DİN: Hüseyn Abdullayev Bakıya gətirilib

DİN: Hüseyn Abdullayev Bakıya gətirilib

23-04-2018 11:04 / Bu xəbər 2481 dəfə oxundu

Sabiq deputatın beynəlxalq axtarışda olduğu bildirilirdi

Sabiq deputat Hüseyn Abdullayev aprelin 22-də Türkiyədə tutularaq Azərbaycana gətirilib.

Daxili İşlər Nazirliyi məlumatı APA-ya təsdiqləyib. Bildirilib ki, beynəlxalq axtarışda olan H.Abdullayev "İnterpol" tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib. Azərbaycana gətirilən H.Abdullayev Vergilər Nazirliyinin istintaq idarəsinə təhvil verilib və hazırda onun ifadəsi alınır. İlk məlumatı "Qafqazinfo” saytı yayıb. 

2012-ci ildə H. Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. Bildirilir ki, ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edilib.

"Oğuz Eli” İctimai Birliyinin sədri Hüseyn Abdullayev 2005-ci ildə 25 saylı Nizami II seçki dairəsində Milli Məclisə mandate qazanıb. Ancaq 2007-ci ilin martında Milli Məclisin iclasında hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu.

Sonradan o, azadlığa buraxıldı və Almaniyada mühacir həyatı yaşayırdı.

H.Abdullayev ötən ilin 13 oktyabrında prezident seçkisində iştirak edəcəyi haqda bəyanat vermişdi.

Sonradan o, seçkiləri boykot etdiyini açıqladı və bildirdi ki, İlham Əliyevin heç bir səbəb göstərmədən seçkiləri oktyabrdan aprel ayına keçirməsi, total və təcili saxtakarlığa hesablanmış bir addımdır.