Donald Tramp and içdi
21-01-2025 18:09 / Bu xəbər 106 dəfə oxundu
O, inaqurasiyadan sonra 48 dəqiqə içində onlarla sərəncam imzalayıb
ABŞ-nin 47-ci Prezidenti Donald Tramp and içərək vəzifəsinin icrasına başlayıb.
Tramp Vaşinqtondakı Kapitolidə and içdikdən sonra qısa, təxminən 30 dəqiqəlik nitq söyləyib.
"Amerikanın qızıl dövrü elə indi başlayır. Bu gündən etibarən ölkəmiz bütün dünyada yenidən hörmətlə qarşılanacaq. Bizdə indiyə qədər başqalarının sərhədlərini qorumaq üçün pul xərcləyən, lakin öz sərhədlərini qorumayan bir hökumət var idi. Bu gündən vəziyyət dəyişəcək. Artıq Amerikanın süqutu bitdi”, – Tramp deyib.
2024-cü ilin yayında Prezident seçkilərinin təbliğatı ilə əlaqədar Pensilvaniya ştatında silahlı hücuma məruz qaldığını xatırladan Tramp "Allah məni Amerikanı yenidən böyük etmək üçün xilas etdi”, – deyib: "Biz vətəndaşlarımız üçün ümidi, təhlükəsizliyi və əmin-amanlığı bərpa edəcəyik. Amerikalılar üçün 20 yanvar 2025-ci il Qurtuluş Günüdür. Bu gün mən bir sıra fərmanlar imzalayacağam. İlk olaraq Meksika ilə sərhəddə fövqəladə vəziyyətin tətbiqi ilə başlayacağam. Mən sülhpərvər və birləşdirici olacağam. Həyatın hər sahəsinə irqi və cinsiyyəti yeridən siyasətləri dayandıracağam. Biz ən güclü ordu quracağıq, amma uğuru qazandığımız döyüşlərlə deyil, bitirdiyimiz müharibələrlə və iştirak etmədiyimiz döyüşlərlə ölçəcəyik. Biz fəth edilməyəcəyik, qırılmayacağıq və qorxudulmayacağıq. Bu gündən etibarən Birləşmiş Ştatlar azad, suveren və müstəqil dövlət olacaq. Allah Amerikanı qorusun”.
Tramp çıxışı zamanı dərhal milli enerji fövqəladə vəziyyətini elan edəcəyini, strateji ehtiyatları dolduracağını və Amerikanın enerjisini bütün dünyaya ixrac edəcəyini vəd edib.
ABŞ Prezidenti Donald Tramp inaqurasiyadan sonra 48 dəqiqədən az müddətdə onlarla icra sərəncamı imzalayıb.
Tramp Cozef Baydenin prezidentliyi dövründə qəbul olunmuş 78 qərarı ləğv edib.
O bildirib ki, ABŞ-nin əvvəlki Prezident Administrasiyası "dərin inflyasiyaya əsaslanan, qeyri-qanuni və radikal təcrübələr həyata keçirib”.
Tramp imzaladığı fərmanla Kubanı yenidən terrorizmə sponsorluq edən dövlətlər siyahısına əlavə edib.
Bununla da Cozef Baydenin Kubanı terroru maliyyələşdirən ölkələr siyahıdan çıxarmaq haqqında fərmanı cəmi bir həftə qüvvədə qalıb.
Tramp həmçinin Meksika ilə milli sərhəddə fövqəladə vəziyyətin elan edilməsinə dair fərman imzalayıb.
Fərmana əsasən, Tramp administrasiyası ABŞ ordusundan qeyri-qanuni immiqrasiyaya qarşı mübarizədə istifadə etmək, transmilli dəstələrlə və narkotik ticarəti ilə mübarizə aparmaq, həmçinin qanunsuz miqrantların kütləvi deportasiyasını həyata keçirmək niyyətindədir.
Yeni Prezident həmçinin qanuni statusu olmayam miqrantların yeni doğulmuş övladlarına vətəndaşlığın verilməsinin dayandırılmasına dair də fərman imzalayıb.
Donald Tramp eyni zamanda ABŞ-ni Paris İqlim Sazişindən çıxarıb.
Yeni Prezident həmçinin enerji layihələri üçün icazə tələblərini asanlaşdıracaq və elektrik stansiyalarının tikintisini sürətləndirəcək Milli Enerji Fövqəladə Halının elan edilməsi haqqında fərman imzalayıb.
Fərmana görə, ABŞ-də daha çox neft və qaz yataqlarının qazılmasına icazə veriləcək. Ölkə neft və qaz hasilatını və ixracını artırmağı hədəfləyir.
Tramp ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı da fərman imzalayıb.
O, ÜST-nin COVID-19 pandemiyası ilə mübarizəsinin düzgün aparılmamasına etiraz olaraq bu addımı atıb.
Daha əvvəl Tramp ilk Prezidentliyi dövründə, pandemiyanın hökm sürdüyü 2020-ci ildə o, ÜST-dən çıxmaq prosesinə başlamışdı.
ABŞ-də 2024-cü il noyabrın 5-də Prezident seçkiləri keçirilib. Cozef Bayden seçkilərdə iştirak etməyəcəyini açıqlayıb.
Donald Tramp Demokratlar Partiyasının namizədi kimi irəli sürülmüş rəqibi Kamala Harrisi məğlub edərək seçkilərdə qalib gəlib.
Tramp ikinci dəfədir ki, Ağ Evin rəhbəri olur.
Onun ilk Prezidentlik müddəti 2017- 2021-ci illəri əhatə edib.