. İslanmış cücəyə dönsək də, boynu bükük halımda Yaşarı dalınca düşürdüm. Maşınına yaxınlaşdıq, arxa oturacaqda oturub, qızınmaq üçün "peçi” qoşmağını istədim və yuxuya getdim.

Uzaqdan qulağıma musiqi səsi gəlirdi, Eyyub Yaqubovun "Yağış” mahnısı idi. Arada Yaşar da "bəlkə göylər, bu torpağa sevgisindən söhbət açır” sözlərini zümzümə edirdi. Birdən maşının hərəkətdə olduğunu hiss etdim. Gözümü açıb maşının pəncərələrinə baxdım, şüşərlər buxarlanmışdı. 

Gülərək  Yaşara dedim:
  - Maşında kibrit yandırsan, spirtin təsirindən partlayar.
Yaşar gülərək:
 – Yox ee, müəllim, səndən yol yoldaşı çıxmaz, bütün yolu yatmısan, - dedi. 
-  Nə yol ala? Hara gedirik ki? 
– Rayona... 
Yerimdən qalxıb, buxarlanmış pəncərəni sildim, yol kənarındakı lövhədə "İsmayıllı” yazılmışdı. Dik atıldım:
- Rayon nədi? Hara gedirik? 
– Xalamgilə, zəng eləmişəm, gözləyirlər. 
- Gicsən, ala? Şortiktəyəm eee mən... 
– Eybi yoxdu, xalaoğluya deyərəm, şalvarını verər...

Rayonda üç gün, iki gecə fasiləsiz içib, əylənirdim. Yaşarın rayondakı qohumları, dostları, qonşuları – hamısı məni içirdib "lülüş” etməklə məşğul idi. Telefonumu "zaryadkaya” qoymağa nə vaxtım, nə də güçüm çatırdı. Eləcə içib, yerimdə qalırdım. "Qonaq içməli, amma içkili olmamalıdır” düşüncəsi məni masadan masaya aparırdı. Nəhayət, üç gün sonra evə gəldim, nənəm qapını açaraq mənə yuxarıdan aşağıya qədər baxdı. 

Gülümsədim, onu öpüb qucaqladım, uşaqlarla rayona getmək məsələsinin qəfildən çıxdığını. Nənəm yumuşalmadı:
 - Adam bir zəng elərər, xəbər verər. Ölsəydim, heç xəbərin də olmazdı!

Onun dilindən heç vaxt "ölsəydim” sözünü eşitməmişdim. Qorxdum. Amma üzə vurmadım. Yenə güldüm:
– Pis-pis şeylərdən danışma.
– Hansı rayonda idin? 
- Göyçayda... 
– Heç olmasa, meyvə gətirərdin.... 

Duruxub, yerimdə qaldım:
- Gətirmişəm, maşındadır, maşını sürən oğlanın işi var, ora qaçdı. Həll edib, gətirəcək.  
Evdən çıxıb, bazara qaçdım, hər meyvədən beş kilo alıb, karton qutulara, fərqli torbalara doldurub, evə gətirdim. 


Nənəmlə bu daloqdan sonra iki ay keçdi. Hər boşluğa düşəndə onun sözünü düşünürdüm. Arvad mənə boşuna elə şey deməzdi, nəsə vardı. Onu müşahidə etməyə başladım. Son zamanlar sürətlə arıqlayırdı. Səbəbini şəkər və böyrəyindəki daşda görürdü. Dayılarım, xalalarım ilə yığışıb qərara gəldik ki, "anamızı” yəni nənəni həkimə aparaq. 

Həmin gün çox həyəcanlı idim. Mənim üçün o qadın heç vaxt bu qədər zəif, xəstəhal ola bilməzdi. İllər boyu zavodda, uşaq bağcasında, poçtda işləmişdi. Mən qarışıq doqquz uşağı təkbaşına ayağa qaldırmışdı, daima hərəkətdə olmuşdu. Mən onun zəif olmasına alışa bilmirdim, inana bilmirdim. 

Onun vəziyyəti isə ağırlaşırdı. Məhz buna görə nənəni yalvar-yaxar həkimə apardıq. Həmin gün həyacanlı idim, qorxurdum. Nənəm o gün mənə boşuna söz soxmamışdı, bunu bilirdim və qorxurdum. Qorxduğum üçün evdən çıxdım. Məhlədə uşaqlarla görüşüb, çayxanaya getdim. Domino çırpdığımız yerdə zəng gəldi. Birdən telefonuma zəng gəldi. Xalam idi:
- Nənənin ağrıları böyrəyindəki daşa görə imiş. Dərman yazdılar, bir aya keçəcək. 
- Lap yaxşı, resepti gətirin, dərmanları mən alaram. 
– Amma... 
- Amma nə? Nə olub? 
- Heç nə, gələndə danışarıq...

Bir saatdan sonra hamı evdə idi. Nənə qızlarını söyərək, yatağına keçdi. O düşünürdü ki, həkim yanına getmək boş şeydi. Uşaqlarını buna görə söyürdü. Xalamla bir-birimizə göz-qaş etdik. Balkona çıxdıq. Telefonda deyə bilmədiyini burda, üz-üzə deməsini istədim. 
Xalamın xəstəliklərdən və tibbdən başı çıxmadığı üçün hardan və necə başlayacağını bilmirdi:
- Həkim dedi ki, nənəni bir dəfə də yoxlanışa aparaq, nənənin qan analizi şübhəlidi. Amma, nəyə görə şübhəli olduğunu demədi... 

Həmin gün evdə olan hər kəslə atışıb, nənənin müalicəsinə lazım olan dərmanlar aldıq. Hardasa, 700 manat pul tutmuşdu. Daş salmaq üçün gic-gic otlar, siroplar, hər zibildən almışdıq. Çünki, həkimin verdiyi reseptən əlavə, hərə öz məsləhətini və dərmanını təklif edirdi. Aptektə işləyən əczacı da fürsətdən istifadə edib, hər şeydən bir az soxuşdurdu. 
Rayon macəralarımdan sonra təbii ki, işdən qovulmuşdum. Bu məsələni o qədər də ciddiyə almadım, həm də yığdığım pul bir az işsiz qalmağa imkan verirdi. Nənənin həkim yoxlanışından sonra hardasa 15-20 gün keçmişdi ki, birdən halı pisləşib yatağından qalxa bilmədiyini söylədi. Atdığı dərmanlar günü-gündən ona ağır gəlir və hər qəbuldan sonra qusmağı gəlirdi. Biz vəziyyəti görüb, növbə ilə onun yanında oturmağa başladıq. Vəziyyət gündən günə ağırlaşırdı, nənənin otağından kənarda isə güclü müzakirələr və şaiyələr yayılırdı. 

Birdən aramızdan kimsə "xərçəng” dedi. O an hamı sakit durdu, qızlar ağlayaraq hərəsi bir otağa keçdi. Biz kişilər isə, ağlamağa hazır deyildik, böyük qardaşım (dayım) sadəcə cibindən siqaret çıxarıb, bizə uzatdı. O gündən sonra anladıq ki, siqaret tüstüsü daşıdığın heç bir dərdi salmağa kömək olmur. 

Dayılarımı bilmirəm, amma, mən telefonumu əlimə alıb, zəng etmək bəhanəsi ilə evdən çıxdım. Qaranlıq idi, blokumuzun qarşısında duran boş skamya gözümə sataşdı. Ora gedib oturdum. Payız olmasına baxmayaraq, hava çox aydın idi, hətta göydə ulduzlar görünürdü. Ulduzlara baxıb, ağlamağa başladım. Çünki, sonuncu dəfə həmin skamyadan, həmin ulduzlara mərhum uşaqlıq dostum ilə baxmışdım. Göz yaşlarım yanağıma süzülə-süzülə, beynim ilə mübarizə aparırdım:
 – Yox, mən bu gözəl ulduzlara baxmaq imkanını, yalnız  yaxınlarımı itirdiktən sonra və ya itirməyə yaxın olan anda baxmamalıyam. Bu, adətə çevrilməməlidir! 

Mübarizəmi kiminsə addımları pozdu, balaca dayım idi.

Mənə "burda neynirsən?” sualını verdi. Cavabına hönkür- hönkür ağladım. Məni qucaqladı və hiss elədim ki, mənimlə bir evdə qardaş kimi böyüyən balaca dayım ilk dəfədir ki, məni səmimi qucaqlayır. O da ağlayırdı. Evə qayıtdıq. Xalam şad xəbər ilə üstümüzə qaçdı. Onun həyat yoldaşının qohumu da xərçəngdən müalicə aldığını söylədi. Bunun üçün İrana getmək lazım idi. Az sonra nənə xaric, hamılıqla mətbəxtə oturub kimin İrana getməyini müzakirə edirdik. Təklifi edən Tamella xala və onun yoldaşı nənəni ora müayinəyə aparmağlarına hazır olduqlarını söylədilər.

Hamı səssizcə razılaşdı, çünki Tamellanın tibbi təhsili, yoldaşının isə maddi imkanı bizimkindən yaxşı idi.

Qaldı bir məsələ, hara getməklərini dəqiqləşdirmək və nənəni razılığa gətirmək...

Müayinə üçün ora gedən qohumla əlaqə saxladıq. Bütün məlumatlar, xəstəxananın və onları İranda qarşılayacaq adamın əlaqə nömrəsi hazır idi. Xalamın yoldaşı verilən nömrəyə zəng etdi. Xəttin o başındakı adamın danışığından heç nə başa düşməyib "whatsaapa” keçməyini xahiş etdi. Beş-on dəqiqədən sonra həmin adamdan beş dəqiqəlik səsli mesaj gəldi. Səsi dinləyib, heç nə anlamadılar. 

Hamını yeni dərd-dil dərdi bürüdü. Dil baryeri... Ətrafda yayılan panikanı salmaq üçün telefonu əlimə götürdüm. Gələn mesajı diqqətlə dinləyəndən sonra, başa düşdüm ki, adam azərbaycanca danışır, sadəcə fərqli ləhcəsi var. Bir dəfə də dinləyəndən sonra adamın nə demək istədiyini bizimkilərə tərcümə etdim. İrandaki adam, sadəcə, bizi qarşılayıb, hostelə və xəstəxanaya yerləşdirməyə hazır olduğunu söylədi. Bizim Ərdəbilə gəlib, həmin nömrəyə zəng etməyimiz bəs edirdi.

Bu xəbərə hamılıqla sevindik. Növbəti tapşırıq nənəni razılığa gətirmək idi, bunu da yalnız qızların bacaracağını düşündük. Qızlar nənənin otağına girdikdən beş dəqiqə sonra, otaqdan nənənin "məşhur” söyüşləri səslənməyə başladı. Hətta oğlanları çağırıb, "bu xəstələri” otaqdan qovmaqlarını tələb etdi. Sıra bizdə idi. Üç dayım, mən və xalamın yoldaşı eyni səs tonunda "qızlar düz deyir, bu, sənin yaxşılığın üçündür” dedik. Hardasa on beş saniyə sakit durduqdan sonra, nənə məndən başqa hamının otağı tərk etməsini xahiş etdi. Uşaqlar otaqdan çıxdıqdan sonra "Bir şərtlə getməyə razılıq verirəm, sən mənimlə gedirsən. Orda nə baş versə, hər şeyi sözə-söz, mənə tərcümə edirsən!” dedi. 
Söz verdim. İnanmadı, and içdirdi.

Həmin axşam toparlanmağa başladıq. Çox həyəcanlı idim. Hər şey bir tərəfə, xarici pasportumda İran möhürünün olmasını istəmirdim. Bu möhür mənim gələcəkdə İsrailə getmək planıma ziyan ola bilərdi. "Əşşi eybi yoxdur, səbəbini söyləyərəm, əl çəkərlər...” düşündüm. Tez yatmalı idik, amma dördümüz də həyacandan yata bilmədik. Səhər beş oldu, yerimizdən qalxıb, nənəni yenidən ayaq üstə durmaq, yerimək imkanlarını yoxladıq. Dözümlü idi, ayaq üstə qala bilirdi, az da olsa, yeriyə bilirdi. Bəlkə də, həyəcanlı olduğu üçün bütün ağrılarını unutmuşdu. Çox gözəl görünürdü, elə bil, heç nə baş verməmişdi. Sanki indi İrana müalicəyə deyil, əvvəlki kimi, yığışıb harasa qonaq gedirdik...  

Axşamdan razılaşdığımız taksi sürüçüsü artıq qapıda idi. Qabaqda bizi uzun, yuxulu və darıxdırıcı yol gözləyirdi. Yaxşı ki, taksi şoferi Salyanlı çıxmışdı. Qabağına çıxan hər kəslə zarafat edib, məzələnirdi. Onun zarafatlarına biz də gülümsəyirdik. Elə Salyan yolunda, yol qırağında balıq satırdılar, nənəm qiyməti ilə maraqlandığı üçün, sürücü saxlayıb, balığın qiymətini soruşdu. Satıcının söylədiyi yadımda deyil, amma yadımdadı ki, qiymət heç bizim sürücüyə xoş olmadı. Narazı-narazı: "Elə bil, balığı kilo ilə yox, metrə ilə satırlar” deyib, yoluna davam etdi...

Yolun başında Biləsuvar gömrüyü göründü. Sürücü hazırlaşmağımızı istəyərək, xeyir-duasını verdi. Maşından çıxdıq, demək olar, üstümüzdə heç bir əşya olmadığından, birbaşa sərhədi keçmək üçün yola düşdük. Azərbaycan tərəfi adəti üzrə alverçilərlə dolu idi. Amma uzun növbə olmadı, İran tərəfə asanlıqla keçdik. Elə ilk addımda iki qonşu ölkənin fərqini anladıq, gömrük işçisi nənəmə və xalama başlarını örtmələrini dedi. Problem baş örtməklə bitmədi. Xalam cins şalvarda olduğu üçün, gömrükçdü dedi ki, onu bu şəkildə İrana buraxa bilməz. Həyatında ilk dəfə sərhəd keçdiyinə görə, xalam panikaya düşdü. 

Yol boyu bütün diqqətimiz və qayğımız nənənin üzərində idi. İndi xalam qorxmuşdu deyə, nənəmlə xalam rollarını dəyişdilər. Vəziyyəti ələ almaq üçün bir daha sərhəd işçisinə yaxınlaşdım və problemin nə olduğunu soruşdum. İzah elədi ki, xalam uzun ətək geyinməlidir. Əlavə baqajımız olmadığından, xalanın daha "abırlı” paltar gətirmədiyini söylədim. 
Sərhədçi dirəşmişdi. Bir anlıq xalamın çiynində əlavə şal olduğunu görüb, xahiş etdim ki, həmin o şalı şalvarın üstündən dolayıb, don forması versin. Sərhədçi öz şüşəli kabinindən çıxıb, xalamı başdan ayağa süzdü. Nə mən, nə də xalamın yoldaşı heç nə demədik. Öz "namus-qeyrət” mövzumuzu bir kənara atıb, sakitcə sərhəddi keçməli idik. 

Gömrükdən çıxıb, dəmir qəfəsli dəhlizə keçdik. Orada qarşımıza iki İran sərhədd işçisi yaxınlaşaraq, azərbaycan dilində "torpaq basdı” üçün pul ödəməli olduğumuzu söylədi. Formaları səliqəsiz olduğu üçün və bir-birinə baxıb gülümsədikləri üçün anladım ki, burda nəsə "soxuş” var. Xalam yoldaşı isə o dəqiqə əlini cibinə atdı. Göz-qaşla ona işarə elədim ki, tələsməsin. Özüm isə, evdəkilərin qabağına keçərək həmin bu iki nəfərin qarşısında durdum. Dedim ki, üstümüzdə nağd pul yoxdur və əgər bu ödəniş qanunidirsə, ödəmə terminalından ödəyə bilərəm. Bu sözlərimdən sonra bir-birinə baxıb, gülümsəyən gömrükçülərin sifətindəki ifadə dəyişdi:
- Heç yoxdu?
- Xeyir, yoxdu. 
- On manat da, beş manat da yoxdu?
 
Bu suallardan anladım ki, bunlar bizimlə məzələnib. Pulumuzu qanunsuz mənimsəmək istəyirlər. Gülümsəməyə başladım və paltomun çibindən metrokartımı çıxararaq, onlara tərəf uzadıb:
- Ancaq kartla ödəyə bilərəm, - dedim. 
Bir- iki saniyə səssiz durdular. Sonra bizə farsca nəsə deyərək, yolumuzdan çəkildilər. Beləliklə, biz İrana ayaq basdıq...

Dəhlizdən çıxdığımız an taksi sürücüləri eynilə 20 Yanvardakı "manatlıq taksilər” kimi, üstümüzə hücum etdi. Xalamın yoldaşı canlı ünsiyətdən sonra anladı ki, o, iranlıları heç anlamır və bunun üçün məni qabağa verdi. Bizə görə, bir-birini qıran sürücülərə sadəcə "Ərdəbil” söylədim. Sanki sehirli söz  söyləyirmiş kimi, qarşımızdaki kütlə iki yerə ayrıldı, yanımızda qalan yarısı bizim əl-qolumuzdan tutaraq, maşınlarına tərəf aparmağa cəhd edirdi. Özü də hərəmizi başqa - başqa maşınlara... 

Artıq sehirli sözümün ikinci hissəsini söyləməyin vaxtı olduğunu düşünərək, "yox biz dörd nəfərik" dedim. Bu sözümdən sonra daha beş nəfər bizdən ayrıldı. Qarşımızda bir nəfər qaldı. Mənə söylədi ki, onu gözləyək, o da gedib maşını gətirsin. Xalama işarələrlə başa saldım ki, nənənin başını qatsın, siqaret çəkim. 

Maşınların arasına keçib, bir siqaret yandırdım.
- Anlamıyorum, ben sizi anlamiyorum. 
Dəhlizdən çıxan bir türk idi, sürücülər onun üstünə hücum edib, hara getdiyini soruşurdu. O isə, bu adamları başa düşmürdü. Seyr etdiyim mənzərə məni güldürdü. Elə siqaret çəkə-çəkə onlara baxıb, gülürdüm. Özünü itirmiş türk sağa, sola baxırdı. Birdən gözlərimiz bir-birinə sataşdı. Gülümsəməyimi görən insan mənə yaxınlaşaraq,
 -Abi, türkçe anlıyormusun?- deyə soruşdu.
- Evet, anlıyorum - dedim. 

Bizim dialoqumuzu dinləyən iranlılardan biri: 
- Baba, biz də başa düşürük də - söylədi. 
Özümü saxlaya bilməyib, daha çox gülməyə başladım. İranlılar da mənə qoşulmuşdu. Türk isə bizə baxıb:
- Ne gülüyon? Hiç bir şey anlamıyorum, - dedi. 
Cavabına iranlılar: 
- Baba, biz də türkük də, - dedilər. 
O an türk mənə baxdı:
- Azerimisin?
- Evet. 

İranlılardan biri:  
- Yox azəri deyil, o azerbaycan türküdür, - dedi. 
Bunu eşidəndə, əməlli-başlı qəhqəhə çəkdim. Türk də mənə baxıb, güldü. Bu səfər iranlılar bizə baxıb, nə baş verdiyini başa düşməyə calışırdı. Güləndən sonra türk abidən hara getmək istədiyini soruşdum. 
- Tehran, - dedi. 
Bunu sürücülərə dedim. Onlardan biri türkü Tehrana aparmağa razı oldu. Türk əlimi sıxıb, sağollaşaraq: 
- Vallah, sen bunları nasıl anlıyosun? – deyə bir ritorik sual verərək, uzaqlaşdı. 
Elə o zaman  düşündüm:
- Yəhudi - sizi birləşdirən dəyər...

Bizim taksiyə yaxınlaşdım. Maşına minib, şoferdən xahiş etdim ki, əlimizdə olan nömrəyə zəng etsin, ünvanımızı daha dəqiq öyrənsin. Beləliklə, sürücümüzlə bələdçimizi bir-birinə calayaraq, yerimdə rahatlayıb, yuxuya getdim. Yağış yağırdı, hər tərəf yaş və boz rəngdə idi, hər tərəfdə hardansa tüstü qalxırdı.
 "Bozun əlli çalları” adlı roman Ərdəbilə daha çox yaraşardı. Şəhər boş idi, hər yerdə Xommeyinin şəkilləri və qara bayraqlar ilə sancılanmışdı. Bələdçimizdən soruşdum:
- Nəyə görə heç kim yoxdur? 
- İranda altıdan sonra hər yer bağlanır. Bir də indi Aşura gününə hazırlıq gedir deyə, küçələr boş olur...

İlk gün nənəni taksi ilə analiz verməyə apardıq. Nənəmlə aramızda rus dilində danışdığımız üçün həkim bizi çox sevdi. Dediyinə görə, rus dilinə aşiq idi  və tələbə vaxtlarında Rusiyada yaşamışdı. Bu xəbəri eşidəndən sonra mən də səbəbsizcə sevindim. Düşündüm ki, indi həkimlə bir-birimizə daha yaxın və səmimi olarıq. Analizi götürəndən sonra bizi qapıyadək yola saldı.

Üç gün, üç gecə hosteldən bayra çıxa bilmədik. Çıxıb, harasa getməyə belə yer yox idi. Yalnız girişə düşüb, yekə İran pullarına siqaret alıb, qayıdırdım. Günlərin birində nənəm məndən yoqurt istəmişdi. Marketə düşüb, üç-dörd növ fərqli yoqurtlar alıb, gətirdim. Nənəm yeyəndən sonra onların hamısının qatıq olduğunu söyləyib, İrana lənət oxumuşdu. 
Axırıncı gün bələdçimiz hostelə gəldi, analizlərin cavablarını götürmək üçün hospitala getmək lazım olduğunu bildirdi. Fikirləşdik ki, burdan əşyalarımız ilə birliktə çıxaq, daha hostelə qayıtmayaq. Nömrələrimizi təhvil verdik. "Nömrə” də deyirəm... Kafelli, boş otağın içində iki setka yataqdan başqa heçnə yox idi. Özümü çox həyəcanlı hiss edirdim. Bilmirəm nəyə görə...Həmin həkimə çox ümid bağlamışdım. Hospitala gəlib, çıxmışdıq. 
Həkim nənənin üzünə gülərək, əyləşməsini istədi. Özü isə masanın üstündəki analizlərin cavablarına baxıb, gülüşünü itirirdi. Vəziyyətin yaxşı olmadığını anlayıb, yalandan öskürərək, həkimin diqqətini özümə cəlb elədim.

Həkim nənəmə baxaraq:
- Anam, sən burda otur, mən gəlirəm, - dedi. 
Sonra otaqdan çıxanda, gözləri ilə mənim də çıxmağımı işarələdi. Onun işarəsindən sonra, bütün bədənim daşa döndü. Ayağımı yerdən qaldırıb, addım ata bilmirdim. Lakin, üzərimdə nənəmin baxışını hiss edərək, özümü tez yığışdırıb, həkimin dalınca çıxdım. 

Analizlərin cavabı çıxmışdı. Nənəm xərçəngə yaxalanmışdı. Bayaq daşa dönən bədən və ayaqlarım indi sanki pambıq olmuşdu. Dərindən nəfəs almaq istədiyim an başım gicəlləndi, yıxıldım. Həkim tez məni qucağına alıb, köməkçisinə nəsə söylədi. Tibb bacısı qayçıvari bir alətin üstündə naşatır iylənən pambığı burnuma soxaraq, məni ayıltdı. 
Gözümü açanda həkimin qucağında olduğumu gördüm, səsim çıxmasın deyə tez həkimi qucaqlayıb, üzümü sinəsinə sıxdım. 

Həkim isə:
- Bala, möhkəm ol, hələ hər şey qabaqdadır, dur, tez gedək başqa otağa. Səni belə görməsinlər, - dedi. 
Ayağa qalxdım. Gözüm qaralırdı. Həkimin nə dediyini eşitmirdim. Beynimdə: "Mən bunu nənəyə necə deyəcəm?!" sualı yer tutub, xaricdən gələn hər səsi bloklayırdı. 

Başqa otağa girdik, məni otuzdurub, su verdilər. Əlimi siqaretimə atdım. Həkim tibb bacısına baxaraq, başını yellədi və siqaret çəkməyə içazə verdi. Otağa sükut çökdü, bu an dodağımda kömürlənən tütün daha çox eşidilirdi:
 – Nəsə etmək olmaz? 
– Biz indi ona cihazla baxacayıq...
- Mən bir az burda qalmaq istəyirəm.

Qırx dəqiqədən sonra otağı tərk etdim. Dəhlizdə xalamla yoldaşını gördüm. Nənəmin harda olduğunu soruşdum. MRT-yə aparmışdılar. 
Elə bu an başqa bir otağın qapısı açıldı, həkim xalamı çağıraraq otaqdan çıxdı. 

Xalam içəri keçdi, həkim isə məndən onun dalınca gəlməyimi xahiş etdi. Yenidən başqa otaqda idik. Üzümə baxmadan:
- Çox gecdi, - dedi. 
Masanın üzərində yığılan bütün sənədlərə imza ataraq, başını mənə tərəf heç qaldırmadı.
 – Həkim, mən bunu onlara deyə bilmərəm, siz də deməyin. Bəlkə necəsə edə bilərik? Dərman və ya ağrıkəsicilərdən yazın, alıb evimizə qayıdaq? 
- Yaxşı, elə də edəcəm, amma onu bil ki, axıra qədər gizlədə bilməyəcəksən...
Nənəm xalamın qoluna girərək, dəhlizə çıxmışdı, həkim mənə farsca yazılan bir topa kağız verdi, elə hospitalın qabağındaki əczaxanadan hər şeyi ala biləcəyimizi söylədi. Onu bilirəm ki, ömrünün sonuna qədər, ordan alınan bir dərmana görə, nənəm həkimə təşəkkür edirdi. Boğazındaki kəskin ağrıları o dərman sakitləşdirə bilirdi. 
Xudahafiz, İran...

İki ay sonra nənəm rəhmətə getdi. Amma xərçəng diaqnozu bizlərlə yaşadı. Uşağından böyüyünə kimi... Rusiyadan İrana kimi... Nənənin ilindən sonra Türkiyəyə getdim. Günlərin birində türk iş yoldaşım "kanser”dən danışırdı. 

Onun nəzəriyyəsinə görə xərçəng xəstəliyi yəhudilərin icadı idi. Çünki dünyada heç bir yəhudi xərçəngdən ölmürmüş...

Hekayə "Salaam Cinema"nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən "Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində yazılıb.