DİN: "Bəxtiyar Hacıyevin qaldırdığı məsələlər araşdırılacaq"

DİN:

24-04-2022 17:34 / Bu xəbər 3114 dəfə oxundu

Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib.

Aprelin 23-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb. 

"Turan" ın məlumatına görə, bu barədə DİN mətbuat xidmətinin şöbə müdiri Elşad Hacıyev məlumat verib.

***

İctimai fəal Bəxtiyar Hacıyev naməlum şəxslər tərəfindən oğurlandığını və döyüldüyünü deyir. 

Bu barədə o, öz "facebook" səhifəsində yazıb.

Hacıyev deyib: "21 aprel saat 23 radələrində evə getmək üçün M.Naxçıvani və Z.Əhmədbəyov küçələrinin kəsişməsində avtomobilimə yaxınlaşanda zibil qablarının arasından bir nəfər üstümə hücum çəkdi. Bu anda 4 nəfər qara maskalı şəxs məni zorla maşına əyləşdirərək, başıma qara torba keçirərək məni naməlum istiqamətdə apardılar".

Onun əllərini, gözlərini bağlayıblar, qulağına qulaqlıq taxıblar.

Bir müddət sonra onu maşından düşürüb başqa maşına mindiriblər və qaranlıq yerə aparıblar. Gözlərini açdıqda bir mənzilin hamamında olduğunu görüb.

"Tələb etdilər ki, Vilayət Eyvazovla bağlı tənqidi postlarımı kimin tapşırığı ilə yazdığımı deyim. Mən heç kimdən tapşırıq almadığımı deyəndə paltarımı çıxarıb, nalayiq davranışlarla tələb etdilər ki, Vilayət Eyvazov və Fuad Muradov (hökumətyönlü fəal) ilə bağlı postlarımı silim".

Hacıyevin sözlərinə görə, onun üzərinə sidik ifraz ediblər və bütün baş verənləri kameraya çəkiblər.

"Nazirlə bağlı tənqidlərimi davam etdirəcəyim təqdirdə məni zorlamaq, öldürməklə bağlı xəbərdarlıq etdilər. Bundan sonra yenə gözlərimi bağlayıb, gətirdilər naməlum bir yerə", - deyə Hacıyev bildirib.

Bir müddət sonra onu qaranlıq, düzənlik bir yerdə gözləri və əlləri arxadan yapışqan lentlə bağlı şəkildə maşından düşürüblər.

"Mən əllərimi və gözlərimi açanda ərazidən uzaqlaşmışdılar. Ətrafda yol, maşın, yaşayış yox idi. Bir müddət gözlədikdən sonra əraziyə daş boşaldan bir "Kamaz"ın gəldiyini gördüm. Sürücü məni yol kənarına qədər gətirdi, oradan da taksi ilə şəhərə qayıtdım. Sürücü məni götürəndə ərazinin Ramana qəsəbəsi olduğunu dedi.

Bu baş verən dövlət səviyyəsində cinayətkarlıq, mafiya davranışıdır, bütün mənəvi, insani dəyərlərin aşılmasıdır", - deyə Hacıyev yazıb.

Aprelin 22-də o, bir neçə idarəyə müraciət edib. O, daxili işlər nazirinin müavini İsmət Əliyevin yanına dəvət olunub. Amma fəal görüşün yekunlarına şübhə ilə yanaşıb, belə ki, vəzifəli şəxsin mövqeyindən onda belə bir təəssürat yaranıb ki, siyasətçi Tofiq Yaqublu polis tərəfindən döyüldükdən sonra öz-özünə xəsarət yetirməkdə ittiham olunduğu kimi, onun başına gələnlərin nəticəsi də belə olacaq.

Hacıyev hesab edir ki, ona qarşı bu murdar cinayəti törədən şəxslər tapılıb cəzalandırılmasa, bunun məsuliyyəti DİN başçısına aid olacaq.