"Donbas ərazisi müharibə qanunları ilə idarə olunur"
03-09-2018 11:16 / Bu xəbər 1628 dəfə oxundu
Arif Hacılı: "Ukraynalılar, ukraynalıların dostları Zaxarçenkonu terrorçu dəstələrin başçısı hesab edir”
Rusiya hakimiyyəti, Rusiya tərəfindən keçmiş sovet respublikaları ərazisində yaradılmış separatçı rejimlərin rəhbərləri Zaxarçenkonu qüdrətli qəhrəman, onun qətlə yetirilməsini Ukrayna dövləti tərəfindən törədilmiş terror aktı kimi qiymətləndirir.
Bu sözləri Müsavat başqanı Arif Hacılı özünün "Facebook” səhifəsində yazıb.
"Zaxarçenkonun öldürülməsinə münasibət onun özünə, fəaliyyətinə olan münasibət kimi ciddi fərqlənir. Rusiya hakimiyyəti, Rusiya tərəfindən keçmiş sovet respublikaları ərazisində yaradılmış separatçı rejimlərin rəhbərləri Zaxarçenkonu qüdrətli qəhrəman, onun qətlə yetirilməsini Ukrayna dövləti tərəfindən törədilmiş terror aktı kimi qiymətləndirir", - Arif Hacılı bildirib.
"Ukraynalılar, ukraynalıların dostları isə onu həm terrorçu, həm də terrorçu dəstələrin başçısı hesab edir. Minlərlə insanın həlak olmasında onu günahkar sayır, ortaya sübutlar qoyur. Zaxarçenkonu Bin Ladenlə müqayisə edənlər də var. Siyasi ekspertlərin, şərhçilərin, analitiklərin yanaşması da birmənalı deyil”, - A. Hacılı yazıb.
A. Hacılı qeyd edib: "Biz istintaq və məhkəməsiz kiminsə cəzalandırılmasını qəbul etmirik. Amma Doneskdə baş verən hadisə ilə bağlı ciddi bir nüans var. Orada müharibə gedir. Donesk və ətraf rayonlar qanunsuz silahlı dəstələrin nəzarəti altındadır. İndi Donbas ərazisi Rusiyanın hərbi müdaxiləsi nəticəsində müharibə qanunları ilə idarə olunur. Zaxarçenko bu silahlı dəstələrin başçısı idi”.












