Doğum günü (Hekayə)

Doğum günü (Hekayə)

12-06-2020 13:06 / Bu xəbər 3265 dəfə oxundu

Günel Oğuz

(Hekayə)

Balaca Kənanın sevinci bir başqa idi. Sanki kiçik ürəyi körpə sinəsindən çıxacaqmış kimi hiss edirdi. Bunun da xususi bir səbəbi vardı. Çünki sabah Kənanın beş yaşı tamam olacaqdı və saymağı bacarmadığı halda anasının koməyi ilə bir aydir ki, günləri  sayırdı. Bir gün sonra, nəhayət ki, Kənan doğum günü uşağı olacaqdı, çoxlu hədiyyələr alacaq, arzu tutub şam üfürəcək, tort kəsəcəkdi. 

Anası Kənana çox sevdiyi hörumçək adam tortu bişirməyə söz vermişdi. Atası isə ona sevimli futbolçusu Ronaldonun şəkli olan futbol geyimini alacaqdı. Sima nənəsi də Kənançün bu formanı tamamlamağa idman ayaqqabıları almağı düşünürdü. Hələ Kənanın bilmədiyi nə çox hədiyyə vardı: xalası, bibisi, əmisi, dayısı və Lalə nənəsi ilə Rasim babasının hədiyyələri. Bir sözlə, Kənanın çox şeyi anlamağa başladığından bəri keçirəcəyi ən gözəl doğum günü olacaqdı sabah. Sabahkı günün özəlliklərindən biri də o idi ki, Kənanın doğum günü 8 Mart Beynəlxalq Qadınlar Günü ilə üst-üstə düşürdü. O da öz növbəsində atası ilə razılaşaraq  anasına və nənəsinə gözəl dibcək gülləri alıb gizləmişdi eyvanın altında. Hətta atası ilə birgə  körpə əllərilə anası və nənəsi üçün bir neçə kəlmə də ürək sözlərini yazmışdı. Səbrsizliklə gözləyirdi ki, səhər onları təbrik eləsin, sevindirsin.

Kənan körpə olsa da, paylaşmağı, ünsiyyət qurmağı, dəyər verməyi bacaran uşaq idi. Bu onun ailə ənənələrindən  irəli gəlirdi. Kənanın ailəsi Kəlbəcərin Taxtabaş kəndindən məcburi köçkün idi. Hərçənd bunu Kənan özü xatırlamasa da, ailəsi gözəl xatırlayırdı. Hətta dəfələrlə televizor verilişlərində, kompüterdə videolara baxanda Kənan bunların nə demək olduğunu soruşmuş, valideynləri işgal olunmuş torpaqlarımız, mənfur duşmənlərimiz ermənilər haqqında ona danışmışdılar. Bu səbəbdən də Kənan az-çox bu barədə məlumatlı idi.

Hər zaman olduğu kimi Kənan evdə yenə nənə-babası ilə qalmışdı. Atasi Tehran hərbiçi idi deyə neçə gün idi ki, evdə deyildi. Sabah axşam isə oğlunun doğum günündə yanında olacaqdı. Anası Aytən xanım isə tanınmış həkim idi. Saysız-hesabsız xəstələrə şəfa bəxş etmiş bu qadın eyni zamanda qayğıkeş ana, gözəl və diqqətli həyat yoldaşı idi. Hər kəs onu çox sevir, çox da hörmət edirdi. Həmişəki kimi Aytən xanım yenə də işdə idi. Onun evə gəlməsinə hələ  iki saat qədər vaxt vardı. Kənan tez-tez pəncərəyə qaçır, oradan yola baxır, anasının gəlmədiyini görüncə tez küçəyə çıxırdı ki, bəlkə, oradan görər anasının gəlişini.

Saatlar irəlilədi. Əslində indi Aytən xanım bir saatdan çoxdur ki, evdə olmalıydı. Amma gəlib çıxmırdı. Kənanın da artıq ürəyi sıxılırdı. Nənəsi onu sakitləşdirmək üçün deyirdi ki, indi ana gələcək, qapıdan girən kimi əlindən çantasını qoyub səni səsləyəcək:

- Hanı mənim dəcəl oğlum? Anasını niyə qarşılamır?

Bu sözlər Kənan üçün təsəlli olsa da, sözün əsl mənasında vəziyyət Lalə xanımın da ürəyindən deyildi. Dünyagörmüş bu xanım özü də Kənana bəlli etməsə də, qəribə bir sıxıntı hiss edirdi ürəyində. Sanki nəsə xoş olmayan bir şey baş verəcəkmiş kimi. Lalə xanım telefonunu götürüb gəlininə zəng elədi, amma zəngi cavabsız qaldı.

Artıq hava xeyli qaralmışdı qəfil Lalə xanımın telefonunun zəngi çaldı. Kənan tez qaçıb telefonu nənəsinə gətirdi, nənə nigaranlıq icində zəngi açdı:

- Alo…

Zəng edən gəlini idi: 
- Alo, anacan, eşidirsiz məni?
- Hə, qızım, niyə indiyəcən gəlmədin? Hardasan? Hər şey yolundadı?
- Hə, ana, məndən narahat olmayın. İndi imkan edib zəng edə bildim. Gəlməyəcəm bu gün. Gələ bilməyəcəyəm evə.
- Niyə,qızım? Nə olub axı? Bilirsən ki, Kənan səni necə həvəslə gözləyir.
- Bilirəm, ana, amma məndən asılı deyil. Çünki xəstəxanamıza çoxlu xəstə gətirilib. Yeni xəstəlikdir. Koronavirus adli xəstəlik yayılıb. Biz o xəstələrlə məşğul olmalıyıq.
- Anladım, qızım, Allah yardımçınız olsun. Eybi yox, canın sağ olsun. Əsas odur sağlıq olsun.
- Anacan, Kənana, uyğun dillə vəziyyəti başa salarsız. İnanıram ki, mənim ağıllı balam anasını anlayacaq və küsməyəcək.
- Yaxşı, qızım, sən Kənandan narahat olma. Bizi düşünmə. Fikrini işinə ver. Bir də çox diqqətli ol, özünü qoru. Körpənçün sağlamlığının qeydinə qal!
- Yaxşı, anacan, çalışacam, mütləq. Gecəniz xeyrə. Sizi öpürəm. Ataya salam deyərsiniz.
- Oldu, qızım, Allaha əmanət olun.

Telefonun yanını bayaqdan kəsdirib gözlərilə nənəsini sanki sual atəşinə tutan Kənan səbrsizcə sualları yağış kimi yağdırdı:
- Ay nənə, nə deyir anam? Hardadı? Niyə gəlib çıxmadı? Bəs mənim tortum? Sabaha yeməklər? Sən yaşlısan axı, hamısını edə bilməyəcəksən. Kim hazırlayacaq mənim doğum günü süfrəmi?
- Ağıllı balam, gəl qucağıma, səbr elə. Gözlə, sualları bir-bir ver ki, mən də cavablayım. Anan gələ bilməyib, çünki xəstəxanaya çoxlu xəstə xalalar, əmilər gətiriblər. Qoca nənələr də, babalar da var. Anan onları sağalda bilməkçün orda qalıb. Həm də tək anan yox, anayla işləyən bütün həkim xalalar, əmilər də getməyib evlərinə. Ana sənə salam dedi, səni öpdü çox... Bir də dedi ki, mənim ağıllı balam yatsın, sabah gəlib hər şeyi özüm hazır edəcəyəm oğlumçün.

Kənan dodaqlarını büzüşdürüb gözləri dola-dola deyindi:

- Axı niyə anam dayandı? Deyəydi ki, mən evə gedirəm, səhər oğlumun ad günüdür. Ona tort və dadlı xörəklər sözüm var. O biri həkim xalalar, əmilər müalicə eləyəydi dəə... Həm o xalalar, əmilər, nənə-babalar niyə soyuq su içib, nazik geyinirdilər ki, xəstələnirdilər?

Kənanın sözlərindən Nənəni həm gülmək tutur, həm də hiss etdirməməyə çalışsa da, bu hala üzülürdü: 
- Ağıllı balam, nənənin aslanı, bilməyiblər dəə... Sağalsınlar, anan onlara tapşıracaq ki, bir də soyuq nəsə yeyib-içməsinlər,əyinlərini qalın geyinsinlər. Onlar da inanıram ki, mütləq əməl edəcəklər, bir də xəstələnməyəcəklər.

Artıq gecdi, gözəl balam, dur, dişlərini yu, pijamalarını geyin, yerine uzan, mən də sənə nağıl danişım, yat. Tez yat ki, səhər tez açılsın, ana gəlsin, biz də axşamçün hazırlaşaq.

Kənan ayaqlarini sürüyə-sürüyə könülsüzcə hamama yollandı. Yatmaq istəməsə də, anasını ürəyində qınasa da, nənəsinə də haqq verirdi. Əgər yatmasa, səhər halsız olacaqdı. Heç səhər də tez açılmayacaqdı ki...

Həmin gecə Aytən xanımın ümidi sarsıldı. Sabah evə gedə biləcəyini düşünərək, beynində evə çatan kimi tez oğluna söz verdiyi tortu hazırlayıb, sonra da ləziz xörəkləri bişirməyin xəyalını qurarkən qəfil otağa girən iş yoldaşı Nuranənin səsinə ayıldı fikirdən:
- Aytən,  baş həkim bizi çağırır.
- Gəldim, əzizim.

Hər kəs otağa toplanmışdı. Gecə yarı idi, hər kəs yuxusuz və yorğun idi, amma vəziyyətin ciddiliyi gecənin bu saatında iclası qaçılmaz etmişdi. Baş həkim Anar Cəmilov sözə başladı:

- Hörmətli həmkarlar,  əziz yoldaşlar, hərcənd ki, inanmaq istəməsək də, günlərdir tək ölkəmizdə yox, bütün dünyada sürətlə yayılmağa başlayan Covid-19 adlı virus təəssüf ki, bizim vətəndaşlarda da aşkarlanıb. Bildiyiniz kimi, dünən ölkəmizdə karantin rejiminə keçildi. Bunun nə demək olduğunu bilirəm ki, hər biriniz gözəl anlayırsınız. Həmçinin qarşıda bizi nə çətinliklərin gözlədiyini də. Bu o deməkdir ki, biz həftələrlə, bəlkə də, ayla ailəmizdən uzaq olacaq, bəlkə,  evimizə belə gedə bilməyəcəyik. Məsuliyyətimiz  böyükdür. 

Yuxusuzluq, əsəblərimizin zorlanması kimi çətin məqamlarçün hazır olun. Təkcə biz həkimlər yox,eyni zamanda polislər, müəllimlər, bank işçiləri, nazirliklər, qısası, hər kəs öz peşəsinə görə məsuliyyət daşıyır. Hətta ən sıravi vətəndaş belə. Çünki güc birlikdədir. Bu gün isə bizim yumruq kimi birləşməli olduğumuz günlərdəndir. Kimliyindən asılı olmayaraq, hamı bir nəfər kimi "birimiz hamımız, hamımız birimiz üçün” devizini özünə həyat stimulu seçməlidir. Tək özümüzü yox, ən yaşlıdan ən körpəyə kimi hər kəsi düşünməli, addımımızı ona görə atmalıyıq. Bu şərtə nə qədər dəqiq əməl etsək, o qədər tez və az zərərlə bu vəziyyətdən xilas olmuş olarıq.

Hər sahənin bu barədə yetərincə öz öhdəlikləri, cətinlikləri var. Hər birinizə bu şərəfli işdə uğurlar, səbr, təmkin arzulayıram. Ümid edirəm ki, qısa zamanda bu çətinliklərin öhdəsindən layiqincə gələr, bu bəladan ölkə olaraq qurtularıq. Hər kəsdən bir daha xahiş edirəm, gigiyena qaydalarina əməl etsin mütləq. Öz sağlamlığınızı qoruyun. Çünki siz xalqımıza lazımsınız. Ən çox da evlərinizdə yolunuzu gözləyənlərə...

Bu çıxışdan sonra hər kəs otağına keçdi. Aytən xanım əlcəklərini geyinib maskasını taxdı, geyimini tamamlayıb  xəstələrin son vəziyyətinə nəzarət etmək və lazımı tapşırıqları verməkçün palatalara baş çəkdi. Cavan bir gəlinin tənginəfəsliyini ve boğulmasını görüncə hədsiz narahat oldu. Özü xəstəyə müdaxilə etmək qərarına gəldi. 

Xanıma yaxınlaşdı:
- Gözəl xanım, sakitləşməyə çalışın. Tələsməyin, nəfəsinizi tənzimləyin, dərindən, aramla nəfəs alın.
- Xanım güclə nəfəs almağının hədsiz çətin olduğunu,ürəyinə hava çatmadığını izah elədi.

Aytən həkim, hava maskasını onun ağzına taxtı, nəbzini yoxladı əli ilə. Sonra bildirdi ki, hava maskasi ona komək edəcək. Səbrli olsun. Daha sonra yekunlaşmaqda olan sistem iynəsini onun qolundan çıxardı. Bir az sonra xanımın vəziyyəti az da olsa, nizamlandı.Nəfəsi xeyli düzəldi. Xanım həkimə təşəkkürünü bildirdi. Evə nə zaman buraxılmaq imkanı olduğunu soruşdu. Aytən xanım bu suala cətinliklə də olsa cavab verdi. Çünki həkimlikdən başqa onun bir vəzifəsi də xəstələrinə ümid bexş eleməyi bacarmaq idi. O gülümsəyərək xanımdan adını,nə işlə məşğul olduğunu soruşdu. Xanım müəllimə olduğunu və adının Vəfa olduğunu dedi. Aytən xanım yenə eyni təbəssümlə hansı fənni tədris etdiyini xəbər aldı. Vəfa ibtidai sinif müəlliməsi olduğunu bildirdi.

Aytənin bu cavabdan sanki bir ümid qazanmiş kimi sözünə davam elədi:
- Həə, Vəfa xanım, çox gözəl. Belə deyim də,sənin sənətin əslində insandan həddindən artıq səbr tələb edən bir sənətdir. Yəni sən körpələrin oyundan ayrılıb parta arxasında əyləşərək hərf, yazı, heca, hesab öyrənənə qədər necə uzun,səbrli bir yoldan keçdiyini hər kəsdən gözəl bilirsən. Bu xəstəlik də bir növ elədir. Sən sağalana kimi bir az səbrə ehtiyacımız var. Çünki tələsən heç zaman qazanc əldə edəmməz.

Vəfa sənətini çox sevdiyini, uşaqlarla işləməkdən zövq aldığını deyir. Onları körpə ağaca bənzədir. Necə ki, ağaca qulluq edib illər sonra məhsul alanda insan sevinir,mən də şagirdlərimə çəkdiyim əziyyəti onların uğurlarını görərkən unudaraq zövq alıram deyir. Vəfa Aytən xanıma onu da bildirdi ki, onun 8 il övladi olmayıb. Amma yoldaşı övladsızlıq səbəbindən ondan ayrılmayıb. 9-cu il övladları olub, nəhayət, 10 gün əvvəl övladlarına qovuşublar. Amma qəfil qızdırma, halsızlıq səbəbindən o övladından ayrı qalmağa məcburdur. İndi körpəsinə yoldaşı baxır.

Yoldaşı da hərbçidir. Körpəyə onsuz baxmaq çətindir yoldaşına. Bu səbəbdən də o səbrsizlik edir. Aytən həkim bir hərbiçi yoldaşı və Kənan kimi bir körpənin anası olaraq onu cox gözəl anladığını bildirir. Söhbət əsnasında Vəfanin Naxçıvandan olduğunu və yoldaşının işinə görə Gədəbəyə gəlməli olduğunu da Aytən xanım öyrənmiş olur. İndi bilir ki, Vəfanı ən çox sıxan səbəblərin biri də qəriblik, əzizlərindən uzaq olmağıdır. Ən əsas da körpəsi Muraddan uzaq qalmaq.

Söhbətin təsirindən bir qədər məyus olan Aytən hüzndən bir az uzaqlaşmaq və az da olsa təsəlli ücün anidən Kənandan söz açır. Sabah oğlunun doğum günü olduğundan və özünün ona verdiyi sözü tuta bilmədiyindən, oğlunun anasından küsdüyündən danışır. Söhbətin bu yerində tibb bacısı bir xəstəyə baxmaq üçün Aytən həkim çağırır. Aytən məcbur Vəfadan ayrılır, yenə gələcəyini bildirib otaqdan çıxır.

Aytən səhər 7-yə işləmişə qədər digər yoldaşlarıyla birgə müxtəlif analizlər edir,xəstələri yoxlayır, vəziyyətlərini nəzarətdə saxlayır və nələr edə biləcəkləri haqda müzakirələr aparır. Səhərə yaxın Aytən həkim bir az dincəlməkçün başını qollarının üzərinə qoyub otağındakı iş stolunun üzərində fikrə gedir və eləcə də yuxu tutur onu. Xəyal kimi yatdığı yuxuda Vəfanı görür. Görür ki, Vəfa uca bir qayadan yıxılır. Qorxub ayılır, dəhlizdə güclü səs-küy olduğunu eşidir. Cəld geyinib dəhlizə qaçır. Tibb bacılarından biri ona 311-ci palatadakı xəstənin krizə girdiyini deyir.
 
"Aytən xanım Vəfaaa…", - deyə özündən asılı olmadan qışqırıb otağa sarı qaçır. Otağa girincə Vəfanın nəfəsinin gəlmədiyini görür. Ürəyinin dayandığını deyirlər ona. Aytən tez  cihazı qoşaraq Vəfaya elektroşok edir, ürəyi masaj edir. Çox çalışsa da, Vəfanı geri qaytara bilmir. Onu hönkürüb ağlamaq tutur. Anlayır ki, nə eləsələr də, Vəfanı geri qaytarmaq imkansızdır. İndi Aytən xanımı ən çox üzən həm Vəfanın vaxtsız ölümü, həm qəriblikdə həyata göz yumması,həm də illərdi həsrətini çəkib qovuşmuş olduğu körpəsinə doymadan getməsi,körpəsini anasız qoymağı olur. Onun cavan olmağına baxmayaraq bu xəstəliyə güc gələ bilməməsinin səbəbi isə Vəfada ürək qüsurunun olması olur. 

Artıq Aytən xanımın düşündüyü bir məsələ vardı:

- Belə karantin vaxtında Vəfanı öz evinə necə yola salacaqdılar? Axı doğmalarından uzaqdadır… Ucuşlara da karantinlə bağlı icazə yoxdur. O, bu məsələni baş həkimə çatdırır. Vəfanın yoldaşına xəbər verirlər. Körpəsi ilə ümidsiz, dünyası yıxılmış halda təkbaşına qalan Fərid nə edəcəyini bilmir. Bütün həkimlər yığılıb onu təsəlli etməyə çalışır. Baş həkim şəhərin polis idarəsi ilə əlaqə yaradır, vəziyyəti onlara izah edir. Daha sonra hava yolları ilə danışıq aparılır. Cənazənin Naxçıvana çatdırılması üçün lazımı sənədlər hazırlanır və uçuş olmadığı üçün lazımı köməkliyin göstərilməsi xahiş olunur. Vəziyyətin hədsiz ciddiyyətini nəzərə alaraq uçuşa izn olmadığından Vəfanın yoldaşı və körpəsi uçuş icazəsi ala bilmir. Amma Vəfanın nəşini karqo ilə Naxçıvana yollamağa nail olurlar. Hərçənd ki, Aytən həkim işlədiyi illərdə çox hadisələrlə qarşılaşmışdı. Amma bu onun yaddaşında ən silinməz iz qoyanlardan biri, hətta ən əsası idi. Bu hadisənin təsiri Aytən həkimi o qədər sarsıdır ki, o hər şeyi unudur. Hətta Kənanın doğum gününü belə...

Kənan səhər duran kimi ilk anasının otağına yüyürür, amma otaqda yatağın heç pozulmadığını belə görüncə tutulur: 
-Aaaaa....Anam hələ də gəlməyibmi? Yoxsa səhər çox erkəndən oyanıb ki,mənim hörümçək adam tortumu hazırlasın? Qaçaraq yemək otağına gələndə Lalə nənə ilə Rasim babanın səhər yeməyi yediyini görür. Nənəcan, mən oyandım. Anam hanı? Mətbəxdədir? Tortum hazırdır?

Lalə nənə əvvəl susur,sonra isə gülümsəyib Kənanı çağırır yanına:
- Ay nənənin noğulu, tələsmə, gəl hələ nənə səni öpsün, təbrik eləsin. Axı balamın doğum günüdür. Rasim baba da Kənanı öpüb təbrik edir. Hər ikisi ən gözəl arzularını Kənançün söyləyirlər. Daha sonra Kənan yenə anasını soruşunca Lalə nənə deyir ki, anan hələ xəstələri sağaldıb qurtarmayıb, qadan alım. İşini bitirən kimi gələcək, mütləq sənin tortunu da bişirəcək. Narahat olma sən,nənən gözlərinə qurban.

Kənan küsüb otağına gedir, heç yemək də yemir. Artıq günorta olurdu. Nahar üçün nənə Kənanın ən çox sevdiyi yarpaq dolması bişirir. Amma yenə də Kənan yemək istəmədiyini bildirir. Gün batmağa az qalmış qapı açılır. Kənan sevinclə qışqırıb qapıya tərəf qaçır...Uraaaaaa!!! Anam gəldi... Amma gələn bibisi Nərmin və uşaqlarıyla yoldaşı idi. Kənanı təbrik etdilər. Amma Kənanın kefsizliyi hələ də davam edir. Bibisi Kənana pultla idarə olunan təyyarə almışdı, amma hədiyyəni axşama hazırlayırdı. Nərmin anasından Aytəni soruşdu. Lalə nənə onun hələ işdə olduğunu deyir və vəziyyəti qızına izah edir. Nərmin anası ilə söhbət edə-edə plov dəmləyir. Kabab üçün doğranmış quzu ətini isə Rasim baba basdırma edir. Süfrəni bəzəməyə başlayırlar. Nərmin aldığı şar və digər bəzəklərlə otağı bəzəyir. Bir azdan Kənanın Sima nənəsigil də gəlir. Dayısı Aqşin ona maşın konstruksiyası almışdı. Xalası isə Kənana məntiq pazzlı gətirmişdi. Kənan hər kəsə rəğmən yenə də kefsiz oturduğunu görən Nərmin əmisigilə zəng edib deyir ki, gələndə Kənan üçün hörümçək adam tortu alıb gətirsin.

Hər şey hazır idi. Süfrədə çatışmayan isə atası və anası idi. Yeyib-içməyə başlamazdan Lalə nənə gəlininə zəng edir, amma telefona cavab verən olmur. Çünki Aytən hələ də o hadisənin təsirində idi. Bir yandan da ondan əlac gözləyən xəstələri ilə məşğul olurdu. İşini bir az yüngüllədən Aytən, nəhayət, vaxt tapıb əyləşir. Qəfil saata baxınca gecə olduğunu görür və həyəcan onu boğur.

- Vaaayyy... Mən Kənanımı təbrik etməyi unutmuşam deyir. Tez evə görüntülü zəng edir. Telefonu Lalə nənə Kənana verir. Kənan əvvəl danışmaq istəməsə də, hər kəsin təkidilə telefona gəlir. Aytən əvvəl oğlunu təbrik edir. Daha sonra oğlundan gələ bilmədiyi üçün üzr istəyir.

Kənan hələ də incikliyini sona çatdırmır deyə Aytən belə deyir:
- Ağıllı balam, mənim anlayışlı Kənanım, sən məni, atanı, nənə-babanı, əmi-dayını,xala-bibini çox istəyirsən elədirmi?
- Kənan dodağının altında mızıldanır. Həə..
- Ay sağ ol, anasının şirini. Bax,mən indi evə gələ bilmirəm deyə məndən küsürsən. Haqlısan da. Amma düşün bir anlıq ki sənin kimi neçə balaca qaqaş-bacının da anası. atası, nənə-babası, xala-bibisi, əmi-dayısı xəstədir. Öz övladlarından uzaqdadır. Mən burda qalıram ki, onları sağaldıb evlərinə yollayım. Özüm də evə gəlim. Həm mən sənə qovuşum, həm də onlar öz əzizlərinə, doğmalarına. Üstəlik, mən tək deyiləm ki. Mənim kimi həkimlər hamısı işdədir.  Həmçinin tək həkimlər yox, polislər, idarə işçiləri, müəllimlər, dərzilər, çörək bişirənlər-hər kəs. Çünki bu gün ölkəmiz çətin bir sınaq verir. Biz də hər birimiz bu ölkənin vətəndaşı olaraq birləşmişik ki, bu sınaqdan üzüağ çıxaq. Ona görə də sən anadan küsməməlisən. Sən də ölkənin kiçik vətəndaşı kimi səbrlə davranıb öz borcunu ödəməlisən, mənim balam. Bax, atan gecə-gündüz Vətənin keşiyində durur, onu düşməndən qoruyur. Mən də həkim olaraq xəstələrimizi sağaltmağa çalışıram. Sən bizi anlayıb bizə dəstək olmalısan ki, biz də işimizi gözəl, layiqli şəkildə yerinə yetirə bilək. Sənə görə narahat olmayaq.

Kənan bu sözlərdən xeyli təsirləndi:
- Anacan, haqlısan. Mən həm həkim, həm də hərbiçi oğluyam. Siz öz işinizdə hər kəsə örnək olduğunuz kimi mən də sizə layiq bir şəkildə dostlarıma örnək olmalıyam deyərək gülümsəyir. Səni çoooxx sevirəm, anacan. Qadınlar günün mübarək! Evimizə tez qayit, hədiyyən səni gözləyir. Hər kəs Kənanı alqışlayır. Bu əsnada qapı döyülür. Gələn Kənanın atası Tehran idi. Kənan sevinclə atasının boyuna sarılır. Yemək yeyilir. Növbə çatır torta. Kənanın da bütün uşaqlar kimi ən sevdiyi məqam. Kənan bibisi, xalası, dayısı, əmisi uşaqlarıyla birgə şamları üfürür. Tortu kəsirlər. Aytən də oğlunun bu sevincinə telefondan şahidlik edir. Hər kəs Kənana xoş diləklərini çatdırır, hədiyyələrini verir. Kənan hər kəsə təşəkkürünü bildirir. Xalası Aynur ondan nə arzu tutduğunu soruşur.

Kənan belə deyir:
- Xalacan, arzuladım ki, bu xəstəlik tez qurtarsın. Heç kəs xəstələnməsin. Hamının ata-anası, əzizləri yanında olsun. Eləcə də mənim ata-anam, sevdiklərim. Kənan o gün sanki beş yaşını yox, on yaşını qeyd etmiş kimi anlayış pilləsində böyük bir addım atmağı bacarmış kimi hiss edirdi özünü. Yatağına uzanan kimi yuxuya gedir. Bircə şeydən əmin idi ki, o böyüyəndə hansı sənəti seçsə də, onun əsasında vətəninə yararlılıq dururdu. Bu işdə onun ən böyük ilham mənbəyi atası və anası idi.

Oğlunun könlünü almağı bacaran Aytəni isə indi ən çox düşündürən təsirli mənzərə bir gün Vəfanın oğlunun da Kənan kimi ana həsrəti çəkməsi idi.
 
"Kənan ən azından bu gün olmasa da, yaxın bir gündə onun yanında olacağımı bilir. Bəs Vəfanın balaca, məsum, dünyadan xəbərsiz Muradı? O, ana həsrətli ilə neçə doğum günü qeyd edəcək, görəsən?", - deyə gözləri doldu...