DTX iki gömrük generalını saxlayıb

DTX iki gömrük generalını saxlayıb

15-07-2022 19:17 / Bu xəbər 1062 dəfə oxundu

İyulun 15-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat-istintaq tədbirləri həyata keçirdiyi haqda məlumat yayıb.

"Əməliyyat gömrük qanunvericiliyinin pozulması ilə müşayiət olunan, vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair daxil olmuş məlumatlar əsasında keçirilib”, – deyə DTX bildirib.

Məlumatda qeyd olunub ki, Dövlət Gömrük Komitəsi yanında "Azərterminalkompleks” birliyinin direktoru Ehtiram Xəlilov gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozub:

"Ehtiram Xəlilov ayrı-ayrı şəxslərlə qabaqcadan əldə edilmiş razılığa əsasən dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsini və satılmasını təmin edib. Bununla da onun dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, bu qanunsuz hərəkətlərə görə tabeçiliyində işləyən şəxslər vasitəsilə S.A.Qulamov, R.Ç.Hacıyev, S.F.Tağıyev, E.V.İbrahimov, T.D.Pənahov, S.H.Abdullayev, İ.M.Musayev, E.Y.Hümbətov, Ə.S.Əliyev və digər şəxslərdən təkrar külli miqdarda rüşvət almasına əsaslı şübhələr yaranıb”.

DTX Ehtiram Xəlilovun Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edildiyini vurğulayıb:

"Onun barəsində iyunun 22-də məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.

Məlumatda həmçinin Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayevin və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərovun da saxlanıldığı qeyd edilib:

"Onların ölkə ərazisinə daxil olmasına xüsusi icazə tələb edilən iriölçülü və ağırçəkili xarici yük maşınlarının hər birinə görə sahiblərindən təkrar külli miqdarda rüşvət almaları faktlarına dair məlumatlar əldə edilib”.

"Rəşad Babayev və Şükür Səfərov Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib. İyulun 1-də isə məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib”, – deyə DTX açıqlayıb.

Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov da vəzifə səlahiyyətlərindən istifadə etməkdə ittiham edilib:

"Rəsulovun Komitənin digər vəzifəli şəxsləri vasitəsilə "Azərterminalkompleks” Birliyi tərəfindən hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında "Azerbaijan Legal Consulting İnternational Services” MMC, "Nanoc” MMC, "Veqa-Servis” MMC, "Meqan Group” MMC, "Omega Servis IKO” MMC, "Delta Servis İKO” MMC və digər şirkətlərin hesabına köçürülən, müvafiq işlər görülmədən və xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda dövlət büdcəsi vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub”.

Eyni zamanda, Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq "Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edildiyi qeyd olunub.

DTX Məsum Rəsulovun iyulun 14-də şübhəli şəxs qismində saxlanıldığını və Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edildiyini bildirib.

"Həmçinin Məsum Rəsulovun, müsadirəsi nəzərdə tutularaq "Azərterminalkompleks” Birliyində saxlanılan müxtəlif adda siqaret məhsullarını Silahlı Qüvvələrimizin düşmənlə təmas xəttində xidmət edən hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə deyil, şəxsi münasibətdə olduğu əməkdaşına müvafiq tələblərdə rəsmiləşdirmə aparılması ilə bağlı qanunla müəyyən edilmiş prosedur qaydaları pozmaqla təhvil verərək külli miqdar dəyərində siqaret məhsullarının təyinatı üzrə çatdırılmaması nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib”, – deyə rəsmi açıqlamada qeyd olunur.

Məlumatda istintaq-əməliyyat tədbirlərinin hələ davam etdirildiyi vurğulanıb.

Saxlanılan şəxslərin ikisi – Ehtiram Xəlilov və Məsum Rəsulov gömrük xidməti general-mayoru rütbəsini daşıyır.