DİN-dən eyvanda oxuyanlarla bağlı açıqlama: "...düşmən dəyirmanına su tökənlər"

DİN-dən eyvanda oxuyanlarla bağlı açıqlama:

26-06-2020 17:17 / Bu xəbər 1457 dəfə oxundu

Ehsan Zahidov: "Hər birinə təşəkkürümüzü bildiririk”

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov Yasamalda eyvanda mahnı oxuyaraq polislərə gül atan şəxslərlə bağlı açıqlama yayıb. 

E. Zahidov bu addımı "vətənpərvərlik nümunəsi" adlandırıb. O deyib ki, videoçarxı izləyicilərin böyük əksəriyyəti bəyənib, təqdir ediblər: "Bu vətənpərvərlik nümunəsinin bəzi "virtual qəhrəman”ların ürəyincə olmadığını bildirib:

"Onlar sosial şəbəkələrdə bu ifanın Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunduğunu iddia edərək vətənpərvərlik nümunəsi göstərən gənc müğənnilərin ünvanına nəinki tənqidi fikirlər səsləndirdilər, hətta onları düşmənsayağı təhqir etməkdən belə çəkinmədilər. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, müxtəlif muğam müsabiqələrinin qalibləri olmuş bir qrup gənc müğənni heç kimin xahişi və təklifi olmadan öz təşəbbüsləri ilə videoçarx hazırlamaq qərarına gəliblər. Vətənpərvər gənclərimiz bu təşəbbüslərini onunla əsaslandırıblar ki, onların da ailə üzvləri və yaxınları arasında şəhid olan, Qarabağ müharibəsində iştirak edən polis əməkdaşları olub. Buna görə də həm onların, həm də ümumilikdə polis əməkdaşlarının qarşıdan gələn peşə bayramlarını bu yolla təbrik ediblər. Gənc müğənnilər əvvəlcə Şəhidlər Xiyabanına gedərək orada uyuyan şəhid polis əməkdaşlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüblər. Daha sonra videoda görünən binaya gedərək sakinlərə onlarla birlikdə "Yaşa Azərbaycan” mahnısını ifa etmək niyyətlərini bildiriblər. Bina sakinləri də bu təşəbbüsü dəstəkləyərək mənzillərinin eyvanlarında mahnını ifa ediblər və sonda polis əməkdaşlarına gül dəstələri atıblar. Videoçarxın davamı olaraq gənc müğənnilər oradan Fəxri Xiyabana gedərək Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini yad ediblər”.

E. Zahidov gənc müğənniləri qınayanları "düşmən dəyirmanına su tökmək"də günahlandırıb: "Görəsən, belə bir vətənpərvərlik nümunəsi sərgiləyən gənclərimizin hansı hərəkəti düşmən dəyirmanına su tökən və bizə məlum olan antimilli qrupun heysiyyətinə toxunub? Əlbəttə ki, belələri heç vaxt istəməz ki, vətəndaşlarımız öz dövlətini bu qədər sevsin, onun inkişafı və tərəqqisi üçün əlindən gələni etsin. Biz isə heç bir təmənna güdmədən, öz ürəklərinin səsi ilə belə vətənpərvərlik nümunəsi göstərən gənc müğənnilərimizi dəstəkləyir və onların hər birinə təşəkkürümüzü bildiririk”.

Xatırlatma 

24 iyun tarixində sosial şəbəkələrdə Yasamalda bir qrup şəxsin eyvanlarda mahnı oxuyaraq polislərə gül atdığı görüntülər yayılmışdı. 

Sonradan həmin şəxslərin müxtəlif mahnı müsabiqələrinin iştirakçıları olduğu ortaya çıxıb. 

Bu görüntülər ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bundan əvvəl 7 iyun tarixində həftəsonu qapadılmaları zamanı Yasamalda polislərin zibil atmağa çıxan şəxsi həbs etməsinə etiraz olaraq bina sakinləri polisə zibil atmışdılar. 

Hadisənin səhəri isə polis bir qrup bina sakinini evlərdən yarıçılpaq şəkldə çıxaraq həbs etmişdi.

Vüsalə Mikayıl
Toplum.Tv