Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana gətirildi

Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana gətirildi

14-12-2020 18:44 / Bu xəbər 679 dəfə oxundu

Ermənistanda girovluqda saxlanılan Azərbaycanlı əsirlər Şahbaz Quliyev və Dilqəm Əsgərov Azərbaycana gətiriliblər.

Bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verib.

Bildirilib ki, Rusiya Federasiyasının Prezidenti, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan, beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiq qalaraq Azərbaycan tərəfi müharibə vaxtı əsir götürülmüş erməni hərbçilərinin hüquqlarının təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələri ardıcıl olaraq yerinə yetirib:

"Əsir düşmüş ermənilər barədə məlumatlar müntəzəm Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya Sülhməramlı Qüvvələrinə təqdim olunmuş, birtərəfli qaydada onların bir hissəsi azad edilib. Azərbaycanda olduqları müddətdə həmin əsirlərə zəruri tibbi xidmət və ləyaqətli davranış göstərilib. Onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılmış və digər hüquqları təmin edilib”.

Məlumatda bildirilir ki, həmçinin müxtəlif səbəblərdən döyüşlər zamanı əsir düşmüş və ya girov götürülmüş Azərbaycan vətəndaşlarının qaytarılması məsələlərini daim diqqət mərkəzində saxlayaraq Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya Sülhməramlı Qüvvələri və digər beynəlxalq təşkilatlarla tərəfimizdən fasiləsiz olaraq danışıqlar aparılıb və bütün mümkün başqa tədbirlər həyata keçirilib:

"Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. Cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib. Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar”.

Komitə bildirib ki, Azərbaycan tərəfi bundan sonra da humanizm prinsiplərini rəhbər tutaraq əsirlərin, girovların və meyitlərin dəyişdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək.

Dilqəm Əsgərov və Şahbaz Quliyevi 2014-cü ildə Kəlbəcər rayonunda valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələrinin girov götürdüyü bildirilir.

Onların yanında olan Həsən Həsənovunsa qətlə yetirildiyi açıqlanmışdı. 

Tanınmayan və Azərbaycan tərəfinin separatçı saydığı "Dağlıq Qarabağ Respublikası”nın məhkəməsi Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum etmişdi.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan təmas xəttində başlanan döyüşlərə qədər Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasında saxlandığı bildirilirdi. 

Müharibə başlananda onların Yeravana köçürüldüyü söylənirdi.