Dollar kreditlərinin dayandırılması hansı nəticələri verə bilər? - ŞƏRH

Dollar kreditlərinin dayandırılması hansı nəticələri verə bilər? - ŞƏRH

06-04-2016 13:27 / Bu xəbər 2972 dəfə oxundu

"İstehsal kreditlərinin dollarla verilməsinin dayandırılmasını dəstəkləyirəm".

Bu sözləri Qaynar.info-ya açıqlamasında bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov Maliyə Bazarına Nəzarət Palatası qərarına əsasən, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi 5 aprel 2016-cı il tarixindən etibarən 1 ay müddətinə dayandırılmasına münasibət bildirərkən deyib.

Əkrəm Həsənovun sözlərinə görə, gecikmiş də olsa, amma çox müsbət qərardır: "Bu qərar həm hüquqi cəhətdən, həm iqtisadi cəhətdən yaxşıdır. Hüquqi cəhətdən Konstitusiyanın 19-cu maddəsi, Mülki Məcəllənin 439-cu maddəsi onsuz da Azərbaycanda xarici valyutanın ödəniş vasitəsi kimi istifadəsini qadağan edir. Sadəcə banklar qanunu pozurlar. Konstitusiya Məhkəməsi də keçən il qanunsuz qərar qəbul edərək bu hallara haqq qazandırdı. Nəticəsi də hamı üçün ağır oldu. Əhali və sahibkarlar dollarla olan kreditləri qaytarmaqda çtinlik çəkirlər və ya qaytara bilmirlər. Maliyə Bazarına Nəzarət Palatasının bu addımı ötən il buraxılan səhvin nisbətən müəyyən müddətdə düzəldilməsi kimi qəbul edirəm". 

Ekspert hesab edir ki, qərar bir ay müddətinə nəzərdə tutulsa da, ola bilər bunun zamanı da uzadılsın: "İstehlakçının xarici valyuta ilə kredit götürməsi normal deyil. İstehlakçı bu pulu Azərbaycanda xərcləyirsə, bununla ya nəsə ala bilməz, ya da nəyisə təmir etdirə bilməz. Sahibkar da xarici valyutada kredit götürdükdə üzərinə düşən riski başa düşməlidir. Valyuta riski, milli vayutanın ucuzlaşmasını nəzərə almalıdır. İstehlakçıların hüquqlarının müdafiəsi onun üçündür ki, vətəndaş qanunları və maliyə məsələlərini dərindən bilməsə də olar. Hər kəs bu sahədə dərin biliklərə malik ola bilməz. Buna görə də bir çox xarici ölkələrdə xarici valyuta ilə kredit verilməsi qadağandır. Biz dəfələrlə səsləndirmişik ki, bu qərar qadağan olmalıdır. Bu baxımdan hesab edirəm ki, palatanın qərarı düzgündür. İstərdik bu ardıcıl olsun və ümumiyyətlə xarici valyuta ilə kredit verilməsin".

Əkrəm Həsənovun fikrincə, bu məsələdə vətəndaşlar üçün başqa bir təhlükə var ki, milli valyutada kreditin faiz dərəcələri artırla bilər: "Banklar cəhd edə bilər ki, bu yolla itkilərini bağlasın. Ancaq buna Maliyə Bazarlarına Nəzarət Palatası imkan verməməlidir".

Arqument.Az