Diktator 25 illik hakimiyyətini necə qorudu? – Ən yeni tarix

Diktator 25 illik hakimiyyətini necə qorudu?   – Ən yeni tarix

31-01-2015 11:54 / Bu xəbər 1183 dəfə oxundu

Özbəkistan prezidenti İslam Kərimov daha yeddi il ölkəni idarə edəcək. 1990-cı ildən hakimiyyəti əlində saxlayan Kərimovun dəyişməyən qalibiyyəti bu arxayınlığı ilə fərqləndi. 

Seçkilərin nəticəsi açıqlanan kimi Rusiya prezidenti Vladimir Putinin Kərimovu təbrik etməsi də təsadüfi deyil. 

Orta Asiyada möhkəmlənmək və Avrasiya İqtisadi Birliyini genişləndirmək niyyəti olan bir ölkə üçün bu, sadəcə gedişdir.

Kərimov 1938-ci ildə Səmərqənddə doğulub. Avtomobil mühəndisliyi və iqtisadiyyat üzrə ali təhsil alıb və 1964-ci ildə Kommunist Partiyasına üzv olub. O, dövlət qulluğunda işə başlamazdan bir müddət öncə təyyarə sənayesində çalışıb. 1983-1986 illərdə maliyyə naziri və Baş nazirin köməkçisi olan Kərimovun adı elə o vaxtdan rüşvət və digər qalmaqallarda hallanırdı. Bu səbəbdən Kərimov 11 avqust 1984-1987-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən nəzarətə götürülüb.

İslam Kərimovun siyasi karyerası 1989-cu ildən parlamağa başladı. Özbəkistan SSRİ-nin Kommunist Partiyasının Birinci katibi olan Kərimov 31 avqust 1991-ci ildə Özbəkistanın müstəqilliyini elan edərək 29 dekabr 1991-ci ildə keçirilən seçkilərdə 86 faiz səs topladı və ölkənin ilk prezidenti oldu.

Ölkədə yetərli alternativ gücün olmaması 1995-ci ildə mübahisəli bir referenduma gətirib çıxardı. Xalq səsverməsi ilə Kərimov vəzifə müddətini 2000-ci ilə qədər uzada bildi. 9 yanvar 2000-ci ildə isə tək rəqibə qarşı 91,9 faiz səs qazanaraq ikinci dəfə prezident seçildi.

İ.Kərimovun prezidentlik dövrü ölkə başçılığını əlində saxlamaq üçün atdığı addımların xronologiyası ilə düz mütənasiblik təşkil edir. O, 27 yanvar 2002-ci ildə ikinci dəfə referendum keçirərək prezidentlik müddətini 5 ildən 7 ilə qədər artırmaqla bu qanunauyğunluğu davam etdirdi.

Xarici siyasətdə ikili oyun oynayan Kərimov 11 sentyabr hadisələrindən sonra ABŞ-la maksimum dərəcədə yaxınlaşdı. Yaxın müddət ərzində Vaşinqtonun Orta Asiyada ən yaxın müttəfiqlərindən birinə çevrilən Kərimov Əfqanıstanda Taliban rejiminə qarşı koalisiyaya qoşulmaqdan belə çəkinmədi. Məhz bu səbəbdən 2000-ci illərdə Özbəkistanda baş alıb gedən insan haqları pozuntusu, korrupsiya qalmaqallarına göz yumulub.

2005-ci ilin mayında Əndican hadisələri baş verəndə əksər analitiklər Kərimovun sonunun yaxınlaşdığını deyirdi. 2005-ci il mayın 13-də minlərlə insanın keçirdiyi dinc nümayiş xəbərdarlıq verilmədən ordu tərəfindən dağıdıldı. Hökumətin 200, müstəqil mənbələrin dediyinə görə 500 insanın ölümü ilə nəticələnən hadisə Vaşinqton tərəfindən sərt tənqid olundu. Lakin bu bəyanat Kərimovun ölkədə yerləşən ABŞ qüvvələrinin deport edilməsi ilə nəticələndi. Lakin hələ də bu cinayətə görə, heç kim məsuliyyətə cəlb olunmayıb.

Ölkədə insan haqlarının ciddi tapdanması, rejimin yarıtmaz daxili və xarici siyasəti tənqid olunmaqdadır. 2007-ci ilin dekabrında keçirilən prezident seçkilərində Kərimovun namizədliyi böyük səs-küyə səbəb olsa da, Abduqəniyeviç 90,6 faiz səslə yenidən prezident seçildi. Həmin seçkilərdən sonra Qərb təşkilatları xeyli qanun pozuntusu olduğunu iddia etsə də, nəticə dəyişmədi.

Xatırladaq ki, dünən keçirilən seçkilərdə rəqəmlərə görə, əhalinin 90,39 faizi və ya 17 milyon 122 min 957 nəfər Kərimovu dəstəkləyib. Bu yaxınlarda 77 yaşını qeyd edən Kərimov 2022-ci ilə qədər ölkənin sükanı arxasında olacaq.

Şəmsəddin Ənsar

Arqument.Az