DİM-dən müəllimlərin açıq məktubuna cavab

DİM-dən müəllimlərin açıq məktubuna cavab

05-07-2020 13:55 / Bu xəbər 8311 dəfə oxundu

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 2-də Riyaziyyat elmləri doktoru Rəşid Əliyev və Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Əliyevanın açıq məktubuna cavab verib.

DİM-in Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadənin Arqument.az-a göndərdiyi cavab məktubunda deyilir: "10 və 11 iyun 2020-ci il tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında test tapşırıqlarının asan və ya çətinliyi ilə əlaqədar bildiririk ki, Mərkəz tərəfindən eyni təhsil səviyyəsi üzrə müxtəlif günlərdə keçirilən imtahanlarda istifadə edilən suallar vahid texniki tapşırıq əsasında DİM-in müvafiq fənn üzrə test bankından kompüter proqramı vasitəsilə seçilir və sual kitabçaları da məhz bu tapşırıqlar əsasında formalaşdırılır. Hər bir imtahanda olduğu kimi, buraxılış imtahanlarında da müxtəlif hazırlıq səviyyəsinə malik şagirdləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir". 

"Buraxılış imtahanları layihələndirilərkən sual kitabçalarına daxil edilən tapşırıqların bölmələr üzrə, eləcə də mürəkkəblik dərəcəsinə görə bölgüsü, fənlər üzrə test blokunun strukturu (qapalı, kodlaşdırma tələb edən və yazılı cavab tələb edən tapşırıqların sayı) bu imtahanın bütün istiqamətləri üzrə eyni olub hər hansı istiqamət üzrə keçirilən imtahanda yenidən formalaşdırılmır və bu formatın dəyişdirilməsi də nəzərdə tutulmur. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda bütün fənlər üzrə istifadə edilən tapşırıqların mürəkkəblik dərəcəsinə görə bölgüsü bir daha nəzərdən keçirildikdən sonra vahid yanaşmaya hər iki imtahanda da riayət olunduğu, həmçinin imtahanlarda istifadə olunan tapşırıqların elmi-metodiki baxımdan düzgün tərtib olunduğu müşahidə edilmişdir", - açıqlamada bildirilir. 

Rəsmi açıqlamada qeyd olunur ki, keçirilən imtahanlarda fənlər üzrə tapşırıqların çətinlik dərəcəsinin fərqli olduğunu iddia edən mütəxəssislər DİM-ə şəxsən müraciət edərək elmi-statistik təhlillərə əsaslanan müvafiq izahat ala bilərlər: "İmtahanın məzmunu, sual nümunələri isə zatən əvvəlcədən hər kəsə bəllidir və qəbul proqramı, test tapşırığının modelləri DİM-in nəşr etdiyi müxtəlif vəsaitlərdə öz əksini tapır. Bununla belə, 10 və 11 iyun tarixlərində keçirilən imtahanlarda fənlər üzrə tapşırıqların çətinlik dərəcəsinin fərqli olduğunu iddia edən mütəxəssislər DİM-ə şəxsən müraciət edərək elmi-statistik təhlillərə əsaslanan müvafiq izahatla təmin edilə bilərlər".

"Əlavə olaraq qeyd edək ki, test tapşırıqlarının məzmunu ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 13 iyul 2020-ci il tarixindən etibarən onlayn apelyasiya prosesi təşkil ediləcək. Apelyasiya komissiyasına müraciət etmək istəyənlər 6-8 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Sual kitabçasının sosial mediada yayılması məsələsinə gəldikdə isə DİM hər bir imtahandan sonra həmin imtahanda baş verən qayda pozuntuları ilə bağlı açıqlama verir. Bu qayda pozuntuları haqqında məlumat 10 və 11 iyunda keçirilən imtahanlarla bağlı xəbərlərdə də öz əksini tapıb. Sual kitabçasının müəyyən bir hissəsinin şəklini çəkilməsi və sosial şəbəkələrdə yayılması halı imtahandan sonra baş verib. Abituriyent sual kitabçasını nəzarətçiyə təhvil vermədən özü ilə aparıb və sonradan şəklini çəkərək sosial mediada yayıb. Buna görə həmin abituriyentin imtahan nəticəsi ləğv olunub", - DİM-dən bildirilib.