DİN: “Jurnalistin təhdid olunması ilə bağlı cinayət işi açılıb”

DİN: “Jurnalistin təhdid olunması ilə bağlı cinayət işi açılıb”

09-05-2022 16:48 / Bu xəbər 2624 dəfə oxundu

MİA da Aytən Məmmədova ilə bağı açıqlama yayıb

Jurnalist Aytən Məmmədova mayın 9-da Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq dinlənilib.

Onun diqqətinə çatdırılıb fakt üzrə bütün zəruri tədbirlər icra olunur.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev jurnalistlərin sorğusuna cavabında bildirib.

Onun sözlərinə görə, jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

"Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir”, – E.Hacıyev belə deyib.

Medianın İnkişafı Agentliyi də (MİA) jurnalist Aytən Məmmədova ilə əlaqə saxlayıb.

Agentlik jurnalistin yaşadığı binanın blokunda hücuma məruz qalmasına həssaslıqla yanaşır və olayı diqqətdə saxlayır.

Bu barədə MİA-nin yaydığı açıqlamada qeyd olunub.

Bildirilir ki, "Media haqqında” Qanununun 6-cı maddəsinə əsasən jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə, onların təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.

Medianın İnkişafı Agentliyi jurnalistə hücumla bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxladığını qeyd edib: "Hadisənin nazirliyinin nəzarətində olduğu vurğlanıb. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcək”.

Mayın 8-də gecə saatlarında jurnalist Aytən Məmmədova naməlum şəxsin hücumuna məruz qalıb.

Jurnalistin sözlərinə görə, yaşadığı binanın blokuna girərkən bir nəfər arxasınca gəlib və liftdə bıçağı onun boğazına dirəyib: "Mənə dedi ki, məhkəmə işi barədə yazmayım. Qızımla hədələdi, amma hansı iş barədə hədələdiyini demədi”.

Aytən Məmmədovanın ən çox ictimailəşdirdiyi iş Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın oğurlanması, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı gedən məhkəmə işidir.

Jurnalist sosial şəbəkələrdə İlkin Süleymanovun günahsız olması, təzyiqlərə məruz qalması ilə bağlı paylaşımlar edirdi.

Hazırda Aytən Məmmədovanın daxili işlər naziri Vilayət Eyvazovun qəbulunda olduğu deyilir.