"Dil və Ədəbiyyat forumu": "Hər kəs öz dovşanının davasını edirdi"

04-09-2023 12:02 / Bu xəbər 818 dəfə oxundu

"Məsələn, forumun Şamaxı boyunda bircə qəfildən qız-gəlinin üstünə şığıyan cöngə çatışmırdı"

""Azərbaycan mədəniyyəti - 2040" strategiyasını əhatə edən "Dil və Ədəbiyyat forumu" bitdi. Əvvəlcə bu 40 şifrəsi haqqında. Bir dəfə yazmışdım ki, "Müstəqillik aktı"nın qəbulundan sonra Azərbaycan xalqı "40 illik səhra gəzintisi" dövrünə qədəm qoyub. Köhnə dəyərlər və onların çörəyini yeyən nəsil səhrada ələnməlidir ki, yeni nəslin öz dəyərlərini yaratması üçün əngəllər aradan qalxsın". 

Şair Aqşin Yenisey sosial media hesabında forumu şərh edərkən qeyd edib. 

O bildirib ki, mədəniyyətin inkişafı ilə bağlı köhnə nəsillərlə yeni nəsillərin dialoqu mümkün deyil: "Bu "40 il" kodu mədəniyyətin qabıqdəyişmə müddətidir. Bizim köhnə qabıqdan tam çıxmağımıza 10 il qalıb. Strategiyanın 2040-cı illə yekunlaşması da təsadüfi deyil; bu müddət mədəniyyətin yenilənməsi üçün bioloji zərurətdur".    

 
""Dil və Ədəbiyyat forumu"ndan gəldiyim nəticələr: 
1. Köhnə nəsillərlə yeni nəsillərin dialoqu mümkün deyil. Çünki məqsədləri bir-birinə ziddir. Köhnələr keçmişi qorumaq, yenilər gələcəyi yaratmaq istəyir. Dövlət ikisindən birini seçməli və prosesin ağırlıq mərkəzini seçdiyinin üzərində qurmalıdır.
2. Mədəniyyətin inkişafı dedikdə hər kəs özünü, təmsil olunduğu təşkilatı, qrupu mədəniyyətin mərkəzinə qoyduğu, öz dovşanının davasını etdiyi üçün inkişaf strategiyası mədəniyyəti təmsil edən adamların müdaxiləsi olmadan həyata keçirilməlidir.
3. Forum göstərdi ki, bürokratik heyət daha hazırlıqlı və uzaqgörəndir. Mədəniyyətimizin mövcud intellektual potensialı özünü yeniləmək gücündə və niyyətində deyil. Ümumi düşüncədə gələcək haqqında aydın təsəvvür yoxdur, çünki belə bir qayğısı olmayıb. 
4. Strateji məsələlərdə mədəniyyətdən el şənliyi atmosferi yığışdırılmalı, məsuliyyət "intellektual nüvə"nin üzərinə qoyulmalıdır. Məsələn, forumun Şamaxı boyunda bircə qəfildən qız-gəlinin üstünə şığıyan cöngə çatışmırdı. 
5. Mədəniyyətin daxilində "Xüsusi təyinatlılar", yaxud "Asan xidmət" modelləri kimi praktik bir qrup yaradılmalı, şəxsləri deyil, əsərləri önə çıxaran meyarlar müəyyən olunmalıdır", - deyə şair qeyd edib. 

Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirilib.

Sentyabrın 2-4-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə keçiriləcək forum Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutub. 

Tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin iştirak edəcəyi forum sentyabrın 2-də Azərbaycan ədəbiyyatına və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şamaxı şəhərində başlayıb, sentyabrın 3-4-də isə Bakıda davam edib.