DSX sərhəddə “qisas əməliyyatı” keçirdiyini deyir

DSX sərhəddə “qisas əməliyyatı” keçirdiyini deyir

13-02-2024 12:22 / Bu xəbər 804 dəfə oxundu

Ermənistan iki hərbçinin öldüyünü açıqlayıb

Fevralın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələrinin "qisas əməliyyatı” keçirdiyi bildirilir.

DSX-in bu barədə yaydığı məlumatda qeyd olunur ki, "qisas əməliyyatı” Ermənistan silahlı qüvvələrinin fevralın 12-də törətdikləri təxribata cavabdır:

"Əməliyyat nəticəsində dünən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Xəlilzadəyə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur”.

"Rəsmi Yerevanın Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə DSX əlavə edib.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfdən Nerkin-Xand istiqamətində atəşə tutması nəticəsində ilkin məlumatlara görə, iki nəfər ölüb: "Yaralanan da var".

Ermənistan Müdafiə Nazirliyi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri saat 09:30-dan etibarən Nerkin-Xand rayonu (Sünik rayonu) istiqamətində yerləşən qüvvələri atəşə tutublar.

Nazirlik həmçinin fevralın 12-də saat 20:50-dən 23:40-dək Ermənistan ordusunun Azərbaycan mövqelərini atəşə tutmasını təkzib edib.

Fevralın 12-də Azərbaycan Hərbi Prokurorluğu Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əsgəri Pərviz Xəlilzadənin Ermənistan tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralandığı haqda məlumat yayıb.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.