DMX-dən Vüsal Hüseynovun bahalı avtomobil alması barədə məlumatlara münasibət

DMX-dən Vüsal Hüseynovun bahalı avtomobil alması barədə məlumatlara münasibət

08-07-2019 20:20 / Bu xəbər 897 dəfə oxundu

Dövlət Miqrasiya Xidməti (DMX) Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynova 166 min manatlıq xidməti avtomobil alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DMX-nin İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini Elnur Kələntərli "Report"un sorğusuna cavab olaraq bildirib ki, Xidmət rəisi Vüsal Hüseynovun bahalı avtomobil alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Dövlət Miqrasiya Xidmətinin rəisinin xidməti avtomobili 13 il əvvəl alınıb, 3 il əvvəl isə istismar müddəti bitib. Amma buna baxmayaraq, hələ ki yeni avtomobil alınmayıb”.

Sosial şəbəkələrdə DMX rəisi Vüsal Hüseynovun iyunun 28-də 166 min 356 manat 40 qəpik məbləğində "BMW" markalı xidməti avtomobil alması ilə bağlı məlumatlar yayılıb.

Eyni zamanda, iyunun 28-də dövlətin rəsmi mətbuat orqanı olan "Respublika” qəzetində Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun minik avtomobilinin satınalınması üzrə iyunun 7-də keçirilən tenderin nəticəsi dərc olunub. 

Elanda qeyd olunub ki, açıq tenderin nəticələrinə əsasən "İMPROTEX MOTORS” MMC-nin qalib müəyyən edilib və müvafiq satınalma müqavilələri bağlanıb.