DTX: “Xocavənddəki terrorda şübhəli bilinən şəxslər saxlanılıb”
25-09-2023 12:31 / Bu xəbər 795 dəfə oxundu
Qarabağın erməni sakinlərinə müraciət edildi
Xocavəndin Tağaverd kəndində iki mülki şəxsin və dörd polisin həlak olması ilə nəticələnən terrorda şübhəli bilinən şəxslərin saxlanıldığı qeyd olunur.
Bu açıqlamanı sentyabrın 25-də Dövlət Təhükəsizlik Xidməti (DTX) yayıb.
DTX həmin şəxslərin sentyabrın 20-də saxlanıldığını bildirib.
DTX eyni zamanda, Qarabağ bölgəsinin erməni sakinlərinə müraciət edib.
Müraciətdə Qarabağ iqtisadi rayonuna daxil olan rayonların ümumi inkişafına, eyni zamanda, erməni əhalinin rifahına, sülh şəraitində Azərbaycan cəmiyyətinə reinteqrasiyasına, sosial və humanitar məsələlərinin həll edilməsinə, qanunçuluğun, sabitliyin və ictimai təhlükəsizliyin qorunmasına təhdid yaradan əməllərdən, əmlakların, sənədlərin məhv edilməsi və sair bu kimi qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qısa müddətdə onlarda olan silah-sursatı təhvil verməyə çağırış yer alıb.
"Silahları təhvil vermiş və Azərbaycanın müvafiq qanunvericiliyinin tələblərinə əməl edən erməni millətindən olan şəxslərin hüquq və azadlıqlarının qorunmasına tam təminat verilir”, – deyə DTX müraciətini tamamlayıb.
Əməliyyatların başlanmasında məqsəd nədir?
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.
Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.
Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu "Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.
Münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edir.