DİN Bayram Məmmədova işgəncə verilməsini təkzib edib

DİN Bayram Məmmədova işgəncə verilməsini təkzib edib

10-04-2019 15:43 / Bu xəbər 934 dəfə oxundu

Daxili İşlər Naziri martın 30-da saxlanılıb, 30 sutka inzibati həbs edilən Bayram Məmmədova işgəncə verilməsi xəbərinə bir həftə sonra reaksiya verib.

DİN-in mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Orxan Mansurzadə "Qafqazinfo”ya açıqlamasında bildirib ki, döyülmə nəticəsində B.Məmmədovda başgicəllənmə və qusmalar olması ilə bağlı xəbər əsassızdır.

"İctimai diqqəti cəlb etmək üçün belə fikirlər yayırlar. İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsi bu yaxınlarda yenidən qurulub və ən müasir tələblərə cavab verir. Orada saxlanıların hüquqlarının təmin olunması, yaxınları ilə görüşməsi, qida ilə təmin olunması, qohumları ilə görüşməsi üçün tam şərait yaradılır. Bu xidmətdə nazirlik, prokurorluq, Ombudsman aparatı və digər ictimai nəzarətlə məşğul olan təşkilatlar mütəmadi monitorinq keçirir. Orada hər tərəf kameralarla təchiz edilib”.

O.Mansurzadənin sözlərinə görə, ümumiyyətlə, orada heç kimi döymürlər.

"Həmin məlumat yayılan gün Ombudsman aparatı xəbərdar etmədən birbaşa başvurma həyata keçirib, Bayram Məmmədovla görüşüblər və deyilənlərin heç biri öz təsdiqini tapmayıb. Daha sonra İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri də baxış keçirib və adıçəkilən şəxslə görüşüblər. Yəni, həm dövlət, həm ictimai nəzarət altında belə iddiaların real olması mümkünsüzdür. İnsanın səhhətində müəyyən problemlər ola bilər, onda da həkim yoxlamasından keçirilirlər, müvafiq müalicələrini alırlar”.

Bayram Məmmədova qarşı işgəncələrin olmasını aprelin 2-də vəkil Elçin Sadıqov apelyasiya məhkəməsi zamanı dilə gətirib.

Onun üzərindəki xəsarət izlərini hakimə göstərərək, vəkil deyib ki, burnunun üstündə, sağ gicgahında, dizlərində xəsarət izləri var.

"Qulağına baxın, görün nə günə qoyublar. Xahiş edirəm, bu xəsarətlərlə əlaqədar ekspertiza təyin olunsun. Qanunda da yazılıb ki, işgəncə şikayəti varsa, məhkəmə qərar qəbul edib, şikayəti araşdırılması üçün prokurorluğa göndərməlidir”.

Bundan başqa vəkil aprelin 1-də B.Məmmədovla görüşmək istədiyini, lakin buna icazə verilmədiyini deyib.

Hüquq-müdafiəçiləri bunu B.Məmmədovda xəsarət izlərinin olmasını vəkilin görməməsi üçün edildiyi kimi izah ediblər.

Apelyasiya məhkəməsində çıxış edən B.Məmmədov danışıb ki, 30 sutka həbs qərarından sonra onu Binəqədi təcridxanasına apardılar.

"Orada əl-ayağım bağlı vəziyyətdə, diz üstündə oturtdular, döydülər. Məni döyənlərdən ikisi buradadır (onu məhkəməyə gətirən iki nəfəri göstərir). Belə adamların üzünü yadımda saxlayıram. Məni rezin kameraya salıb, bir sutka əl-ayağım qandallı vəziyyətdə saxladılar. Kameradan çıxarıb döyürdülər. Deyəsən, təcrübəsiz idilər, üzümə vurdular, izi qaldı”.

Aprelin 7-də NİDA Vətəndaş Hərəkatı da bəyanat yayaraq, Bayram Məmmədovun təcili xəstəxanaya köçürülməsini tələb edib:

"Nida Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədov İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasında (Binəqədi həbsxanası) fiziki təzyiqlərə, igəncələrə məruz qalandan sonra sağlamlığında ciddi problemlər yaranıb. Həmin təcridxanadan çıxan məhbusların verdiyi məlumata görə, Bayram Məmmədovun ağrıları şiddətlənməkdədir. O, başından çoxlu zərbələr alıb, baş gicəllənmələri var və hər axşam qusur. Bunlar isə beyin silkələnməsinin əlamətləridir”.
 
Meydan.tv