DTX Əli Kərimlinin mühafizəçisini necə izləyib?

DTX Əli Kərimlinin mühafizəçisini necə izləyib?

02-04-2021 18:22 / Bu xəbər 583 dəfə oxundu

"O, həbsindən əvvəl aylarla izlənib, video və fotoları gizli şəkildə çəkilib"

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovun mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir. 

Aprelin 2-də məhkəmədə AXCP Rəyasət Heyətinin üzvü, şairə Səadət Cahangir şahid qismində ifadə verib.

Cinayət işinin materiallarında iddia olunur ki, Niyaməddin Əhmədov Almaniyada yaşayan və "youtube” kanalında Azərbaycanın hökumət təmsilçilərini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovdan pul alıb və həmin vəsaitlərdən Səadət Cahangirə verib.

Səadət Cahangir Niyaməddin Əhmədovu 3-4 ildir ki, partiyadan tanıdığını deyib: "Onu əxlaqlı adam kimi tanımışam. Ona verilən terror maliyyələşdirmə ittihamı mənə gülməli gəlir. Bu adam özü kirayələrdə yaşayır. Məni istintaqda da Niyaməddinin müəyyən məbləğdə pul verməsi haqda dindiriblər. Etiraf etmişəm ki, verib. Biz siyasi məhbus ailələrinə yardım edirik. İctimaiyyət tərəfindən müəyyən məbləğdə ianələr toplanır. O vəsaiti məhbuslara ərzaq aparılması üçün ailələrə veririk. Həbsxanalarda verilən yeməyi yemək mümkün deyil. Üstəlik, siyasi məhbus ailələri var ki, uşaqları var, xəstəlik və başqa problemləri ola bilər. Bu məqsədlə yardım torpayırıq. Tək Niyaməddin yox, çoxlu sayda başqa partiya üzvləri, xaricdə yaşayan azərbaycanlılar da yardım edir. Orada böyük məbləğlər olmayıb. Bu proses şəffaf aparılır. Sosial şəbəkələrdə açıq şəkildə kampaniyalar gedir. Elan verilir, ianə toplanır. Hətta hesabatları da yayılır ki, bu qədər məbləğ toplanıb, hansı ailəyə nə qədər yardım edilib. Həmin ailələrdən də soruşula bilər”.

AXCP yarandığı gündən partiya üzvü olduğunu vurğulayan Səadət Cahangirin sözlərinə görə, bu partiyanın fəaliyyətində zorakılıq, terror yolverilməzdir: "Mübarizəmiz sivil, dinc, heç bir zorakılığa yol vermədən illərdir ki, davam edir”.

Hakim Səadət Cahangirin istintaqdakı ifadəsilə məhkəmədə söylədikləri arasında ziddiyyət olduğunu bildirib. O, istintaqdakı ifadəni elan edib. İfadədə iddia olunur ki, Niyaməddin Əhmədov Əli Kərimlinin mühafizəçisi kimi pul alırmış, partiya üzvlərinin toplantı keçirməsi üçün kirayə ev tapırmış.

Səadət Cahangir belə ifadə vermədiyini deyib.

Vəkil Zibeydə Sadıqova Dövlət Təhlükəsizliyi Xidmətinin Niyaməddin Əhmədov haqqında məktublarının araşdırılması barədə vəsatət qaldırıb. 

Vəkilin sözlərinə görə, Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilmiş məktublardan görünür ki, Niyaməddin Əhmədov həbsindən əvvəl aylarla izlənib, video və fotoları gizli şəkildə çəkilib: "Niyaməddin Əhmədov özü də məhkəmədə bildirdi ki, inzibati həbsdə olduğu dövrdə onu DTX-ya aparıblar. Orada onun qarşısına həbsindən əvvəl gizli çəkilmiş video və fotolarını qoyublar. Xahiş edirik ki, məhkəmə sorğu göndərsin, gizli lentə alınmış səs yazıları, video və fotolar alınsın, məhkəmədə araşdırılsın. DTX-nın prokurorluöa göndərdiyi məktubların yazılmasının əsası araşdırılsın”.

Vəkil həmçinin Niyaməddin Əhmədovun ailə üzvlərilə telefon danışığı hüququnun təmin olunması barədə vəsatət qaldırıb. 

Müdafiəçi bildirib ki, bir ilə yaxındır müvəkkilinin bu hüququ pozulur. 

Məhkəmə nəzarəti qaydasında edilən şikayətlərə baxılmır. Sabunçu Rayon Məhkəməsi onun özünə xəbər vermədən işin geri qaytarılması haqda qərardad çıxarır: "Niyaməddin Əhmədovun işi hazırda sizin icraatınızdadır. Xahiş edirik, onun saxlandığı Bakı İstintaq Təcridxanasına telefon danışığı hüququnun təmin olunması üçün göstəriş verəsiniz”.

Hakim Siyavuş Hacıyev vəsatətlərin heç birini təmin etməyib.

Məhkəmə prosesi aprelin 9-da davam edəcək.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Ona öncə karantin rejimi qaydalarını pozma ittihamıyla 1 ay inzibati həbs cəzası verilib. Bu cəza başa çatanda isə barəsində cinayət işi başlanıb, ona qarşı terroru maliyyələşdirmə ittihamı irəli sürülüb. 

İddia olunur ki, Almaniyada siyasi mühacir kimi oturum almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti, o cümlədən prezident və ailəsinin ünvanına sərt ifadələr səsləndirən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib və bu məqsədlə Niyaməddin Əhmədova pul göndərib.

Niyamədiin Əhmədov isə ittihamı rədd edir, Əli Kərimlinin mühafizəçisi olduğuna görə həbs edildiyini deyir. 

Qabil Məmmədovla eyni kənddə vaxtilə qonşu olduğunu deyən Niyaməddin Əhmədovun sözlərinə görə, saxta ittihamı düzüb-qoşmaq üçün bu məqamdan istifadə olunub. 

O bildirib ki, Əli Kərimlinin əleyhinə ifadə verməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) işgəncələrə məruz qalıb.///Meydan TV