Dörd bank bağlana bilər: Mərkəzi Bank niyə susur?

Dörd bank bağlana bilər:   Mərkəzi Bank niyə susur?

11-01-2015 16:58 / Bu xəbər 1400 dəfə oxundu

Ekspert: “Mərkəzi Bank yenə də insanları məlumatsız buraxaraq, ajiotajın, gərginliyin artmasına yol açır”

Azərbaycanda 4 bankın məcmu kapitalı 50 milyon manatdan aşağıdır. Mərkəzi Bankın məlumatına görə, müəyyən olunmuş limitdən, yəni 50 milyon manatdan yuxarı olan bankların sayı 23-dür. 

Doqquz bankın isə məcmu kapitalı 60 milyon manatdan 100 milyon manata qədərdir. Bununla yanaşı, 9 bankın məcmu kapitalı isə 100 milyon manatdan yuxarıdır. Bu bankların məcmu kapitalının ümumi bank kapitalında xüsusi çəkisi isə 57,3 faiz təşkil edir. 

Qeyd edək ki, Mərkəzi Bank ölkədə fəaliyyət göstərən banklara 2014-cü ilin sonuna kimi nizamnamə kapitalını 50 milyon manata qaldırmaq tələbini irəli sürüb. Yəni, nizamnamə kapitalı 50 milyon manatdan aşağı olan bankların fəaliyyətləri dayandırıla bilər. 

Qeyd edək ki, Mərkəzi Bankın kommersiya banklarının kapitallaşmasının artırılması ilə bağlı qoyduğu müddətdən artıq 2 ay keçib. Ancaq Mərkəzi Bankın qoyduğu normativləri ödəyə bilməyən banklarla bağlı heç bir tədbir görülmür. 

Ekspertlər bildirirlər ki, Mərkəzi Bankın susqunluğunun səbəbi durumu daha da dramatikləşdirmək istəməməsidir. 2015-ci ilin yanvarın 1-dək nizamnamə və məcmu kapitalını 5 dəfə artırıb, 50 milyon manata çatdıra bilməyən bank bu bazarı ya tərk edəcək, ya da digər banklara birləşdiriləcəkdi. 

Modern.az-ın əldə etdiyi rəsmi məlumata görə, bağlanacaq banklar bunlar ola bilər:

“EuroBank” - məcmu kapitalı 7,5 milyon manat

“Naxçıvan Bank” - məcmu kapitalı 42 milyon manat

“Bank Avrasiya” - məcmu kapitalı 22 milyon manat

“Azərbaycan Kredit Bankı” - məcmu kapitalı 5,8 milyon manat

Siyahıda adı olan “Atra Bank”ın isə məcmu kapitalının 50 milyon manata yaxınlaşdığı bildirilir. 

“Azər-Türk Bank”ın məcmu kapitalı 50 milyon manatdır.

Ekspert Natiq Cəfərli bu məsələ ilə bağlı Musavat.com-a bildirib ki, yanvarın 1-də Mərkəzi Bankın banklar qarşısında qoyduğu müddət bitsə də, vəziyyətlə bağlı açıqlama verilmir: “Hələ də Mərkəzi Bankdan, eləcə də digər yetkili dövlət və hökumət orqanlarından bu məsələ ilə bağlı doğru-dürüst bir açıqlama olmayıb. Əslində belə bir açıqlamaların olmaması bazarda narahatlığı, gərginliyi artırır. İnsanlar arasında da müəyyən söz-söhbətlərin, ajiotajın yaranmasına səbəb olur. Mərkəzi Bank düzgün siyasət yürütmür. İnformasiya nə qədər bol, doğru-dürüst və məlumat nə qədər çox olarsa, bazarın sakitləşməsi və ajiotaja səbəb olmaması üçün ciddi bir zəmin yaranar. Görünən odur ki, hələ bu banklarla bağlı son qərar qəbul olunmayıb”.

Onun sözlərinə görə, Mərkəzi Bank yenə də insanları məlumatsız buraxaraq, ajiotajın, gərginliyin artmasına yol açır: “Keçən ilin sonunda Mərkəzi Bank qərar verdi ki, kapitallaşma səviyyəsi 50 milyon manatdan aşağı olan banklara lisenziya verilməyəcək, həmin banklar qapanacaq. Artıq martın ortasıdır, hələ də doğru-dürüst açıqlama yoxdur. Sadəcə, elan ediblər ki, 4 bank bağlanacaq. İnsanlar təşviş içindədir. Bu barədə Mərkəzi Bank normal açıqlama verməlidir. Maliyyə-bank sistemi üçün ən təhlükəli şey təşvişdir, qeyri-müəyyənlikdir. İnsanların pis gözləntiləri artdıqca, banklara güvəni azalır, vəsaitləri banklardan çəkməyə başlayırlar. Bu da öz növbəsində onsuz da çox ağır durumda olan bank sektorunun vəziyyətini daha da çətinləşdirir. Devalvasiyadan öncə də Mərkəzi Bank çox qeyri-peşəkarcasına davrandı, ajiotajı artırdı, təşvişi çoxaltdı”. 

O, bildirib ki, bank sistemimiz çox zəif və kövrəkdir: “Devalvasiya stresini hələ heç ata bilməyib. İndi də bankların bağlanması söz-söhbətləri bank sistemini çökdürə bilər. Tezliklə Mərkəzi Bank normal açıqlama verməlidir”.

Ekspertin sözlərinə görə, Mərkəzi Bank manatın devalvasiyasına görə bankların bu problemini qabartmır: “Çox güman ki, Mərkəzi Bankın belə reaksiyanı gecikdirməsinin səbəbi bank sferasında devalvasiyadan sonra yaranan durumdur. Ümumiyyətlə, devalvasiyadan sonra banklarda müəyyən ciddi problemlərin yaşanılması qaçılmazdır. Öhdəliyi yerinə yetirə bilməyən banklarla bağlı hansısa qərar bank sferasında bu ajiotajı daha da artıra bilər. Bankların bağlanması insanlarda bir təşviş havası yarada bilər. Ona görə də, çox güman ki, Mərkəzi Bank bankların bağlanması yolunu tutmaq istəmir. Çıxış yollarından biri kimi, çox güman ki, iri banklar tərəfindən kiçik bankların idarəetməsinin alınması, ya ümumiyyətlə böyük banklar tərəfindən obrazlı desək, onların “udulması” prosesi baş verə bilər. İndi çox güman ki, bağlanma ehtimalı yüksək olan bankların tədiyyə balansı ilə məşğuldurlar. Ehtimallardan biri budur ki, onların gəlirlərini, xərclərini, borclarını, öhdəliklərini öyrənirlər ki, hansı banklarda vəziyyət necədir. Bu nəticələr əldə olunduqdan sonra o banklarla bağlı müəyyən qərar verilə bilər. Böyük ehtimalla, iri banklar tərəfindən həmin bankların “udulması”na qərar veriləcək. Çünki bankların müflis elan edilməsi, lisenziyasının əlindən alınıb, bağlanması bu sferada, ciddi ajiotaja və insanlar arasında bir təşvişə səbəb ola bilər. Ona görə də, yaxın vaxtlarda qərar veriləcək”.

Ekspert Samir Əliyev isə musavat.com-a açıqlamasında qeyd edib ki, devalvasiya prosesi banklarla bağlı bu problemi bir növ arxa plana keçirib: “Mərkəzi Bank banklara dekabrın 31-nə qədər vaxt vermişdi. Hazırda mart ayıdır. İlkin məlumatlara görə, bağlanma təhlükəsində olan 4 bankın adı hallanır. Amma bankların adı açıqlanmır. Banklarla bağlı qərar verilməməsinin səbəbi odur ki, görünür, Mərkəzi Bank bu müddəti bir qədər də uzadıb. Banklara vaxt verib ki, qısa müddətdə bu məsələni həll etsinlər. Söhbət ondan gedir ki, devalvasiyadan sonrakı proseslər bankların vəziyyətini daha da pisləşdirdi. Həmçinin, xarici valyutada olan kreditlərin qaytarılması ilə bağlı məsələlər vəziyyəti daha da ağırlaşdırdı. Əgər, hökumət qərar qəbul etsə ki, xarici valyutadakı kreditlər köhnə məzənnə ilə ödənilsin, bu, avtomatik olaraq, bankların məcmu kapitalına zərbə vuracaq. Banklarda Mərkəzi Bankın qoyduğu normativ aşağı düşəcək. Ona görə də, bu, vəziyyəti daha da mürəkkəbləşdirəcək. Burada başqa problemlər də var. Ümumi götürəndə, banklar üçün çox çətin situasiya yaranıb. Müvafiq tədbir görülməsə, bankların bağlanması məsələsi reallığa çevriləcək”.

Xatırladaq ki, Mərkəzi Bankın tələbinə əsasən 1 yanvar 2015-ci ilə kimi fəaliyyətdə olan bankların hər birinin məcmu kapitalı ən azı 50 milyon manat olmalıdır. Bildirilirdi ki, bu tələbi yerinə yetirə bilməyən təşkilat bank kimi fəaliyyət göstərə bilməyəcək.

Arqument.Az