DTX: "İcra başçısı 2 milyon 844 min manatlıq əmlakı 40 manata oğlunun adına keçirib"

DTX:

29-04-2021 11:56 / Bu xəbər 816 dəfə oxundu

"O vəzifəli şəxslərdən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edib”

Alimpaşa Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı kimi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, 2 milyon 844 min manat dəyərində əmlakı olan "Çinarlı Qəsəbə” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə və tabeçiliyində fəaliyyət göstərən digər şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satılmasını, Şəmkir şəhər Bələdiyyəsi tərəfindən təsis edilən, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan "Abad Şəmkir” MMC-nin bütün paylarını oğlu Adil Adilzadəyə cəmi 180 manata satılmasını təmin edib xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib”.

Bu fikirlər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) aprelin 29-da yaydığı açıqlamada əks olunub.

DTX bildirib ki, Alimpaşa Məmmədovun Şəmkir rayonunda abadlıq işlərinin görülməsi ilə bağlı "Ağstafasutikinti” MMC-nin hesabına köçürülən 218 min manat külli miqdarda pul vəsaitini nağdlaşdıraraq təkrar mənimsəmə yolu ilə ələ keçirməsinə, rayonda dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına tikinti və abadlıq işləri, əsaslı və cari təmir, habelə yolların təmir edilməsi ilə bağlı işləri yerinə yetirən ayrı-ayrı şəxslərdən ümumilikdə 382 min manat, sahibkarlıq və yaşayış təyinatlı tikinti işlərinin aparılması ilə bağlı ayrı-ayrı vətəndaşlardan ümumilikdə 217 min manat vəsaiti tabeçiliyində olan şəxslər vasitəsi ilə rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib: "Həmçinin rayon icra hakimiyyəti başçısının ərazi icra nümayəndələri və digər yerli dövlət təsisatlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında 3 min - 10 min manat məbləğində pul vəsaitləri tələb edərək almasına dair əldə edilmiş məlumatlar üzrə araşdırma aparılır. Eləcə də, onun mənimsəmə və rüşvət alma yolu ilə pul vəsaitlərinin əldə edilməsinin həqiqi mənbəyini gizlətmək məqsədi ilə 832 min manat vəsaitin oğlu Adil Adilzadənin adına təsis etdiyi "Az Forel” MMC-nin Şəmkir rayonunda yerləşən balıqyetişdirmə və emalı müəssisəsinin tikintisinə və digər xərclərinə yönəltməklə cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub”.

Qeyd olunub ki, həbs olunan Alimpaşa Məmmədovun xidməti və yaşayış yerlərinə baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınan vəsaitlərin siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

Məlumatda Alimpaşa Məmmədovun Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildiyi vurğulanıb.
 

Alimpaşa Məmmədovun oğlu Adil Adilzadə

Aprelin 28-də Səbail Rayon Məhkəməsi Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədov barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi qərarı çıxarıb. Bir gün əvvəl onun vəzifəsindən çıxarılması haqda sərəncam imzalanıb.

Alimpaşa Məmmədov 2014-cü ilin oktyabrından həbs olunana qədər Şəmkirin icra başçısı vəzifəsində çalışıb.

Bundan əvvəl isə o, vergi orqanlarında müxtəlif vəzifələrdə işləyib.

Alimpaşa Məmmədovla yanaşı, onun birinci müavini olmuş Vurğun Əkbərov, icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev və bir sıra başqa vəzifəlilərin də cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

İcra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Yevlax və Ağstafada başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad rayonlarında davam edib. Həbs olunan keçmiş icra başçılarından əksəriyyətinin işi üzrə istintaq yekunlaşıb. Onların işlərinə Gəncə, Şəki və Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.